Cadılar bayramı  nədir və necə yaranıb?
31 oktyabr 2024 18:02 (UTC +04:00)

Cadılar bayramı nədir və necə yaranıb?

Hər il oktyabrın 31-də qərb dünyası Cadılar bayramını qeyd edir. Bayram artıq ölkəmizdə də qəbul olunub və dəbə düşüb. “Halloween” sözü “All Hallows Eve” sözündən gəlir və mənası “müqəddəs axşam” deməkdir. Uşaqdan böyüyə hər kəs tərəfindən sevilən bu bayramın meydana gəlməsinin çox maraqlı tarixi vardır.

Lent.az “Belə yarnıb” rubrikasında bu bayramdan bəhs edir.

Dünyanın müxtəlif ölkələrində xüsusi şəkildə qeyd edilən “Halloween”  bayramında bayrama özəl balqabaqlar hazırlanıb bəzədilir, xüsusi kostyumlar seçilir, uşaqlara vermək üçün çoxlu konfetlər, şirniyyatlar alınır, bayramın simvolu kimi qara qüvvələrin rəmzi olan hörümçək toru, küpəgirən qarı, qara pişik, skelet şəkilləri çəkilir, marketlərdə adıçəkilən bayrama aid oyuncaqlar satılır, şirniyyatlar bu rəmzlərin formasında hazırlanır və s.

“Halloween” bayramının yaranması qədim kelt bayramı olan “Samayn”la əlaqəlidir. “Samayn” bütpərəstlərin bayramı idi. 2000 il əvvəl, əsasən, indiki İrlandiya, Böyük Britaniya və Fransanın şimalında yaşayan keltlər yeni illərini noyabrın 1-də qeyd edirdilər. Bu gün yazın sonu, qışın başlanğıcı olaraq görülürdü. Qışda insanların daha çox ölməsi ilə əlaqədar bu fəsli ölüm fəsli hesab edirdilər. Keltlər oktyabrın 31-nə keçən gecədə yaşayanlar və ölülər arasındakı qapının açıldığına və ölülərin ruhlarının yerə qayıtdığına inanırdılar. Bunun sayəsində də ölülərlə əlaqə saxlanıla bilinirdi. “Halloween” bayramında olan “haunted” çağırışlarının da səbəbi budur. Onlar evini ziyarətə gələn ruhlarla yanaşı, ziyanverici ruhların da gələ biləcəyindən narahat olaraq onları qorxudub qaçırmaq üçün qorxulu balqabaqlar hazırlayır və ya iyrənc makiyajlar edirdilər. Keltlər o biri dünyadan gələn bu ruhların həm də kahinlərin gələcək haqqında proqnoz verməsini asanlaşdırdığına inanırdılar. Bayram zamanı insanlar nəhəng tonqallar ətrafında toplaşaraq məhsulları və ya heyvanları yandırıb tanrılarına qurban verirdilər. Onlar bayram zamanı müqəddəslərə hörmət əlaməti olaraq heyvan başlarından və ya dərilərindən düzəldilmiş kostyumlar geyinirdilər.

Daha sonra Kelt torpaqları 400 il Roma İmperiyasının işğalı altında qaldı. Bu müddətdə romalıların 2 bayramı “Samayn” bayramı ilə birləşdirildi və bununla da bayram adətlərinə bir sıra əlavə və dəyişikliklər olundu. Məsələn, qadınların həyat yoldaşlarının kim olacağını görmək üçün alma dilimləri ilə fala baxması romalıların bayramlarından keçmiş bir adətdir. Bu bayram bütpərəstlərin bayramı olduğu üçün xristianlar onlara təsir edərək ənənələrini əritməyə çalışırdılar, hazırkı “Halloween” bayramında xristianlıq çalarlarının olmasının səbəbi də budur. Məhz xristianların təsiri sayəsində bu bayram daha da məşhurlaşaraq bütün dünyada xüsusi bir gün olaraq qeyd edilməyə başladı.

“Halloween” kökünü “Samayn” bayramından götürsə də, tarixən dəyişikliklərə məruz qaldı və təkamül nəticəsində müasirləşdi. Əvvəlki dövrlərin mistik ritualları daha yüngül əyləncə və oyunlara çevrildi. Məsələn, kostyumlar müqəddəslərə hörmət kimi başlasa da, hazırda yalnız əyləncə xarakterlidir. Bayram zamanı uşaqlar qorxulu kostyumlar geyinərək qapı-qapı gəzib şirniyyat və ya konfet yığırlar, ev sahibi heç nə verməyəndə isə qorxulu geyimləri ilə onlara hədə-qorxu gəlirlər. Statistikaya əsasən, ABŞ-da hər il satılan bütün konfetlərin dörddə biri “Halloween” üçün alınır.


* Bayrama özəl balqabaqlar hazırlanıb bəzədilir;
* Bayram günündə geyiniləcək xüsusi kostyumlar seçilir;
* Uşaqlara vermək üçün çoxlu konfetlər, şirniyyatlar alınır;
* Evlərin önü, mağazaların vitrinləri “Halloween” konseptində bəzədilir;
* Bu günü maraqlı şəkildə qeyd etmək üçün tədbirlər planlanır;
* Bayramın simvolu kimi qara qüvvələrin rəmzi olan hörümçək toru, küpəgirən qarı, qara pişik, skelet şəkilləri çəkilir, marketlərdə adıçəkilən bayrama aid oyuncaqlar satılır, şirniyyatlar bu rəmzlərin formasında hazırlanır və s.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3033
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar