“ Azərbaycan xalqına hər zaman qələbə arzulayırıq” - MÜSAHİBƏ –
31 may 2011 12:15 (UTC +04:00)

“ Azərbaycan xalqına hər zaman qələbə arzulayırıq” - MÜSAHİBƏ –

“Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycana qalibiyyət gətirən “Running Scared” mahnısının isveçli müəllifləri Stefan Örn və Sandra Byurman qalibiyyətdən sonra APA-ya müsahibə veriblər. Suallarımızı çox səmimi cavablandıran isveçli müəlliflər, bu qələbəyə görə Azərbaycan xalqını bir daha təbrik ediblər: “Azərbaycan xalqına hər zaman qələbə arzulayırıq. Bu bizi də çox sevindirdi və bu inanılmaz bir hiss idi. Sizləri təbrik edirik”.

- “Eurovision-2011” yarışmasında Azərbaycan təmsilçiləri məhz sizin müəllifi olduğunuz mahnı ilə qələbə qazandılar. Siz bu mahnının qələbə qazanacağına öncədən inanırdınızmı?

- Sözün əslinə qalqa, biz düşünürdük ki, keçən ilki “Drip drop” mahnısı kimi “Running Scared” də top beşlikdə olacaq. Ona görə də qalib gələndə hamı kimi bu nəticə bizim üçün də çox sürpriz oldu. Sevincdən ikimiz də atılıb düşürdük, qəlbimiz çox xoş hisslərlə dolu idi. Bu inanılmaz bir sevinc hissi idi və bu hissi heç nə əvəz edə bilməz.

- Eldar və Nigarın ifasında “Running Scared” mahnısı bütün Avropaya səs saldı. Mahnının müəllifləri kimi bu ifa haqqında nə düşünürsünüz?

- Bu qələbə məhz Eldar və Nigarın ifasının qələbəsidir. Düsseldorfda “Esprit Arena”da Eldar və Nigarın perfomansını görəndən sonra düşündük ki, bu duet qalib gələ bilər. Bu nömrə çox elegant və təmiz şəkildə həyata keçirilirdi. Gözəl geyimlər, yaxşı xoreoqrafiya, duet tərəfindən mükəmməl ifa, arxa fonda gözəl yağış effekti, daha sonra Eldar və Nigar səhnənin mərkəzində çox xoşa gəlimli görünürdü. Bu mükəmməl qalibiyyət perfomansı idi.

- Eldar və Nigar “Eurovision” müsabiqəsində qalibiyyət qazanmalarını nəyə borcludular?

- Eldar və Nigarın oxşar cəhətləri çoxdur. Əslində bir-birini bu qədər tamamlayan duet ortaqlarının qalibiyyət qazanmaması mümkün deyil. Həm Eldar, həm Nigar öz üzərində çox işləyir. Elə məhz bu çalışqanlıqları sayəsində birincilik qazandılar. Mahnı, perfomans öz yerində, ancaq bu biznesin bir xüsusiyyəti də var ki, burada yaxşı nəticələr əldə etmək üçün çox çalışmalısan və Eldarla Nigar da buna əməl etdikləri üçün birinci oldular.

- Artıq iki ildir ki, Azərbaycan sözügedən yarışmada məhz sizin mahnınızla təmsil olunur. Bəs, əməkdaşlıq etdiyiniz ölkədə olmusunuzmu? Ümumiyyətlə, Azərbaycan haqqında nə eşitmisiniz?

- Biz qalibiyyətdən bir gün sonra Azərbaycana gəlmək təklifi aldıq, ancaq gələ bilmədik. İsveçdə təxirə sala bilməyəcəyimiz işlər olduğu üçün İsveçə getməyə məcbur olduq. Ancaq ikimiz də söz veririk ki, tezliklə Bakıya gələcəyik və bu qələbəni Bakıda möhtəşəm şəkildə qeyd edəcəyik. Bu bizim ən yaxın planlarımıza daxildir. Araşı çox yaxşı tanıyırıq, biz elə onunla bir şəhərdə - Malmödə yaşayırıq. O həmişə Azərbaycan haqqında çox yüksək fikirlər söyləyir və çox razılıq edir. İnşallah, bunu gəlib öz gözlərimizlə görəcəyik.

- Qalibiyyətdən sonra sizə müəllif kimi Azərbaycandan hədiyyələr təqdim olundumu?

- Azərbaycandan bizə çox gözəl qara kürü verdilər. Qara kürünüz çox dadlıdır, ikimiz də bu daddan həzz aldıq.

- Eldar və Nigarla əməkdaşlığınız davam edəcəkmi və işbirliyi hansı çərçivədə həyata keçiriləcək?

- Əlbəttə, bu əmədkaşlıq davam edir, artıq biz yeni mahnılar yazmağa başlamışıq. Hazırda Eldar və Nigar üçün bir neçə yeni mahnı yazırıq, daha sonra nələrin baş verəcəyini görəcəyik. Planlarımız çoxdur və onlar üzərində işləyirik. Ell&Nikki ilə birgə yeni albom çıxarmaq fikrindəyik və hazırda da məhz o albom üçün mahnılar hazırlanır. Bu albom Eldar və Nigarın birgə albomu olacaq. Bu duet çox uzun müddət yaşayacaq.

- Gələcək illərdə Azərbaycanın “Eurovision” təmsilçiləri üçün mahnılar yazmaq fikrindəsinizmi?

- Sözsüz, Azərbaycanla əməkdaşlıq etmək bizə çox xoşdur. Azərbaycanla əməkdaşlığımız davam edəcək, ancaq bu sonrakı işdir.

- Maraqlıdır, İsveç də “Eurovision” yarışmasında təmsil olunur. Niyə bu müsabiqə üçün öz ölkə təmsilçinizə mahnı yazmırsınız?

- İsveç üçün də mahnılar yazıb göndərmişdim, ancaq bu mahnılar keçmədi. Ötən il Səfurə üçün yazdığımız “Drip Drop” mahnısı çox yüksək qiymətləndirildi. Ona görə biz qərara gəldik ki Azərbaycan üçün yenə də mahnı yazaq və yazdıq.

- Yəqin ki, eşitməmiş olmazsınız, qalibiyyətdən sonra Rusiya mətbuatında “Running Scared”in plagiat mahnı olduğu iddia edilir. Sizcə, bu cür hallar Azərbaycanın qalibiyyətinə dözümsüzlükdən irəli gəlir?

- Mütləq şəkildə hə. Bir məsələyə aydınlıq gətirmək istərdik ki, biz hər ikimiz də bəstəkarıq və onlar tərəfindən bu fikrin ortalığa atılması həqiqətən də gülməlidir. Bunların hamısı qalib olmağımızdan irəli gəlir, bunu həzm edə bilmirlər, o səbəbdən də bu cür şeylər uydururlar. Azərbaycan qalibdir və qələbə Azərbaycanındır!
# 523

Oxşar yazılar