Eldəniz Zeynalovun  yas macəraları   - O, mollalardan nə tələb edirdi?
08 yanvar 2024 12:18 (UTC +04:00)

Eldəniz Zeynalovun yas macəraları - O, mollalardan nə tələb edirdi?

Lent.az “Ömrün bir anı” rubrikasında məşhurların həyatından maraqlı anları paylaşmaqda davam edir.

Bu gün aktyor Eldəniz Zeynalovla Mikayıl Mirzənin xatirələrini təqdim edirik.

Rəhmətliklər Eldəniz Zeynalovla Mikayıl Mirzə rayondan qastroldan gəlirmişlər. Yolda maşını saxlayıb yemək üçün bir restorana girirlər. Mikayıl Eldənizə deyir: “İçki olmayacaq, çünki həm maşın sürürəm, həm də aktyor İlham Əhmədovun atasının yas yerinə getməliyəm”. 

Eldəniz əvvəl razılaşır, yemək gələndə isə dözmür, içki istəyir və sərxoş olana qədər içir. Şəhərə çatanda deyir ki, mən də yasa gedirəm, getməsəm olmaz. Mikayıl ondan xahiş edir ki, məclisdə sakitcə otursun, sərxoş olduğu bilinməsin.  

Eldəniz razılaşır. Girirlər mağara. Eldəniz şərti unudur, məclis əhli ilə “Qədeş, salam, nə var, nə yox?” eləyə-eləyə bir-bir görüşüb-öpüşür. Baş tərəfə çatanda molla ilə də öpüşür. Molla onun kefli olduğunu görüb başlayır içkinin ziyanları barədə moizə oxumağa. Eldəniz də hər dəfə dartınır ki, durub mollaya cavab versin, amma Mikayıl qolundan çəkib sakitləşdirir. Elə bu vaxt molla deyir: “Böyük şair Sədi Şirazi də içki haqda...”

Bu məqamda dözməyən Eldəniz yerindən qalxıb üzünü mollaya tutur: “Alə, qələtivü elə “Yasin”ivü oxu. Şeir demək lazımdırsa, yanımda bu boyda sənətkar oturub. Mikayıl Mirzədən yaxşı şeir deyən çıxıb mənimçün...”

***

Eldəniz Zeynalovun yas macəraları bununla bitmir.

Bir dəfə aktyor soyuq qış günündə uzaq qohumlarından birinin dəfn mərasimində iştirak edir. Kəskin şaxtalı hava, bir yandan sulu qar yağır. Eldəniz də möhkəm üşüyür, amma molla “Yasin” oxumağa başlayıb, dua bitmir ki, bitmir.

Eldəniz soyuqdan donan ayaqlarının birini qoyub, birini götürür, səbri daşır, hündürdən deyir: “Qədeş, bu duanın “zimnisini” oxu da, qırıldıq batdıq ki, burda”.
 

# 10341
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar