Milli Kitab Mükafatına yenidən start verildi –
28 avqust 2012 14:51 (UTC +04:00)

Milli Kitab Mükafatına yenidən start verildi –

Lent.az-ın məlumatına görə, müsabiqə ilə bağlı bu gün Beynəlxalq Mətbuat Mərkəzində konfrans keçirilib. Tədbirdə çıxış edən MKM-in təsisçisi Nigar Köçərli bildirib ki, növbəti MKM layihəsi zamanı da milli ədəbiyyatımız üçün inci hesab edilən ədəbi əsərlər yarada biləcək müasir müəlliflərin oxucular üçün kəşf edilməsi və stimullaşdırılmasına çalışacaqlar: “Keçən il baş tutan ilk MKM layihəsi çərçivəsində biz qarşımıza qoyduğumuz hədəflərə nail olduq. Bu müddət ərzində müasir ədəbiyyatımızın inkişafı problemləri cəmiyyətin ən çox müzakirə etdiyi mövzulardan biri oldu”.



Daha sonra AZərbaycan Yazıçılar Birliyinin üzvü Rəşad Məcid çıxış edərək, münsiflərə müraciət edib:” Keçən il fikir ayrılıqlarından biri o olmuşdu ki, münsiflər kitabları oxumurlar. İndi də o fikirdəyəm ki, təşkilatçıların və digərlərinin etimadlını qazanan münsiflər kitabları oxusunlar. Heç kimdən soruşmasınlar ki, kimə neçə qiyməti yazıblar. Müsbət haldan biri də odur ki, bu dəfə münsiflərə yeni insanlar gəlib. Fikir ayrılıqları ola bilər. Proses 7-8 çəkəcək. Bu aylar ərzində hay-küy , qalmaqal lazımdırsa, onu da edəcəyik. Təki kitaba maraq artsın”.



Millət vəkili Qənirə Paşayeva çıxış edərək bildirib ki, kitaba şou-biznesdən daha vacibdir. Dünyanın ən ciddi hadisəsi kitabdır. Cəmiyyətdə kitabın oxunması istiqamətində önəmli layihədir. Əlimizdən gələni etməyə çalışarıq. Ən azı Rəşad müəllimin “münsiflər kitabları oxumur” tənqidindən nəticə çıxararaq, bütün əsərləri oxuyacağam və zövqümün yetdiyi qədər obyektiv olmağa çalışacağam”.



Qeyd edək ki, Milli Kitab Mükafatı Azərbaycanın ədəbiyyat sahəsində ən böyük layihəsidir. MKM 2009-cü ildə “Əli və Nino” Nəşriyyat evi tərəfindən təsis edilib və qısa bir müddət ərzində media və cəmiyyətdə çox geniş rezonans doğurub. Mükafatın əsas məqsədi ictimai diqqətin Azərbaycan ədəbiyyatına cəlb edilməsi, ədəbi əsərlərin üzə çıxarılması və stimullaşdırılması, Azərbaycan mədəniyyətinin və ədəbiyyatının sosial əhəmiyyətinin gücləndirilməsidir.



Nigar Köçərli daha sonra bildirib ki, ilk müsabiqələrdən fərqli olaraq, bu dəfə münsiflər heyətinin sırası genişlənib.



Belə ki, mükafatın münsiflər heyəti belədir:



Çingiz Abdullayev

Pərviz Cəbrayıl

Nərgiz Cəlilova

Rafiq Əliyev

Mehriban Ələkbərzadə

Əkrəm Əylisli

Ramiz Fətəliyev

Cəmil Həsənlı

Şahbaz Xuduoğlu

Rüstəm İbrahimbəyov

Hamlet İsaxanlı

Elxan Qaraqan

Niyazi Mehdi

Rəşad Məcid

Afaq Məsud

Qənirə Paşayeva

Sabir Rüstəmxanlı

Ayaz Salayev

Elçin Şıxlinski



Əsərlər noyabrın 16-dək MKM-ə elektron (info@mkm.az) və ya poçt (Z. Tağıyev küç, 19) vasitəsi ilə çatdırılmalıdır. Martın 1-də ekspertlər tərəfindən müəyyənləşdirilmiş 20 ən yaxşı əsərdən ibarət “longlist” (uzun siyası), martın 15-də isə 10 əsərdən ibarət “shortlist” (qısa siyahı) müəyyənləşəcək və qiymətləndirilmə üçün Münsiflər Heyətinə təqdim olunacaq. Regionlarda və təhsil ocaqlarında MKM-in təqdimatları keçiriləcək. İyirmiliyə düşən əsərlərin BookClub müzakirələri, həm Bakıda, həm bölgələrdə. www.mkm.az saytında İnternet səsverməsi keçiriləcək. İyun ayının 4-də isə mükafatın qalibləri elan olunacaq. Münsiflərin rəyləri internet səhifədə açıqlanacaq. Ötən il olduğu kimi, bu il də 1-ci yerin üç min, 2-ci yerin iki min, 3-cü yerin qalibi isə min manat pul mükafatı ilə təltif olunacaq. Qaliblərin kitabları həm kağız həm elektron formatda çap olunacaq. Əlavə olaraq, ən yaxşı uşaq nağılının müəllifinə 300 manat, ən yaxşı gənc yazara 300 manat və ən yaxşı şeirə görə 300 manat məbləğində mükafat veriləcək. Nigar Köçərli bildirib ki, həmçinin yeni elan edilən müsabiqə - ingilis dilindən Azərbaycan dilinə ən yaxşı tərcümə müəllifinə min manat mükafat veriləcək.



Müsabiqədə hekayələr, povestlər, romanlar və digər ədəbi üslublarda yazılmış nəsr əsərləri qəbul olunacaq. Hər bir əsər 40 min işarədən az olmalı deyil. Namizəd əsərlərin müəlliflərinə yaş, cins, yaşama yeri və əsərin nəşr olunma yeri üzrə heç bir məhdudiyyət tətbiq olunmayacaq. Əsərləri yalnız müəlliflər təqdim etməlidir və bura həm dərc olunmuş, həm də dərc olunmamış əsərlər daxildir.



Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1479

Oxşar yazılar