Sevinc Sarıyeva, əməkdar artist
02 mart 2021 20:15 (UTC +04:00)

Sevinc Sarıyeva, əməkdar artist

Əməkdar artist: “Atamın damarına neft vurmuşdular, sinəsinə xaçla dağ çəkmişdilər...” – “Müharibə olmasaydı”

Müharibə həyatımızda elə iz qoydu, elə köklü dəyişikliklər etdi ki, bir ömür boyu bəlkə də “müharibə olmasaydı, belə olardı, elə olardı...” deyəcəyik. Bəlkə daha yaxşı olardı, bəlkə pis olardı... Kim bilir?...

Lent.az-ın “Müharibə olmasaydı...” layihəsində müharibənin həyatına birbaşa, yaxud dolayısıyla təsir göstərdiyi, həyatını dəyişdiyi insanlarla həmsöhbət olacağıq.

Sevinc Sarıyevadır budəfəki həmsöhbətimiz – səsində Kəlbəcər dağlarının havasını, qəlbində müharibənin ağrı-acısını daşıyan, müharibə üzündən həyatı alt-üst olan xanəndəmiz...

- Müharibənin özünün atəşinə düşməsəniz də, onun dalğasının ağuşuna düşdüyünüzdən xəbərdaram. O ağrı-acının harasından ürəyiniz istəyir, ordan başlayaq...

- O qədərdi ki... hansını deyəsən? Ən ağrılısı yurd həsrətidir. Həsrətində olduğun yerlərə gedə bilməməyin ağrısı çox ağır olur. Onu daha çox ölkədən kənarda yaşayanda daha çox hiss edirsən, adamın burnunun ucu göynəyir. Mən 3 il Fransada yaşamışam. İlk dalğa ora atdı məni. Müqaviləm vardı, 2001-dən  müqavilə ilə gedib-gəlirdim, Leon konservatoriyasında ustad dərsləri verirdim muğamdan. Sonra gedib-gəlmək çətin oldu, dedilər qal. 2003-cü ildən 3 il qaldım orda. Muğamı, xalq mahnılarımızı öyrətdim tələbələrə. Qəşəng ev vermişdilər mənə.

Sonra ana olmağa hazırlaşdığım üçün qayıtmalı oldum. Onların qanunlarına görə, uşaq orda dünyaya gəlsəydi, Fransa vətəndaşı olacaqdı. Dedilər, ola bilər, daimi qalasan burda. Veriliş də hazırlayırdım televiziyada – Azərbaycan mətbəxi, mədəniyyəti, folkloru barədə. Samovar qoyurdum, qonaqlarım olurdu, çox səmimi veriliş idi. Burda bizim telekanallarda onu reallaşdırmaq istədim, dedilər o bizə reytinq gətirməyəcək. Fransadan Avropa ölkələrinə turne keçirdim. Macarlarla bizim ortaq dəyərlərimiz var - bunu kəşf etdim o vaxtlar. Gündə iki saat konsert verirdim Avropa ölkələrində. Tamaşaçılarım hamısı xarici vətəndaşlar olardı.

Fransanın Tunis şəhərində ermənilər çoxdur. O lənətə gəlmişləri görəndə tamam başqa hisslər oyanır məndə - atamın xaçla dağlanmış sinəsi gəlir durur gözlərimin qarşısında.  

Ayda iki dəfə konsertim olurdu o şəhərdə Tunis teatrı ilə Leon konservatoriyasının  müqaviləsi əsasında. Zalda əksəriyyəti erməni olurdu. Bir dəfə bir tamaşaçı xahiş etdi ki, çıxım sizinlə oxuyum. Çıxdı oxudu, gördüm ki, ermənidir. Orda bizi oxşadırlar, deyirlər, qafqazlılar bir birinə oxşayır. Dedim yox, bizim oğlanlar qamətli, cüssəli olurlar, bunlar gödək və çiyinləri bükükdü. Bizim üzümüzdə nur var, bunlarda yoxdur. Mən dərhal tanıyıram onları. Çıxdı təxribatçılığını etdi “Sarı gəlin”i, “Ay, Laçın”ı oxudu. Dedi ki, bu mahnılar bizdə çox məşhurdur. Dedim, bu ikisi də bizim xalq mahnımızdır, mahnıların tarixçəsini də danışdım. Yerdən ermənilər qalxdı ayağa, etiraz etdilər xorla. Azərbaycanlı az idi, amma səfirliyimizin nümayəndələri orda kömək etdilər mənə.

Sonra getmək istəmədim Tunisə, dedilər müqaviləni poza bilmərik, dedim o zaman mənim təhlükəsizliyim üçün erməni tamaşaçı olmasın zalda.

Onlar da etiraz etmişdilər məsələ ilə bağlı, demişdilər ki, bizim qonağımızdı, heç kim təxribat sala bilməz. Universitetin rektoru araşdırıb məsələni, özü mənə dedi ki, bu mahnı sizin mahnı imiş, onlar təxribat salmaq istəyiblər.

Sevinc Sarıyeva, əməkdar artist

- Həqiqətə vardılarmı?

- Hə, maraqla araşdırıb tapdılar həqiqəti. Mən də öz verilişimə burdan ora musiqişünas dəvət etdim - Nailə Rəhimovanı. Milli Konservatoriyada müəllimim olub, bildim ki, dəlil-sübutu var, sübut edəcək musiqinin bizə məxsus olduğunu. Xüsusən “Sarı gəlin” mahnısına görə onun başı çox çəkib. Özüm dəvət etdim, sağ olsunlar fransız musiqiçilər, dedilər dəvəti biz göndərək, sizin evdə qalar.   

Bir var mən danışam musiqi barədə, bir var onu araşdırıb elmiliyini, tarixiliyini bilən və sübut edə bilən danışa. Mətbuatı da dəvət etmişdim, hamısı işıqlandırdı mövzunu. ““Sarı gəlin” Azərbaycandan gəlir” başlıqlı yazılar getdi mətbuatda.

- Sizin həyatınıza müharibə birbaşa təsir edib, həyatınızı dəyişib – atanız əsir düşüb, yurd-yuvanızdan didərgin düşmüsünüz. Müharibədən əvvəlki həyatınıza qayıdaq?

- 80-ci illərin sonu, 90-cı illərin əvvəli idi. Ermənilər yüz cür fitnə-fəsad törədirdilər, biz hələ inanmırdıq müharibə olar, bunlar hücum edər, bizi qırarlar. Axı, bir yerdə qaynayıb-qarışmışdıq, qohumlaşmışdıq. Mənim qonşumun mənə güllə atacağı ağlımıza gəlməzdi.

88-ci ildə Asəf Zeynallı adına musiqi məktəbinə imtahan verdim, kəsildim. Allah rəhmət etsin, bəstəkar Süleyman Ələsgərov gördü dəhlizdə qısılıb küncə ağlayıram. Yaxınlaşdı ki, niyə ağlayırsan? Dedim, kəsilmişəm. Hansı məktəbdən gəlmisən? Dedim, Ağdam Xan Şuşinski adına musiqi məktəbindən. Nədən kəsildin? Rus dilindən - dedim.  

Xan Şuşinski adına məktəbin direktorunu soruşdu, Rafiq Hüseynovun yetirməsisən? Dedim, bəli. Moskva telemarafonunda iştirak edənlərdəsən? Dedim bəli, mənəm, 1986-cı ildə iştirak etmişəm. Apardı məni evinə, Ağgül xanım qəşəng kətə bişirmişdi, yedirtdilər məni.

- Eşitdiyimə görə, Ağgül xanım qəfil qonağa adətkərdə olub, Süleyman müəllimin sayəsində?

- Hə, mən də şahidi oldum ki, elədi. Ağgül xanım da məni Rafiq müəllimin məktəbindən tanıdı, dedi orda görmüşəm. Ac vaxtım idi, kətənin dadı indiyə qədər damağımdadır.

Sonra apardı məni Asəf Zeynallı adına musiqi məktəbinin hazırlığına yazdırdı. Bir il oxudum, çox əziyyət çəkdim. Anam həddən artıq mühafizəkar qadındır. Qəbul edə bilmirdi mənim səhnə adamı olmağımı. Qohum-əqrəba qınayıb bunu ki, qız hara, oxumaq hara, səhnə hara. Anam mənə pul da göndərmirdi, imkanımız ola-ola. Özüm toylara gedib öz xərcimi qarşılayırdım. Toylara getməyimi də eşidib, lap qızışdırıblar anamı. Atam heç nə demirdi, anam amma sakitləşmirdi.

Bir il sonra qəbul imtahanı vaxtı anam gəl gir müəllimin yanına, de ki, onu qəbul etməyin, qoymayacam oxusun. 

Mən ilk qaval vurub oxuyan qadın xanəndə idim, özüm Tacikistandan gətirmişdim. Süleyman müəllimin çox xoşuna gəlirdi mənim qavalla oxumağım. Anam götürdü məni, apardı rayonda. Arxamca hamı heyfsiləndi. O vaxt Gülyanaq Məmmədova, Nəzakət Teymurova indiki qaymaq oxuyanlar bir yerdə sənəd vermişdik. Məni anam apardı, onlar qəbul oldular. 

Qarşıma məqsəd qoymuşdum, çəkilən deyildim yolumdan. 1991-ci ildən Ağdamda rəhmətlik Şahmalı Kürdoğlu ilə toylara getməyə başladım. Müharibə artıq başlamışdı, çətin illər idi.

Həmin il yenə qəbula gəldim, ixtisasdan keçdim. Test imtahanı hələ yubanırdı, artıq testlə götürülürdü imtahan. Qayıtdım rayona ki, test vaxtı gəlib verərəm.

Testə qədər kəndimiz - Ağdamın Mərzili kəndi işğal olundu. Dəfələrlə o kəndi tərk edib, yenidən qayıtmışdıq. O qədər qiymətli əşyalarımız qaldı ki, inanmırdıq qayıtmayacağıq, inanmırdım talan olar yurdumuz.

Ergi düzündə məskunlaşmışdıq. Gözləyirdik ki, qayıdarıq kəndə. Ermənilər giriblər kəndə, talan ediblər, xəbərimiz yoxdur.

Atam 1941-45 müharibəsini yaşamış adam idi. Çörək qədri biləndi, çox zəhmətkeşdi. Qarışqaları müşayiət edib deyirdi ki, biri yük daşıyır, o biri qarışqa gəlib ona kömək edir. Kaş, deyir, insanlar da belə olaydı.

Ergi düzündə əsgərlərimiz yuxarıda posta dururdular. Atam bizə yeməyi də, çörəyi də artıq hazırladırdı. Götürüb aparırdı əsgərlərə. O vaxt da bolluq idi, hər şey torpağımızdan çıxırdı, əkirdik-becərirdik. Ərzaq korluğumuz yox idi, elə 2 min qoyunumuz, 20 baş mal-qaramız vardı. Qazan-qazan yemək aparırdı atam əsgərlərə, gecə aparırdı ki, görən olmasın. Sən demə, ermənilər bunu görür.

Bir gün gündüz vaxtı xəbər gəldi ki, atamı mal-qarası ilə bir yerdə ermənilər götürüblər. Xalamın yoldaşı atın üstündə, gözləri qan çanağına dönüb əsəbindən, gəldi ki, qağanızı apardılar. Hara, kim, necə yəni apardılar? Dedi, ermənilər qatıblar maşınlarının qabağına, mal-qarasını da aparırdılar. Atam deyirdi, erməni mənim çörəyimi yeyib, məni öldürməz, sərbəst gedib çöldə mal-qarasını otarırdı.  

Hamımız qaçdıq, kənd camaatı tökülüb arxamca, çadırlı maşının arxasında atamın başının üstündə əli silahlı dayanıb. Əsgərlər məni tutub saxlayıb, qışqırıb özümdən getmişəm.

Sonra anam dedi ki, burdan çıxmalıyıq, təhlükəlidir. Qorxumuz yox idi, hər iş görüb, bərkimişdik. Ərşadın qızlarının ot biçməyindən hamı danışardı, bircə qardaşımız olub, bizdən balaca, ona görə atamın köməyi olmuşuq. Evimizi belə öz əllərimizlə tikmişdik.

Ən ağır günlərimiz atamın əsir düşməsindən sonra başladı. Çıxmadıq ordan, dedik, atamı burdan xilas etməliyik. İki il belə keçdi, mən də imtahana gedə bilmədim, yalnız atamın xilası üçün çalışırdıq. Dayılarımın əl atmadığı yer, variant qalmadı.

1920-ci ildə atamın əmisinin başını erməni kəsib, yetim olduğu üçün çörək verib böyütdüyü erməni. Adını da əmim qoyubmuş - Qara. Bizimkilər onun qısasını alıblar. Sən demə, bu hadisələr hamısı onların yadında, heç biz bilmirdik, sonralar danışıb atam bunları bizə. Deyir, məni dedilər ki, sənin əminə görə dörd erməni öldürülüb, özü də ana babam alıb qisası, yəni atamın qayınatası. Onların da qohum-əqrəbası səndən qisas alacaq deyiblər. 

Dörd erməninin əshabələri gəlib hərəsi bir dəfə atama işgəncə veriblər. 60 yaşlı kişinin başına açmadıqları qalmayıb.

Dayımdan çəkinirdilər, bütün tərəkəmə əhli tanıyır dayımı - Binnət oğlu Hüseyni.

Onun bütün etdiklərinin qisasını atamdan alıblar. Dayım çox çalışdı atamı xilas etmək üçün.

Anam bizə qarşı mühafizəkar, qəddar olsa da çox güclü qadındır. Dedi bizə ki, qorxmayın, atanızı qurtaracam əsirlikdən. Atamıza çox bağlı idik, dərdimiz onunla bölüşərdik. Heç kimə pisliyi keçməyib, çörəyini hamı ilə bölən adamdır.

Bir erməni azıb keçmişdi biz tərəfə, onu bir müddət evimizdə saxladıq, heç kim bilmədi. Bilsəydilər, Qaradağlıdan əsirlik görmüş qadınlar vardı, sağ-solumuzda, onu sağ qoymazdılar. Biz onu saxlayırdıq ki, atamla dəyişək.

Atamı səkkiz erməni, üstəlik də küllü miqdarda pula dəyişdik. Dayım Xocavənddəki ermənilərin polis rəisi Joriklə danışmışdı. Demişdi ki, yalnız qaçmağına şərait yarada bilərəm, dəyişmək-sağ qaytarmaq mümkünsüzdür. Elə gecə ilə şərait yaradıblar, atam qaçıb, bir-iki qadını da özü ilə çıxardıb atam. Yolda arxadan vurmuşdular qadının birini, boynun arxasından tutmuşdu. Donuzlarla bir yerdə saxlayırmışlar atamla o qadınları.

Sağ yeri yox idi atamın. Dinib danışmırdı. Ölümünə yaxın açdı danışdı hamısını. Həkim deyirdi danışdırmayın, danışdıqca yenidən yaşayır. Xəstə idi, nəfəs yollarında problem vardı. Qayıdanda Beyləqanda yaşadığımız evin divarlarını öpə-öpə girdi içəri-heç öz evimiz deyildi e...

