“Qara arxeologiya”: dəfinə ehtirası, bənzərsiz hobbi, keçmişi satın almaq istəyi?... – REPORTAJ
28 aprel 2011 15:43 (UTC +04:00)

“Qara arxeologiya”: dəfinə ehtirası, bənzərsiz hobbi, keçmişi satın almaq istəyi?... – REPORTAJ

Hələ dünyanın təzə-tər, təbiətin bakirə vaxtlarında minlərlə insan, dəyəri adamın ağlını başından aparan dəfinə tapmaq eşqi ilə alışıb-yanırdı. İnsanlar var-dövləti başdan aşan hökmdarların, fironların, padşahların hardasa basdırılmış sərvətini ələ keçirməkdən ötrü yüzlərlə üsul fikirləşirdi. Əfsanəvi adalarda, mistik mağaralarda, bəlkə də mövcud olmayan torpaqlarda var olduğu ehtimal edilən dəfinələri tapmaq üçün nələr hazırlanmırdı ki? Ustalar nəhəng gəmilər quraşdırır, başbilənlər insan başının dərisindən xəritələr cızır, cadugərlər irinli-qanlı ayinlər keçirirdi...və minlərlə macəra həvəskarı çox vaxt ölüm və məyusluq, nadir hallarda isə qənimətlə sona çatan dəfinə axtarışına yollanırdı.

Zaman keçdi və ən ciddi işi-gücü kompüterin qarşısında oturub, yazı yazan, səhər işə, axşam evə tələsən adam üçün dəfinə və dəfinə axtaranlar cildi parıltılı macəra romanlarından qaldı. Bir də gözəl aktrisaların, yaraşıqlı aktyorların çəkildiyi bahalı Hollivud filmlərində...

Bəs əslində necədir? Yox, məsələyə bir az ciddi-ciddi burun soxanda məlum olur ki, dəfinə axtaranlar heç də tarixin macəralı sarı səhifələrində ilişib-qalmayıb. Son iki yüz ildə də dəfinələr axtarılır, amma insanlar bu məsələyə tədricən daha soyuq başla və daha təşkilatlanmış şəkildə yanaşırlar. İndi dəfinəni professional arxeoloqun əlinə keçməyi ehtimalı daha böyükdür, nəinki həvəskar macərapərəstin.

Amma sonuncu yox da deyil. Və bu sonuncuların arasında ən müxtəlif ehtiraslarla hərəkət edənlər var. Kimisi üçün bu iş rəsmi tarixdən gizlədərək, elmi tədqiqatla məşğul olmaq üçün lazımdır. Kimisi şəxsi kolleksiyası üçün tarixi və ya milli miras axtarışındadı. Kimisi də sadəcə qara bazarda fantastik məbləğə satıla biləcək tarixi sərvətdən yararlanmaq istəyir. Axı məyus olmaq ehtimalı olsa belə, nəsə tapmaq da mümkündür. Kim bilir, torpağın qoynunda, dəniz və okeanların dibində hələ nə qədər tapılmamış dəfinə var?

“Qara bazar”

Bu məsələdə söhbət bəzən qəpik-quruşdan gedirsə, əksər halda qazancın miqyası ağlasığmaz dərəcədə böyük olur. Dünyanın hər yerində öz evində cənub filinin, qədim mamontların, dinozavrların sümüklərini, nağıllarda qalmış padşahların pullarını görmək istəyən milyonçular, biləyinə iki min il yaşı olan bilərziklər taxmaq istəyən oliqarx xanımları var. Və təbii məsələdir ki, tələb varsa, təklif mütləq olacaq. Qazaxıstan arxeoloqları qəribə bir fakt aşkarlayıblar – bu ölkədə içi “qara arxeoloq”lar tərəfindən axtarılmamış bir dənə də olsun, kurqan qalmayıb. Hər il neçə tarixi abidə onların külünglərinə tuş gəlir. Peşəkar arxeoloqlar isə bu məsələdə, təkcə qazıntıdan əldə olunan qənimətlərə müştəri çıxan varlıları deyil, həm də sensasiya yaratmaq həvəsi ilə öz yazılarında tarixi əhəmiyyətli yerlərin adlarını açıqlayan jurnalistləri günahkar sayırlar.

İndisə, mən belə düşünürəm ki, bu yazıdan sonra arxeoloqlar deyil, elə qara arxeoloqların da jurnalistlərlə ciddi problemləri olacaq. Çünki mövzumuz Azərbaycandakı qara arxeologiya məsələsidir.

Mənim qəribə tanışım

“Qara arxeologiya” barədə bir neçə dəfə eşitmişdim. Amma fikrim tez də yayındığından, belə adamların işinin mahiyyəti, fəaliyyət sahələri, üsulları barədə artıq suallar vermək hayında olmamışdım. Ta ki, arxeologiyadan tamamilə uzaq bir məclisdə, qəribə bir adamla tanış olana qədər. Dünyanın ən mədəni çöl adamları – arxeoloqların işi ilə maraqlandığımı görən adam, mənə daim sıx əlaqədə olduğu “qara arxeoloqlar”dan da danışmağa başladı və danışdığı iki-üç cümlə o qədər heyrətamiz göründü ki, bu mövzunu araşdırmaqda mənə kömək eləsin deyə, bircə əl-ayağına düşməyim qaldı. Təzə və qəribə dostum məni fikrimdən daşındırmaq üçün uzun-uzadı israr eləsə də axır ki, onu razı sala bildim və biz düz dörd rayonda “qara arxeoloq” axtarışına çıxdıq. “Axtarışa çıxdıq” deyəndə ki, tanışım o adamların yerini əli ilə qoymuş kimi tanıyır və telefon nömrələrini əzbər bilirdi. Odu ki, dəfinə və əntiq ovçularının heç birini tapmaq çətin məsələ olmadı. Çətin olan bu adamları danışdırmaq oldu.

Onlardan biri işi və üsulları barədə danışmazdan əvvəl üst-başımı az qala təpədən dırnağa yoxlayıb, telefonumu söndürməyimi istədi. Biri hər şeyi rahatca danışdı, amma...

- Bax, mən bunu mətbuat üçün danışmıram, nəsə yazsan, mən səni heç tanımıram da... - deyə xəbərdarlıq elədi.

Biri isə hətta:
- Biz hamıynan rahat danışırıq. Amma bu söhbətləri haralarasa çatdırsanız, özünüzə ziyan eləyərsiz...bizim hər yerdə müştərilərimiz var... – deyə arxayın-arxayın üzümə baxdı.

Amma işini-gücünü atıb mənə qoşulan dostumla qara arxeoloqların iziylə kəndbəkənd dolaşmağa ərinmədik. Və işin sonunda əlimizdə tarix qarətçilərinin iş sisteminin bütün sxemi var idi.

Qara arxeolqlar necə işləyir?

Qara arxeoloqlar bir neçə qrupa bölünür
Qeyri-rəsmi olaraq onları dəfinə, yəni qədim qızıl, gümüş, tunc, mis sikkələr axtaranlara, saxsı və digər qədim məişət avadanlıqları axtaranlara, qədim silah həvəskarlarına ayırmaq olar. Qara arxeoloqların iş üsullarına gəldikdə isə, bu məsələ çoxşaxəlidir.

Əsas istiqamətlər isə bunlardır:

1) Qara arxeoloq təkbaşına işləyir və tapdıqlarını müştərilərlə əlaqələri olan “dəllal”lara satır.
2) Qara arxeoloq dəstə yaradır və bir neçə adamı dəstəyə cəlb edərək, onlara iş sifariş verir. Zəhməthaqqı kimi isə ya konkret məbləğ ya da qənimətin bir hissəsini verir.
3) Peşəkar arxeologiya ilə məşğul olan adam “qara arxeoloqa” yer nişan verir və haqqını alır.
4) Və nəhayət, hansısa əyalət ziyalısı evindən çıxmadan, bölgə adamları tərəfindən aşkarlanan təsadüfi arxeoloji tapıntını dəyərləndirib, satın alır və istədiyi kimi rəftar edir: ya şəxsi kolleksiyasında saxlayır, ya da bu işin peşəkarlarına satır.

“Əyalət ziyalısı” demişkən, ilk səfərimiz elə onlardan birinin yanına idi. Tanışım hələ özünün də görmədiyi, amma işi barədə soraq aldığı müəllimənin evinə gedəcəyimizi dedi. O, Tovuz kəndlərindən birində yaşayır. Evinə müştəri sifəti ilə getdik. Məlumatımız isə bundan ibarət idi – bu xanım illərdir ki, evində arxeoloji və etnoqrafik kolleksiya saxlayır.

Amma kolleksiya təkcə evdə deyil, həyət-bacasının hər yerində imiş. Tarixin cansız, süxurlardan və metallardan ibarət şahidləri kəndlilərə xas bir dağınıqlıqla onun həyət-bacasının hər yerinə səpələnmişdi. Başı çıxmayan adam üçün çəpərin başına keçirilmiş yarısı sınıq saxsı küplər, mis qazançalar, satıllar, dolçalar zəngin tarixi kolleksiyadan yox, uzaqbaşı ev sahibəsinin səliqəsizliyindən xəbər verirdi.

Bizi gülərüz və kənd qadınları sayaq utancaqlıqla, canfəşanlıqla qarşılayan müəllimə məramımızı biləndə əl-ayağa düşür. Bir anda əyni-başı his, tüstü, saman qoxulu kənd arvadından dönüb olur Musa Kalankatlının qadın variantı...
Potensial müştərilərinə məlumat verən, nə qədər tarixçi alim kimi danışsa da, “kolleksiyaçıya”, “qara arxeoloq”a qətiyyən oxşamayan müəllimə kənd adamlarına xas olan nahamar və sadəlövh bir səmimilikdə dedi ki, bu əşyalar Tovuz bölgəsi üçün xarakterikdi. Bəxtin gətirsə, hər addıma torpağın altından nəsə tapmaq olar. O ki qaldı öz zəngin, bir qismini çəpərin başına keçirib, bir qismini məişət anbarında saxladığı, gözoxşayanları isə kəndçisayaq görməmişliklə suvenir kimi evin gözəgəlimli yerlərində saxladığı şəxsi kolleksiyasına – bunları əsasən onun şagirdləri tapıb gətirir. Elə kənd camaatı da, özlərinə məxsus həyətyanı ərazilərindən, əkin-biçin yerlərindən tapdıqları əşyaları gətirib ona satırlar. Burada konkret qiymətdən söhbət gedə bilməz – hər şey müəllimənin insafından və qiymətləndirməsindən asılıdı. Kənd camaatı üçün də ciddi fərq yoxdu – nə versə, qənimətdi.

Kolleksiyaçı müəllimə istər arxeoloqlar, istərsə də mətbuatla məmnuniyyətlə ünsiyyətdə olur və kolleksiyasını nümayiş etdirir. Amma müsahibə və reportaj üçün yox. Maraq və tədqiqat üçün. Arxeoloqlar tədqiqat üçün vəsait çatışmadıqda lap onun kolleksiyasından nəyi isə birovuz götürə, ya da satın ala bilərlər. Bu əməkdaşlığa görə hətta arxeoloqların əksəriyyəti onu “qara arxeoloq” da hesab eləmirlər.

Tanışım isə bura gəlmişkən babat bir alver də eləyir: müəllimədən bir neçə saxsı qab alır.

Köçkün komasında cənub filinin sümüyü...

Yolumuz yaxınlıqdakı Şəmkir rayonunadır. Tanışım məni bir azdan olduqca maraqlı bir persona ilə tanış edəcəyini deyir. Az keçmiş qarşımızda başbilənlərin quraşdırdıqları ağıllı-ağıllı iri qurğular görünür. Diqqəti cəlb eləyə biləcək başqa heç nə yoxdu. Tanışım deyir ki, bura Şəmkirlə Samuxun kəsişdiyi ərazidir. Su Elektrik Stansiyası deyilən yer. Gözüm ətrafın kasıb payız mənzərəsinə bir az öyrəşəndən sonra qarşımızdakı tək-tük vaqonları görürəm. Vaqonların ətrafındakı balaca, cır-cındırlı yardımçı tikililər bir vaxtlar imperiya qatarlarının karvanına qoşulub, şərəfli ömür sürən bu vaqonları elə miskin hala salıb ki, onlar daha çox çoban komasına oxşayır.

Bura hələ ciddi yer-yurdları salınıb, təzə evlərinə köçürülməyən son qaçqınların evləridir.

Bura niyə gədiyimizi anlamağa çalışarkən, tanışım vaqonlardan birinin kandarında görünən üzü ikigünlük saqqalı, orta yaşlı kişi ilə salamlaşıb görüşür. Söhbət olduqca sakit gedir, kişilər hələ ki, zənən xeylağını kişi söhbətlərinə yaxın buraxmırlar. Bir xeyli çəkən sakit mübahisədən sonra deyəsən, razılığa gəlirlər. Ancaq bundan sonra ev sahibi mənə “xoşgəldin” eləyib, içəri dəvət edir. İçəri keçirik. Otaq bu ölkədəki ən adi evlərin ən sadə otaqlarından biridir – yemək, köhnəlik qoxulu, yarısı sovetdən qalma, yarısı müasir avadanlıqlı...özü də qonaq, yemək otaqlarını, mətbəxi özündə birləşdirib. Otağın heç nəyindən burada bir kişinin tək yaşadığı hiss olunmur, amma əlinin səliqəsi gözümüzə girən qadının özü görünmür. Çayı bizə ev sahibi özü gətirir.

Stəkanı qaldıranda yaş şüşədən düşən bir damcı su dizimin üstündə bapbalaca, tünd ləkə əmələ gətirir...

Söhbətimiz yavaş-yavaş alınır. Ev sahibi ( tanış olacağımız qara arxeoloqun elə bu kişi olduğunu biləndə heyrətdən bir neçə dəqiqə özümə gələ bilməmişdim) “xəzinəsi”ni göstərməyə də razı olur, sadə iş sistemini danışmağa da...və təbii ki, yenə də mətbuat üçün yox...
- Mən özüm Qarabağdan köçkünəm. Rayonumuz alınandan sonra bir-iki yer dəyişmişik. Axırda gəlib bura sığındıq. Desən ki, nə vaxt, niyə başladım bu işə, dəqiq cavab verə bilmərəm. Bilirsən, burada mənim kimilər bir deyil, beş deyil. Elə rayonlar var, kişiləri ancaq gəlib burada torpağı qazır, tapdıqlarını da orda-burda satmaqla dolanır. Mən də onlardan biri. Buralar Su Elektrik Stansiyasının yaxınlığıdı axı. Özün bilirsən də, Su Elektrik Stansiyalarını selin ən çox gələn yerlərində quraşdırırlar. Sel də gələndə torpağı, yaxınlıqdakı təpələri-zadı yuyub aparır. Torpağın altında nə varsa, əksəriyyətini vurub, çıxarır üzə. Ta özünü çox da əziyyətə salıb, qazmaq da lazım gəlmir. Əlini hara atırsan, tarixi əşya tapırsan. Nəzarətsiz ərazidi, özü də bu bölgələrdə tarixi şeylər həddindən artıq çoxdu. Hər yerə də nə qarovulçu qoymaq mümkündü, nə də ki arxeoloq göndərmək. Mən də başladım yığmağa. Çoxunun tarixi dəyərini, mənasını mən heç özüm bilmirəm. Yaxın rayonlara arxeoloqlar gələndə aparıb göstərirəm, baxırlar, deyirlər neçənci əsrdi, nədi...bəzən elə olur ki, aralarından bir-ikisi çıxır, pul verir, əşyanı alır. Alimdi də, deyir tədqiq eləyəcəm. Elələri olur, sonra özü ilə yaxşı müştərilər də gətirir.

