Buddizmdəki şər qüvvə: Mara
14 fevral 2025 16:35 (UTC +04:00)

Buddizmdəki şər qüvvə: Mara

Buddizm e.ə. VI əsrdə Hindistanda Siddhartha Qautama (Budda) tərəfindən əsası qoyulmuş qədim bir din, fəlsəfi təlimdir. Bu din, insana narahatlıqlarla dolu olan həyatındakı əzablardan qurtulmağın yolunu xüsusi təlimlər vasitəsilə öyrədir. Buddizm, insanlara düşüncə və davranışlarını idarə etməyi, nəfsdən azad olmağı, mənəviyyatın ən uca mərtəbəsinə - nirvanaya çatmağın yollarını göstərir.  

Siddhartha varlı ailədə dünyaya gəlib, zənginlik içində böyüyüb. Lakin, həyatın ağırlıqlarını, iztirabları, qocalığı, xəstəlikləri, insanların ölümünü görən Siddhartha bütün bu əzablardan qurtulmağın yollarını aramağa başlayır. Beləliklə o, zəngin ailəsini tərk edərək mənəvi axtarışların arxasınca düşür. Nəhayət, o, uzun illər davam edən meditasiya və mənəvi təcrübələr nəticəsində "durulma, aydınlanma" əldə edir. Başqa sözlə desək, “nirvana”ya çatır. Nirvana - ona həyatın əsl mənasını anlamağa, hər cür iztirabdan  qurtulmağa kömək edir. Beləliklə, mənəvi durulmanın yollarını tapan, ali həqiqəti dərk edən Siddhartha Qautamanı "Budda" – yəni, “nurlanmış”, “aydınlanmış” adlandırırlar.

Buddanın təlimi sürətlə yayılmağa başlayır. Budda iztirabların səbəbini istəklərdə görür. İnsan istədyini əldə edə bilməyəndə əzab çəkir. Buddaya görə əzabdan xilas olmağın yolu isə istəməməkdir. Əlbəttə, Buddanın fəlsəfəsi ilk baxışdan sadə görünə bilər, lakin bu təlimi qəbul etmək, onu yaşamaq heç də asan deyil. 

Buddizm tanrısız dindir. Lakin maraqlıdır ki, Buddizmdə də insanları doğru yoldan sapdıran, onları ümidsizliyə sürükləyən, yanlış nəfsin istəklərini alovlandıran “Mara”  adlı bir iblis var. 

Buddizm mifologiyasında Mara, pislik və ölümün simvolu  olaraq qəbul edilir. O, insanları aldatmaq, yoldan çıxarmaq və onların mənəvi inkişafına mane olmaq üçün müxtəlif üsullara əl atır. 

Əfsanəyə görə Mara, Buddanın da aydınlanmasına mane olmağa çalışıb. O, üç gözəl qızla birlikdə meditasiya ilə məşğul olan Buddanın yanına gəlib və onun ruh halını pozmaq istəyib. Lakin Budda, Maranın bu hiyləsinə qarşı müqavimət göstərərək ona uymayıb. 

Əslində, buddizmdə Mara, şeytani bir varlıqdan  daha çox insanın öz içindəki mənfi düşüncə və emosiyaların simvoludur. Mara həm də qorxu, nifrət, tamah, qısqanclıq kimi mənfi hissləri təmsil edir. Buna görə buddizm, insanları öz içindəki "Mara" ilə mübarizə aparmağa çağırır. Buddizmdə Mara ilə mübarizə, insanın öz nəfsini və eqosunu idarə etməsi, mənfi düşüncələrindən azad olması deməkdir. Bu mübarizədə insana meditasiya, dua, xeyirxahlıq və dürüstlük kimi ali keyfiyyətlər kömək edə bilər. Mara ilə mübarizə, insanın içindəki işıqla qaranlıq arasında gedən mübarizədir. Ona görə öz nəfsini yenən, daxilindəki mənfi emosiyalarını məğlub edən, dünyadakı hər cür  iztirab və istəklərdən xilas olaraq nirvanaya qalxan insan əsil buddist sayılır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1860

Oxşar yazılar