Trampın smartfonu harada istehsal olunacaq? - QALMAQAL
20 iyun 2025 02:11 (UTC +04:00)

Trampın smartfonu harada istehsal olunacaq? - QALMAQAL

Qlobal ticarət müharibələrini başladan və iynədən sapa qədər hər şeyə əlavə gömrük rüsumları tətbiq edən ABŞ prezidenti Donald Trampın şirkəti yeni planını açıqlayıb.

Lent.az xəbər verir ki, Trampa məxsus “Trump Organization” smartfon istehsal edəcək.

Mobil sektorda olmaq istəyən Trump Organization telefonun qiymətinin 499 dollar olacağını açıqlayıb. Telefon sentyabr ayında buraxılacaq və satılacaq.

“Trump Mobile” adlı yeni xidmət, öz veb-saytına görə, limitsiz danışıq, mətn və məlumat, həmçinin yolkənarı yardım və “Telesağlamlıq və Əczaçılıq Yardımı” daxil olmaqla aylıq 47,45 dollarlıq plan təklif edir.

Şirkət Amerika bayrağı ilə həkk olunmuş qızılı rəngli metal korpusa sahib görünən “T1” smartfonunu satacağını açıqlayıb.

Telefonda 6,8 düymlük AMOLED ekran, 120 Hz yeniləmə tezliyi, 50 meqapiksellik kamera, 5000 mAh batareya, barmaq və üz sensoru mövcud olacaq.

Tramp komandasının qürurla ABŞ-da istehsal ediləcəyini iddia etdikləri yeni T1 smartfonu ekspertlər arasında şübhə ilə qarşılanıb.

Telefonun Çin istehsalı olan mövcud modelə bənzəyəcəyi və ABŞ-da bu qədər tez istehsala başlamasının qeyri-mümkün olacağı bildirilir.

Mütəxəssislər Trampın T1 smartfonu ilə Çin istehsalı olan və artıq bazarda olan “Wingtech Revvl 7 Pro 5G” smartfonunun dizaynı və xüsusiyyətləri arasında heyrətamiz oxşarlıqları qeyd ediblər. Çin istehsalı olan cihaz Amazonda təxminən 169 dollara satılır.

Bu oxşarlıq Tramp smartfonunun orijinal ABŞ dizaynı və istehsalı olub-olmaması ilə bağlı ciddi suallar doğurur.

Mütəxəssislər vurğulayırlar ki, ABŞ-da sıfırdan cib telefonu istehsalı müəssisəsi tikmək illər çəkəcək.

Həmçinin bildirilir ki, telefon ABŞ-da yığılsa belə, onun komponentlərinin əksəriyyəti yenə də xaricdən gələcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 532

Oxşar yazılar