Bir azdan ayağa qalxırıq və ev sahibi bizi o biri otağa dəvət eləyir. Vaqonun bu hissəsində sanki hansı tarix-diyarşünaslıq muzeyinin bir parçasıdır. Mis, saxsı qablar, növbənöv rəngi getmiş, ölçüsü illərin deformasiyasına məruz qalmış bər-bəzək əşyaları, müxtəlif sümük məmulatlar...

Bir hissəsi antik, bir hissəsi orta əsrlərə aid olan bu əşyaları dostumuz o qədər də baha satmır. Qabların, bəzək əşyalarının qiymətləri onların vəziyyətindən və qədimliyindən asılı olaraq, 20-40 manat arasındadır. Sümük bizlər, aşıqlar və digər təyinatlı əşyaları isə daha ucuz almaq mümkündü. Sümük demişkən, otaqda iri, sivri bir sümük diqqətimi cəlb eləyir. Əlimi toxundururam və uzaqdan bərk, elastik görünən sümük əlimin altında süngər kimi bükülür. Ev sahibi tez əlimi çəkməyimi tələb eləyir və “xəzinə”sinin deyəsən ən dəyərli əşyası barədə qısaca bir məlumat verir:

- Bu, cənub filinin sümüyüdü. Dişinin biri. Bunu çoxdan tapmışam. Arxeoloqlar mənə deyib ki, bu sümük ölkədəki ən nadir tapıntılardan biridi – qiyməti də çox baha olmalıdı. Amma hələ ki, buna dəyən pulu verəcək müştəri tapmamışam, odu ki, hələ saxlayıram. Bunu da ki, gərək muzeydə xüsusi dərmannan-zadnan saxlayasan da. Mən ev şəraitində saxlayıram deyə, yumşalıb, əl vuranda ovulub-tökülür.
- Bəs niyə saxlayırsız? Onsuz da müştəri yoxdu, verin muzeylərdən birinə.
- Niyə?! Bunu mən tapmışam, niyə muzeyə verməliyəm? Nə vaxt müştərisi çıxar, sataram. Çıxmaz da, qəmin kəm, bahasına pul saymamışam ki...
Tanışım ev sahibi ilə mübahisə eləməyimə işarə olaraq, mənə göz vurur. Söhbətimizi istər-istəməz yekunlaşdırmalı oluruq, çünki müsahibimiz danışdıqlarından artığını söyləmək fikrində deyil. Təşəkkür edib, vaqondan çıxırıq və soyuq payız mənzərəsinə son dəfə göz atıb, torpağın altından çıxan xəzinənin köçkün əlinə düşməyinin fəlsəfi qatlarını araşdırmağa çalışıram. Və heç nə alınmır...

Qədim və ən son müharibə – iki savaşın arasındakı ox ucluqları

Növbəti səfərimiz Tərtər rayonunadır. Burada görüşəcəyimiz adam hər nə gəldi yığan, toplayan “qara arxeoloq” deyil. Onun konkret sahəsi, “ixtisası” var – qədim silah və pullar. Tanışım ona telefon açır və müsahibimiz Qarabağ köçkünündən fərqli olaraq, o qədər də qonaqpərvər çıxmır. Nə evinə, nə qənimətlərini saxladığı yerə dəvət etməkdən söhbət belə gedə bilməz. Tanışım uzun-uzadı təkiddən, xahiş-minnətdən sonra onu sadəcə üzbəüz söhbətə razı sala bilir.

Tərtərdə, tanışımın uzaq qohumlarının birinin evində, qonağımızı gözləyirik. Ev sahibləri əsl qarabağlı qonaqpərvərliyi ilə masamızın üstünü yemək, meyvə, şirniyyat və çərəzlə (özü də hamısını birdən) doldururlar. Kənd cəbhə xəttinə yaxın olduğundan, ev sahiblərinin bir gözü, bir qulağı səsdədi...

