İlk əri onu şikəst etdi, ikincisi “çərləyib öldü”, dünyanın bəxtsiz gözəli - Sönən ulduzlar
15 iyul 2022 18:58 (UTC +04:00)

İlk əri onu şikəst etdi, ikincisi “çərləyib öldü”, dünyanın bəxtsiz gözəli - Sönən ulduzlar

Bu dəfəki sönən ulduzumuz gözəlliyini, karyerasını, gəncliyini eşqinə qurban verən qadındır. Bir zamanların gözəllik ilahəsi Zinət Aman. İndi 72 yaşı olan və hələ də keçmiş gözəlliyinin izlərini daşıyan məşhur hind aktrisası Zinət  Aman 1951-ci ildə Mumbayda anadan olub. Doğma atası hind filmlərinə ssenari yazan bir nəfər idi və Zeynəb onu xatırlamır. Atasını çox erkən itirmişdi. Anası ikinci dəfə  bir almanla ailə qurur və atalığının Zinətin həyatında çox böyük rolu olur.

Ögey atasının mədəni və intellektual olması Zinət üçün bir sıra imkanlar açıb. Zinəti ABŞ-a oxumağa göndərilib. Burada o fotomodel kimi də fəaliyyət göstərib. 1970-ci ildə Zinət Aman "Miss Hindistan" gözəllik müsabiqəsində 3-cü yeri tutur. Bununla o, öz ölkəsini "Miss Asiya" beynəlxalq gözəllik müsabiqəsində təmsil etmək hüququ qazanır. Bu müsabiqədə Zinət Aman birinci yeri tutur və Hindistana bu müsabiqədə qələbə gətirən ilk şəxs olaraq ölkə tarixinə düşür. Bundan sonra Zinət kinoda çəkilməyə başlayır. 

Zinət Amanın kino karyerasında 80-dən çox film var. Bizim tamaşaçılar onu daha çox "Əbədi məhəbbət nağılı", "Samrat", "Qədim məbədin xəzinəsi", "Üç muşketyor kimi" filmləri ilə tanıyırlar.

Zinət Amanın SSRİ ilə Hindistanın birgə çəkdiyi "Əlibaba və qırx quldur" filmindəki rolu, "Xattuba" hit treyki bu gün də sevilir.

Zinət Amanın özünə xas üslubu onu 15 il  hind filmlərinin zirvəsində saxladı.

Zinət dövrünə görə inqilabçı sayıla bilərdi. Onun yaratdığı hind qızları cazibədar, asi, ehtiraslı idilər. Zinət Hindistanın seks simvoluna çevrilmişdi. Amma bu gözəlliyə göz dəydi sanki, hər şey faciəvi şəkildə yarımçıq qaldı.

Zinəti sevən, onunla ailə qurmaq istəyənlər çox olsa da o, evil və uşaqlı olan aktyor Sanjan Xana könül verir. Azərbaycan tamaşaçı bu şəxsi "Abdullah" filmindən tanıyır. Həmin filmdə də Zinət Amanla Sanjan Xan ər-arvad rolunu ifa edirlər.

Sanjay Zinəti ikinci xanımı olaraq qəbul edir. Zinət sevgisi müqabilində ərinin qisqanclıqlarına, söyüşlərinə, hətta  dəfələrlə  onun tərəfindən döyülmələrə dözür. Bir gün Sanjanın birinci arvadı Zarina Zinət Amanın evinə gələrək onunla dalaşır.

Bundan sonra Sanjay da Zinəti vəhşicəsinə döyür. Bu zərbələrin nəticəsində isə Zinət sağ gözündən ağır zədə alır. Bir-neçə dəfə əməliyyat olunsa da, bu zədəni aradan qaldırmaq mümkün olmur. 

Bu hadisədən sonra Zinət  ərindən ayrılır. Sanjay Xan isə Zinətdən heyf almaq məqsədilə mediaya belə bir açıqlama verir ki, o, Zinəti başqa bir kişi ilə əlaqə qurduğu zaman tutub və buna görə onu döyüb. Aradan 4 il keçir və Zinət Aman ikinci dəfə ailə qurur. Tanınmamış kasıb bir aktyor olan Məzhər Xanla.

Bu nikah 12 il sürür. Zinətin iki oğlu - Azaan və Zaxaan dünyaya gəlir. İkinci əri Zinəti həqiqətən sevir və hörmət edirdi. Lakin Zinətin kinoya qayıtmaq istəyi bu evliliyi sonlandırır. O, birinci evliliyi zamanı çox sevdiyi şəxsə görə verdiyi qurbanları təkrarlamaq istəmir. 1998-ci ildə ailə dağılır.

Ailənin dağılmasından az keçmiş qaraciyər serrozuna tutulan Məzhər Xan vəfat edir. Bu dəfə də Zinət  ərinə görə şiddətə məruz qalır. Onu ərini çərlədib öldürməkdə günahlandırırlar. Məzhər Xanın yaxın qohumları, eləcə də 11 yaşlı oğlu Zinət Amanı döyür. Amma Zinət ayrılsa belə ərinin bütün müalicəsini öz üzərinə götürmüş, onu Avropaya müalicəyə aparmış, keçmiş ərinin həyatı üçün mübarizə aparmışdı. Məzhər Xanın yaxın qohumlarının təkidi ilə böyük oğlu evdən ayrılır. Bax beləcə milyonlarla kişinin ürəyini fəth edən qadın əbədi tənhalığı seçir. Zinət Aman daha filmlərə çəkilmir, hərdən öz ölkəsində şou proqramlara çıxır. Verdiyi müsahibələrdən birində ikinci bir şansı olsaydı yenə də aktrisa olmaq istəyəcəyini dilə gətirib. Çünki sevdiyi insanlar üçün etdiyi fədakarlıqların hamısı boş zəhmətdən başqa bir şey olmadı. Minlərlə kişi onun gözəlliyinə aşiq oldu. O isə sevdikləri tərəfindən istədiyi sevgini ala bilmədi. Həyatındakı bütün kişilər, hətta öz oğulları  belə ondan üz döndərdilər.

# 6078
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar