"Tərbiyəsiz uşağ"ın dünyəvi ədəbiyyatı - MÜSAHİBƏ
17 sentyabr 2009 12:00 (UTC +04:00)

"Tərbiyəsiz uşağ"ın dünyəvi ədəbiyyatı - MÜSAHİBƏ

“Əkrəm Şukşindən, Belovdan kopyalayıb, Anar fransız ədəbiyyatından”

Yaşamadan yaşayan Elnur Astanbəyli...

Ədəbi mühitdə "gurultulu" ədəbi nümunələrindən daha çox, “gurultulu” düşüncələri və mətbu çıxışları ilə yer tutub. Mənim Elnurla layihə çərçivəsində söhbətimin sonunda məlum oldu ki... biz, ümumiyyətlə, tamam fərqli qütblərin, fərqli baxışların təmsilçiləriyik. Həddən artıq mühafizəkar (mən!?) təsiri bağışladığım Elnur özünün də "dekabrist" olmadığını etiraf etdi. Amma təqdirəlayiq olanı budu ki, Elnur Astanbəyli iliyinəcən səmimi adamdı - yalanın qanında və leksikonunda yoxluğu Onun məhvindən... tükənəcəyindən... tükəndiriləcəyindən xəbər verir!

Özünün nəzərinə çatdırdığım kimi, "Cinayət və cəza"sıyla "Yaşamaq olmur" deyən Dostoyevski bir arvad da saxlaya bilməyib, vərəmləyib oyun kartları içində öldü! Amma və lakin "Necə yaşamaq olar" prinsipiylə çalışan İvan Turgenev onda 18 sevgilisi ilə qəsrində orgiyalar keçirirdi, həyatı yaşayırdı, indinin özündə də naşirlərə 400 rubla sırıdığı "Mumu"suyla rus ədəbiyyatında yaşayır.

Elnur Astanbəyli ədəbiyyat yaratmır - ədəbiyyat anbarlarını dağıdır: siçan-siçovul cükkültü-qışqırtıları adam iyrəndirir!

Elnur şair-yazıçı-publisist kimi də yaşamır - "bir parça qara çörək, iki parç pivə" üçün köşə yazarı statusuna qədər kiçil(dil)ib!

Fəqət... düşüncə və talant baxımından onu məclislərin (həm ədəbi, həm mətbu, həm də elə el yığnaqlarında) başında, sözün qabağında duran görməliyik.

"Azərbaycan ədəbiyyatı yoxdur"

- Elnur, ədəbiyyatın təmsilçiləri bu gün qara publisistika ilə məşğuldur. Onlar şair-yazıçı olduqlarına görə, mükəlləf ediliblər ki, var-gücləriylə "yaşamaq olmur" deyə aləmi qatsınlar bir-birinə?

- Yüzəyüz! Mütləq yazmaq lazımdır.

- Onda Azərbaycan ədəbiyyatını kim yazıb-yaradacaq?

- Ümumiyyətlə, "Azərbaycan ədəbiyyatı" yoxdur bir anlayış kimi. Ona görə ki, Azərbaycan dili ədəbi dil deyil. Azərbaycan dili-Azərbaycan ədəbiyyatı-Azərbaycan xalqı ədəbiyyat üçün hazır deyil. Ya ortaq türkcə, ya da rus dilini ədəbi dil kimi qəbul edib, dünya miqyasına çıxmaq olar.

HAŞİYƏ: İndiyə qədərki ədəbiyyata baxışı məlum olduğundan, Elnur Astanbəyli ilə olanı çözmədim. Daha qlobal təfəkkürə söykənən iddiası maraqlı olduğundan arqumentlərinə bələd olmaq istədim.


"Dilimizin potensialı tamadalıqda, yaltaqlıqda görünür..."

- Azərbaycan ədəbiyyatının künc-bucaqda qalmasının ilkin səbəblərindən biri də danışıq dili ilə ədəbi dilin bir-birindən çox-çox uzaq olmasıdır.

- Rus ədəbi dili ilə danışıq dili də çox fərqlidir.

- ...amma ruslar çox rahat ana söyüşünü ədəbiyyatda işlədirlər.

- İndi biz söyüş yazsaq və oxucu da bunları qəbul etsə, ədəbiyyatımız onda xoşbəxt olacaq, dünya yaxşı (daha doğrusu, necə) söyüş söyə bildiyimiz üçün bizi sevəcək?

- Azərbaycan dili jarqonlar və vulqar ifadələr baxımından çox zəngindir. Amma mətnlərə baxırsan, İlahi, hamı nə qədər mədəni, ədəblidir! O dil məsələsini niyə dedim? Təsəvvür elə ki, ruscadan bir cümlənin tərcüməsi bizdə üç cümləyə başa gəlir. Ən pisi odur ki, fəlsəfəsi yoxdur bu dilin. Bu dil potensialı tamadalıqda, yaltaqlıqda görünür, ədəbiyyatda yox! Bu dili silkələsən, ordan ancaq Zəlimxan Yaqub-zad tökülər, Markes-filan yox.

- Bu elə bizim dilin zənginliyi deməkdir. İshaq İbrahimovun tərcümələrinə baxıbsan?

- Ən bərbad tərcümə elə onundur. "Polkovnikə məktub"u bərbad günə qoyub. Əkrəm Əylisli isə Markesin əvəzinə yaxşı povest yazıb...

- Onda etiraf edək ki, Əkrəm Əylisli Markesdən böyükdür.

- Yox, sən mühafizəkar adamsan. Əkrəm Şukşindən, Belovdan kopyalayıb, Anar fransız ədəbiyyatından. Get 2004-cü ildə Əkrəm Əylislinin yazdığı "Ətirşah..."-ın axırını oxu, Markesin özüdür ki, var! 2004-də. Dünya ovcumuzun içində olan vaxtı! Əvvəl yazdıqları cəhənnəmə, daha indi də yox ki. Bunlar ədəbiyyatla yox, ədəbiyyatı aldatmaqla məşğuldurlar.
Ədəbiyyatı aldatmaq, ədəbiyyata zor etmək olmaz. Sən mənə, eləcə də xalqa - oxucuya zor edə bilməzsən, istədiyini verdirə bilməzsən.

"Ədəbiyyatın tərbiyə gücü yoxdur"

- Səncə, Sən və xalq, eləcə də ədəbiyyat nəyi istəyir, necə istəyir?

- Xalq bilmir nə istəyir. Günü sabah Pamuk gəlsin Azərbaycana, bir dövlət məmuruyla xalqın görüşünə getsin, o görüşdə "xalq" tez məmura yaxınlaşacaq. Nobel mükafatı alıb bu yazıçı, dünya bu yazarın yaradıcılığına heyrət edir, vecinə deyil. Amma bunlar üçün məmur daha önəmlidir. Bilirsən, bizdə ədəbiyyata tərbiyələndirmə vasitəsi kimi baxırlar, bu, yanlışdır. Ədəbiyyatın tərbiyə gücü olsaydı, farslar 800 ildi Sədinin "Gülüstan"ını oxuyurlar, onlara təsir edərdi...

- Xalqdan niyə bu qədər bədgümansan?

- Deyim də... Bax, Hadisə gəlmişdi Bakıya oxumağa. Məni ilk növbədə, onunla intim səhnədə necə "duet" oxuya biləcəyim maraqlandırırdı. Eləcə də başqalarını. Göstərə bilərsənmi, içimizdə bir kişi ki, gözəlliyə üzünü çevirib getsin?

- Göstərə bilərəm…

- Göstərdikləriniz neçə faizini təşkil edəcək ki? Milyonda iki faiz! Bu söhbəti nəyə gətirirdim? Yazıçının şəxsiyyətini onun yazdıqlarından ayırmaq olmaz. Hər bir kişi istəyir ki, ən gözəl qadın onun olsun, amma həm də istəyir ki, o qadın özü də xəstəlik daşıyıcısı olmasın, düzdü? Yazıçı da belədir: onun yazdığının yaxşı olması şərt deyil, həm də yazıçının özü sağlam olmalıdır! Həyatda yaltaq, qorxaq birinin əsərlərində insanlara cəsarət, ləyaqət dərsi keçməsindən böyük rəzalət nə ola bilər? Mən bunun davasını eləyirəm. Üç dəfə arvad boşayan xalq yazıçısı mənə ailə müqəddəsliyindən danışır, namusdan, mərdlikdən, əyilməzlikdən ağıl verir, özü də heç birinə əməl eləmir!

- Adam boşandığı üçün də bilir ki, ailənin müqəddəsliyi nədəymiş! Jan Jak Russo bütün dünya üçün uşaqları tərbiyə konsepsiyası yazıb qoyub gedib, amma özünün doqquz uşağı internatda böyüyüb, Qan Turalı da səhərdən-axşamacan onun maarifçilik ideyalarını yayır...

