Jurnalist Zöhrə Əliyevanın  65 illiyi  qeyd olundu
17 oktyabr 2025 16:40 (UTC +04:00)

Jurnalist Zöhrə Əliyevanın 65 illiyi qeyd olundu

0

Əməkdar mədəniyyət işçisi Zöhrə Əliyevanın 65 illik yubileyi keçirilib.

Azərbaycan Mətbuat Şurasında filologiya üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi, “Mədəniyyət/Culture” jurnalının baş redaktoru Zöhrə Əliyevanın 65 illik yubileyi ilə bağlı toplantı keçirilib.

Şuradan Lent.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid yubilyarın həyat və yaradıcılığı barədə məlumat verib. Zöhrə Qulamhüseyn qızı Əliyeva 1960-cı il oktyabrın 16-da  ziyalı ailəsində dünyaya gəlib. 1978-ci ildə M.F. Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutuna daxil olub, 1983-cü ildə təyinatla Şamaxı rayon Qaravəlli  kənd orta məktəbində müəllim işləyib, paralel olaraq “Yeni Şirvan- Novıy Şirvan” rayon qəzetinin müxbir-tərcüməçı vəzifəsini yerinə yetirib. 1985-1994-cü illər ərzində Azərbaycan Teleradio Verilişləri Komitəsində radionun  İncəsənət  və Radio teatrı şöbəsində böyük redaktor kimi çalışıb. Zöhrə Əliyevanın daha sonra AzTV və “Lider TV”də neçə-neçə verilişin redaktoru, müəllifi və aparıcısı olduğunu qeyd edən R.Məcid onun incəsənət xadimləri haqqında hazırladığı verilişlərin televiziyanın “Qızıl fond”unda saxlanıldığını bildirib, yubilyarın Ümummilli lider Heydər Əliyev haqqında görkəmli mədəniyyət xadimlərindən aldığı müsahibələrin, müəllifi olduğu filmlərin dəyərindən bəhs edib. R.Məcid müxtəlif vaxtlarda pedaqoji fəaliyyətlə məşğil olan, eyni zamanda müxtəlif qurumlarda məsul vəzifələrdə çalışan Z.Əliyevanın media və mədəniyyət sahəsində ali mükafatlara, o cümlədən, “Humay”, Həsənbəy Zərdabi adına, “Qızıl qələm” mükatlarına layiq görüldüyünü vurğulayaraq, yubilyarı işinə, sənətinə həmişə peşəkarcasına yanaşan həmkar kimi dəyərləndirib, ona şuranın diplomunu təqdim edib.
MŞ İdarə Heyətinin üzvü, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov Zöhrə Əliyevanın peşəkar, daim yeniliklər axtarışında olan jurnalist olduğunu, rəhbərlik etdiyi “Mədəniyyət/Culture” jurnalının milli jurnalistikamıza və mədəniyyətimizə böyük töhfələr verdiyini bildirib.
MŞ İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli yubilyarın televiziyadakı fəaliyyətindən bəhs edib, xatirələrini bölüşüb. Q.Məhərrəmli yubilyarın jurnalistikanın bu sahəsinə yeniliklər gətirdiyini də vurğulayıb.
Z.Əliyevanın müəllimi olmuş professor Flora Naci tələbəsinin yaradıcılıq istedadından söz açaraq, onun həmişə digərlərindən seçildiyini, tələbəsinin həyatda və yaradıcılıqda qazandığı uğurlarına həmişə sevindiyini və fəxr etdiyini bildirib.
Şair Seyran Səxavət Zöhrə xanımın atası – filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin araşdırmaçısı, mərhum Qulamhüseyn Əliyevin başladığı işi layiqincə davam etdirdiyini, çalışdığı bütün sahələrdə daim öndə olduğunu, böyük uğurlar qazandığını söyləyib.
Toplantıda çıxış edənlərdən MŞ Ahıl Jurnalistlər Birliyinin sədri Tahir Aydınoğlu, professorlar İlham Rəhimli, Sevinc Zeynalova, Zümrüd Dadaşzadə, Məsmə Qazıyeva, Asif Rüstəmli, Akif Azalp, əməkdar jurnalistlər Zemfira Məhərrəmli, Əntiqə Qonaq, Qafqaz Müsəlmanlar İdarəsi sədrinin müavini Qəmər Cavadlı, musiqişünas Turan Məmmədəliyeva, xalq şairi Nəbi Xəzrinin oğlu Arzu Babayev, ASAN Xidmətin mətbuat katibi Elnur Niftəliyev, “Millenium” turizm  şirkətinin rəhbəri Ruslan Quliyev, şair-naşir Nəzakət Məmmədli, jurnalistlər Etibar Cəbrayıloğlu, Afət İslam, Vasif Ayan, Qurban Cəbrayıl, musiqişünas Züleyxa Abdullayeva, qəzəlxan-şair Mahcamal Babayeva, bacısı İradə xanım və başqaları Z.Əliyeva haqqında dəyərli fikirlərini və xatirələrini bölüşüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 356

Oxşar yazılar