Axır ki, gözlənilən qonaq gəlib çıxır. Şux, qıvraq, yüngül idman geyimində, nəinki üzünün, baxışlarının belə ifadəsi olmayan bir adam...yeməyə həvəslə girişir (bu, artıq qarabağlılara o qədər də xas deyil) amma söhbətdə olduqca çəkingən davranır. Arada:
- Bunları niyə soruşursuz e, gedib televiziyadan adam-zad göndərəcəksiz? – deyə şübhəli-şübhəli soruşur.

Uzun və təkidli inandırmalardan sonra tanışım onu arxayın eləyə bilir:

- Sən ürəyini buz kimi saxla. Bu qız araşdırma yazır. Özü də yerlinizdi. Səni ayağa verməz. Arxeologiyaynan da ciddi maraqlanır. Düzdü, sən arxeoloq deyilsən, amma oxşar iş görürsən də...

Qonağımızın rabitəsiz və nahamar mətnindən məlum olur ki, heç o da özü “sahəsində” tək deyil – qədim silah və pul “ovçuları” burada da çoxdan barmaq sayını keçib. “Qara arxeologiya” terminləri ilə danışsaq, belələrinə “metalloiskatellər” deyirlər. Onların dəfinə ehtirasının kökündə adətən eramızdan əvvəllərin gümüş, mis sikkələrindən, qədim savaşlarda istifadə olunun tunc ox ucluqlarından tutmuş, orta əsrlərin dəmir pullarına qədər metal əsilli arxeoloji tapıntılar dayanır. “Metalloiskatellər” tək işləyə bilmir, adətən dəstə, şəbəkə kimi fəaliyyət göstərirlər. Hərənin öz işi var, kimisi yaxınlarda aparılan arxeoloji qazıntıların yerini müəyyən edir və arxeoloqlar sahəni boş qoyub, gedən kimi mobil telefonla xəbər verir. Bir qismi xüsusi metalaxtaran qurğularla həmin yeri axtarır, kimisi isə tapılan əşyaları dəyərləndirmək üçün mütəxəssis və “xəzinə”yə müştərilər tapır. Xüsusi qurğulara gəlincə, metal axtarmaq üçün həmsöhbətim və onunla işbirliyində olanlar hərbi hissələrdən minaaxtaran qurğuları borc götürürlər. İşini daha şəbəkəli və daha geniş qurmuş “işbazlar” isə hərbi hissələrə ağız açıb pul ödəməkdənsə, birdəfəlik xarici ölkələrdən qurğunu sifariş verirlər.

Məişət, bəzək əşyalarından fərqli olaraq, belə şeylərə müştəri çıxanlar tədqiqat aparmaq xatirinə “yüngülvari qanunsuzluğa” əl atan arxeoloqlar yox, biznesmenlər, iri çaplı məmurlar, ölkəmizdə yaşayan xarici vətəndaşlar olur. Müsahibimiz hətta fəxrlə deyir ki, onların müştəriləri arasında hətta Amerikanın ölkəmizdəki keçmiş səfirlərindən biri olub. Hansı – bunu demir. Amma həvəslə danışır ki:

- O işini təhvil verib getdiyi ərəfədə demək olar ki, ölkədəki bütün qara arxeoloqlardan bazarlıq elədi. Bakıda bütün əntiq əşyalar satan mağazalar isə onun gedişinə bir gün qalmış bağlanmışdı. Həmin gün o dükanlara ancaq keçmiş səfir girə bilərdi.

Daha sonra bir maraqlı məlumat da öyrənə bildik. Əntiq əşyaların, tapıntıların “eksport” edildiyi əsas yer Lənkəran və Astara imiş. Lənkəran turizm şəhəri olduğundan və paytaxt kimi diqqət mərkəzində olmadığından orada belə şeylərə müştərini tez və təhlükəsiz tapmaq olur. Astara isə İranla həmsərhəd rayon olduğu üçün oradakı dəllallar bu tapıntıları dəyər-dəyməzinə alıb, İrana keçirirlər.

Həmsöhbətimiz bizə özümüzün də sorağını aldığımız qeyri-rəsmi qızılaxtaranlar barədə də danışır. Gədəbəydə, Şəmkir və Tovuzda son illər qızıl yataqları aşkarlanandan bəri bu ərazidə bir qızıl bumu yaşanır. Yerli əhali arasında qızıl yataqlarına bir balaca əl uzatmaq həvəsində olanlar az deyil. Bunun üçün onlar əsasən bölgədəki mütəxəssislərlə mehribançılıq eləməyə çalışır, hər hansı bir informasiya almaq, dövlətin gözündən hələ ki yayınmış yataqların yerini öyrənməyə çalışırlar. Bəzən elə naşıları olur ki, arxeoloqların da onlara kömək edə biləcəyini düşünür, onlarla ünsiyyət qurmağa çalışırlar. Amma qeyri-rəsmi qızılaxtaran insanlar ya hələ ki, istəklərinə nail ola bilmirlər, ya da uğurlarını məharətlə gizlədə bilirlər – çünki onların fəaliyyəti, nəsə tapmaları, satmaları barədə bircə dənə də olsun, məlumat yoxdu.

Balıq həbsxanası və Makedoniyalı İsgəndərin pulu

Növbəti səfərimiz Ağdaşa olmalı idi. Amma ağdaşlı “qara arxeoloq”umuzu söhbətə razı sala bilmədik. Ondan əlimiz üzüləndə Qəbələyə üz tutduq. Yayda arxeoloqların, payızda konservasiya qrupunun çalışdığı Çuxur Qəbələdə balıqçılıq təsərrüfatı saxlayan adam özünün çox böyük ərazini tutmuş təsərrüfatının qapılarını üzümüzə taybatay açdı. Köhnə pal-paltarlı kişilərin, bir neçə işçi komalarının, iki addımdan bir qazılmış süni göllərin, arxların arasında nə tapacağımız mənə maraqlı idi – bütün bunların sahibi olan adam barədə tanışım əvvəldən də məlumat vermişdi, amma hələ ki burada saysız-hesabsız, növbənöv diri balıqlardan başqa riqqətə gələsi bir şey görmürdüm.

Arxların kənarlarındakı, göllərin üstündəki tor örtüklər buranı balıq həbsxanasına oxşadırdı...

İşçilərdən bir neçəsi də maraqla böyür-başımıza toplaşır və səfərimizin qəhrəmanı həvəslə komalardan birinə keçib, qalın bir kataloqla qayıdır. Komanın qarşısındakı kobud taxtalardan quraşdırılma masanın arxasında əyləşirik. Təsərrüfat sahibi əvvəlcədən tanışımla telefonda söhbət eləyib, razılaşdığından mənə əlavə sual vermir, qalın kataloqunu açıb, arasındakı xəzinəni bizə göstərir.

Gümüş, mis, dəmir və adlarını bilmədiyim müxtəlif metallardan olan, ən müxtəlif əsrlərdə, ən müxtəlif hökmdarların sikkələri...kataloqun polietilen səhifələri çevrildikcə, arasına səliqə ilə düzülmüş pulların üzərindəki hökmdar profilləri, minlərlə yaşı olan naxışlar bir-birini əvəz eləyir. Həmsöhbətimiz etiraf eləyir ki, bunlar hələ satılmayan, yaxşı pula getməyən mallardır. Bura qədər gəzdiyimiz bölgələrə məişət-bəzək əşyaları xas idisə, uzun əsrlər Qafqaz Albaniyasının paytaxtı olmuş, iyirmiyə yaxın Alban çarının gömüldüyü Qəbələdən pul dəfinələri tapmaq asandır. Həmsöhbətimizin isə peşəkar dəfinə axtaranların istifadə elədiyi qurğudan da istifadə elədiyi bir yana, hələ sovet dövründə, təsadüfi təsərrüfat qazıntıları vaxtı tapılan, bir qismi kənd camaatının əlinə keçmiş pulları da satın aldığı olur. Yuxarı təbəqələrdən müştəri tapa bilməyən sadə adamlar qədim pulları ucuz qiymətə, nə işlə məşğul olduğu heç kimdən gizli olmayan adama satmalı olurlar. Həmsöhbətimiz arada ehtiyatlı olmağımıza eyham vurmağına baxmayaraq, çox rahatdı. Onun kolleksiyasında olan pullar hətta tarixi sənədli filmlərdə belə yer alır. Kolleksiya sahibi, özü gizli qalacağı və problem yaranmayacağı təqdirdə televiziya ilə əməkdaşlıq eləməyə məmnuniyyətlə razı olur. Həmçinin, Qəbələdə çalışan arxeoloqlarla... Tədqiqat üçün hansı pullar lazımdısa, arxeoloqlar çəkinmədən müraciət edə bilərlər.

Bütün bölgələrdə olduğu kimi, burada da qəhrəmanımız tək deyil. Əksinə, qəzetlər, mətbuat Qəbələnin tarixi məziyyətlərini car çəkdiyinə, burada neçə ildi ki, arxeoloji qazıntılar intensiv aparıldığına görə, alban çarlarının sərvətlərini axtaranların sayı sürətlə çoxalır. Tanışım məni indi yer altına gömülmüş, bir vaxtlar isə Albaniyanın ən böyük mədəniyyət və ticarət mərkəzi olan qədim Qəbələnin yerləşdiyi ərazilərə apardı – yol o qədər də uzaq deyil. Arxeoloqların qazdığı yerlərdən əlavə açılan saysız, səliqəsiz, kobud oyuqlar, qazıntılardan burada kənar adamların əlləşdiyi gün kimi aydın idi. Nəsə tapıb-tapmadıqları isə təbii ki, məlum deyil. Amma beli torpağa böyük ümidlərlə vurduqları məntiqlidir – burada hökmranlıq eləmiş alban çarlarından heç birinin qəbri hələ ki, tapılmayıb. Nə bilmək olar, bəlkə onları tapmaq peşəkarlara yox, “qara arxeoloq”lara nəsib olacaq.

Dörd rayonda mənə olmazın kömək eləmiş, artıq dostlaşdığım adamı əyalətdəki taleyinin ümidinə buraxıb, gəldim. Onun dəqiq kim olduğu, mənə niyə kömək eləməyə razı olduğunu axıra qədər başa düşmədim. Əslində məni narahat eləyən başqa məsələ idi. Gəzib-gördüklərimi tənqidi, nəsihətamiz yazı kimi işləməyə əlim gəlməyəcəkdi. Bir anlıq qolumda iki min il yaşı olan bir bilərzik, boynumda hansısa çar arvadının gərdanlığını təsəvvür elədim – vicdanlı vətəndaş, soyuq, normal düşünə bilən baş sahibi olmağa nə qədər çalışsam da, etiraf eləyim ki, mən belə romantikası, dəyəri qədimliyində olan əşyalardan imtina eləməzdim.

Qədim əşyalara olmazın pul saymağa hazır olan insanlara biz təkcə görməmiş milyonçu, kolleksiyasındakı əntiq əşyaları özü kimilərinə göstərib öyünən şəxs kimi baxa bilmərik. Pulu nəyinsə keyfiyyətinə, utilitarlığına deyil, qədimliyinə, tarixinə ödəyən insanlar bir az da keçmişi satın almaq istəyirlər. Və keçmişə olan ehtirasın, marağın, hərisliyin kökündə mütləq nostalji, bir daha təkrarlanmamaq şərti ilə ötüb-keçənlərə olan təəssüf, o keçmişə bağlılıq, doğmalıq dayanır. Bütün millətə, muzeylərə, mədəniyyətə məxsus əşyanı almaq, insanın öz keçmişini, bəzən lap insanlığın keçmişinin bir parçasını satın almaq cəhdidir. Qanunsuz, eqoist, uğursuz cəhd...

Bu cəhdə görə insanları qınamaq lazımdır? Qərar verə bilmirəm. Biz bütün vətəni deyil, təkcə öz kəndinin uğrunda ölməyə hazır olanları, xalqının yox, təkcə öz doğma qadınlarının uğrunda hər şeyindən keçənləri heç vaxt ürəkdən qınaya bilmərik...

Günel Mövlud
# 2097

Oxşar yazılar