- ...Jan Jak Russo ictimai namus təmsilçisiydi! O, ədəbiyyatla, düşüncə və fikirlə, xalqıyla alver eləmirdi!
Gəl, sualı belə qoyaq: bizlər, "tərbiyəsiz uşaqlar" çağrılan yeni nəsil nə istəyir? Vicdanlı, namuslu olmağı! İndi baxaq görək bizə "tərbiyəsiz uşaqlar" deyənlər neyləyir? Odey, "qeyri-əxlaqi hərəkətlərə yol verdiyinə görə" dərgilərindən bir-bir üzvlərini qovurlar. Özü də bu, sonuncu deyil, hamısına növbə çatacaq. Ədəbiyyat ona maddiyyat, karyera, imtiyaz mənbəyi kimi baxanları heç vaxt bağışlamır. Belələri əvvəl-axır cəzasını alacaqlar, necə ki, alırlar. Bizə "tərbiyəsiz uşaqlar" deyən Elçin Hüseynbəyli yazdığı bir hekayədə birinci şəxsin təkində əmiqızıyla seksual macərasını əbədiləşdirib!!! Buna nə ad vermək olar, bilmirəm. İndiyədək heç kimin məişət məsələləri barədə bir cümlə də yazmamışam. Məsələn, bir dəfə yazmışam ki, hansı yazıçının anası, hansının arvadı, kimin bibisi özünü niyə yandırıb? Bunun mənə nə dəxli var? Mən bunlarla ictimai naqisliklərin davasını eləyirəm. Həm də ona görə ki, onlar bu çirkinlikləri ədəbiyyatın arxasında gizlənib eləyirlər. Mən deyirəm ki, a millət, qoyuna gedəndə, toyda araq içəndə, evdə arvad-uşaqnan danışanda danışdığımız kimi yazaq. Ədəbiyyatda da həyatda olduğumuz kimi olaq. Bu olar ədəbiyyat. Digər tərəfdən, ədəbiyyata cavabdeh Elçin bizimlə bizim kitablarımızın çap olunmamasının davasını eləyir. Absurd deyil? Baş nazirin müavinidir, camaat cavanların kitab çap etdirə bilməməsinin səbəbini bundan soruşmalıdır, amma o, özü bizdən soruşur.


Ovsaydda qalan "Yaşar Kamal, Cek London..."

- Elnur, valı dəyiş: dünya ədəbiyyatında kimi qəbul edirsən?

- Uzağa getməyək. Gürcüstanda Çoxeli, Dumbadze, Türkiyədə Yaşar Kamal, bir də qeyd-şərtsiz yapon ədəbiyyatını.

- Əzizim, bax o bəyəndiyin Yaşar Kamal, Çoxeli, Dumbadze girir bu söhbət elədiyimiz çayxanaya. Ayağa qalxarsanmı?

- Məmnuniyyətlə. Çay da gətirərəm. Amma Folknerə gözümün ucuyla baxmaram. Ədəbiyyatda onun qədər qeyri-səmimi yazıçı tanımıram. Burjuy həyatı yaşayıb, məzlumlara yuxarıdan aşağı baxıb, amma əsərlərinə baxırsan, elə bilərsən bunu yazan peyğəmbər olub.

- Əzizim, bax onlar oturub, Sən girirsən içəri, onlar Sənin üçün ayağa qalxarmı?

- Yox!

- Onda, get, onlar səni ayağa qaldıran fikirlər yazdığı kimi, sən də onları ayağa qaldıran fikirləri yaz da. Olar?

- İki aylıq təminatım olsa, yazaram!

- İndiyə qədər yazdığın nəsə varmı ki, çap olunsun?

- Kitabım hazırdı. Bir ildi kompüterdə yatır.

- Sənin çap olunmağın üçün nə lazımdır?

- Pul!

- Qazan da!

- Deyirsən, mən də gedim Cek London kimi ferma işlədim, sonra gəlim? Axı buna da imkan yoxdu! Fitscerald olmaq isə çətin məsələdi. Bunun üçün insan ədəbiyyata nifrət eləməlidir.

- Özünə heyfin gəlmir? Başa düşmürsən ki, Sən artıq bu mübarizədə uduzubsan?

- Niyə ki?

- Əleyhinə çıxdıqlarının məqsədi səni ədəbiyyatdan ovsaydda saxlamaq deyil? Ovsayddasan da! Əsəblərin pozulub. İstedadının vizit vərəqi ortada yox. Anarxizmə yuvarladıblar səni. Bu gün mənə, eləcə də oxuculara xoş təsir bağışlayan bir nüans var - Elnur Astanbəyli çox şeyi düz yazır. O çox şey də ədəbiyyat deyil!

- Sən ki mənə bu qədər heyfsilənirsən, heç olmasa, Anara, Əkrəmə də o qədər acıqlan də...

Bir də elə çıxmasın ki, guya mən naəlaclıqdan köşə yazıram. Qətiyyən! Publisistika mənim sevimli işimdi. Mən hər köşə yazısını da bir ədəbiyyat yazısı kimi yazıram. Bundan da çox məmnunam. "Elnur özünü qəzetçiliyə xərcləyir" deyənləri də başa düşmürəm. Elə səni də... Qələmi itiləmək, onu formada saxlamaq üçün publisistika vacibdir. Üstəlik, sən həm də həqiqəti yazırsansa, bundan zövqlü nə ola bilər?

Elnur Astanbəyli bu oğlandı...

- Sənin üzün hansı sözündə ifadə olunub?

- Nə qədər ki küçədəki qadınlar
Həyatımızdakı qadınlardan çoxdu,
deməli, dünyada
"ilahi ədalət" deyilən şey
yoxdu, yoxdu, yoxdu!!!

... Şərhə yer yoxdu!

Aydın Canıyev
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1377

Oxşar yazılar