Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Bülbül Vokal Məktəbinin təşkilatçılığı ilə keçirilən IV Azərbaycan Vokalçıları Festivalı çərçivəsində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Xalq artisti Sevinc İbrahimovanın konsert proqramı baş tutub.
Bu barədə Lent.az-a Gəncə Dövlət Filarmoniyasından məlumat verilib.
Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin müşayiəti, Xalq artisti Rafael Bayramovun dirijorluğu ilə ifaçı Ü.Hacıbəylinin “Koroğlu” operasından Nigarın, “Arşın mal alan” operettasından Asyanın ariyalarını, Fikrət Əmirovun "Ulduz", "Azərbaycan elləri" romanslarını, K.Qlyukun “Paris və Yelena” operasından Parisin ariyasını, J.Bizenin “Karmen” operasından “Xabanera”nı, R.Şuman “Lotos”, Ç. A. Biskio “Mamma”, F.Obradors “El Vito” əsərlərini təqdim edib.
Xalq artistinin Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova ilə birgə F. Bədəlbəylinin “Ave Mariya” dueti, solistlər Rüstəm Cəfərov və Elmir Pişnamazovla ifaları böyük rəğbətlə qarşılanıb.