Atamı dilə tuturmuşlar ki, məktub yaz, yer deyək, övladlarını çağır, gəlib səni aparsınlar, atam razı olmayıb.

Bədəninə solyarka vurmuşdular atamın, sinəsinə qızdırılmış dəmirlə xan basmışdılar, digər orqanlarını sıradan çıxartmışdılar. Atam cəmi iki il yaşadı, heç vaxt sinəsini açmadı. Hər axşam altlarına, torpağa su vururmuşlar.

Gəldim yenə Süleyman Ələsgərovun yanına, dedi testi keç, qızım, narahat olma. Hamı artıq tanıyırdı məni konservatoriyada. 1997-ci ildə qəbul olundum, həmyaşıdlarım qurtarmışdı artıq. Anam da yumşalmışdı. Şadlıq evində işə də düzəldim, həm oxudum, həm işlədim. Dədə Şəmşirdən oxumağım işə düzəlməyimə kömək oldu. Atam Dədə Şəmşiri əzbər bilirdi.

 

Sevinc Sarıyeva, əməkdar artist

Əsirlikdə bir gün oxuyub öz-özünə:

Könül, aşiqisən, dolan, yorulma,

Hey başına, ayağına vətənin.

Bu cənnətdən qeyri yana vurulma,

İsin isti ocağına vətənin.

Axırda deyir ki,

Qoy güllə xainin gözünə dəysin,

Şəmşirin söz oxu üzünə dəysin,

Daş atanın daşı özünə dəysin-

Toxunmasın dırnağına vətənin.

Ermənilər eşidib bunu, gəlib özündən gedincə döyüblər atamı.

Ağdamlı olsaq da əsas məskənimiz olub, uşaqlığım İstisuda keçib. Bu saat gözüyumulu gedərəm ora. Alaçıqda yatırdıq, səhər dururduq, dağın döşündə kəkotunun ətri vururdu bizi. Elə yaylaqlarda böyümüşük. Kəlbəcərlilər məni özününkü bilirlər. Nəyə gətirirdim, çox kitab oxuyardıq o yaylaq vaxtları. İki günə bir kitabı bitirirdik. Kitab almaq, tapmaq da çətin idi. Şeir, qəzəl, roman deməzdik. Ona görə də qəzəlləri yaxşı bilirəm. İndiyə qədər kitab qoxusu mənə zövq verir.

- İndi harda işləyirsiniz?

- İşləyirdim, Fransaya gedəndə çıxdım işdən. Bu ildən Asəf Zeynallıda dərs deyəcəm.  

Sevinc Sarıyeva və Ramilə Qurbanlı

- Müharibə belə dəyişib həyatınızı, olmasa necə olardı, heç düşünmüsünüz?

- Sənətimdə daha yüksəkdə olardım, həmyaşıdlarımla bərabər. Xudu Məmmədovun “İlmələr üzərində musiqi” mövzusunu götürüb müdafiə etmək istəyirəm, onu indi həyata keçirmiş olardım. Qohumumdu Xudu Məmmədov, amma qohum kimi yox, şəxsiyyət kimi sevirəm onu.

- Ailə qurmağınız necə oldu?

- Öz tərəflərimizdəndi, Qubadlıdan. Musiqini, sənəti sevən adamdı, işlədiyim şadlıq evində işləyirdi, ayırmadı məni işimdən. Nisgilli vaxtlarımızdı, dərd birləşdirdi bizi, mən də çox ağrılı, yanğılı oxuyurdum. Sonralar elə oxumadım, indi daha alovlu, mübariz ruhlu oxuyuram, o vaxtlar nisgilli oxuyurdum. Düzdür, mübarizəmiz bitməyib, amma nisgilli, hüznlü olmayacağıq daha. Biz indi müstəqil dövlət kimi özümüzü doğrulduruq.  Hələ olacaqlar qarşıdadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16995
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar