70 yaşlı Braziliya sakini Roberto Pedreyra deyir ki, 50 ildir bir qurtum su içməyib, yalnız şirin qazlı içki olan "Coca-Cola"ya üstünlük verir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, xəstəxanada müalicə olunarkən belə, dərmanlarını bu içki ilə qəbul etməkdə israrlı olub.
Roberto son dəfə uşaq ikən su içdiyini iddia edərək tibb mütəxəssislərini təəccübləndirib. O, COVID-19 pandemiyası zamanı xəstəxanada olarkən belə "Coca-Cola" ilə dərman içdiyini etiraf edib. Robertonun Bahia şəhərindəki kafedə dondurmanın üzərinə kola tökdüyü videolar internetdə yayılaraq milyonlarla baxış toplayıb.
"50 ildir su içmirəm. Suyu sevmirəm. Getdiyim bütün həkimlər suyu məsləhət görür. Hətta kola ilə də dərman qəbul edirəm. Su ilə - heç nə, bir damcı da içməmişəm", - o, deyib.
Roberto 2005-ci ildə təqdim ediləndən bəri Coke Zero pərəstişkarı olub, əvvəllər içkinin klassik versiyasına üstünlük verib. 27 yaşlı qardaşı oğlu Joao Viktor Paixao deyir: "Onu tanımayanlar üçün onun hekayəsi fantastik və inanılmaz görünə bilər. Amma mən həmişə onun yalnız bu içkini içdiyini, hətta dondurma üçün sous kimi istifadə etdiyini görmüşəm".
Robertonun ailəsi təsdiqləyir ki, qeyri-adi içki seçimlərinə baxmayaraq, o, COVID-19-dan uğurla sağ çıxıb və ümumiyyətlə sağlamdır:
"O, həqiqətən qazlı içkilərə üstünlük verir, lakin sağlamlığına ciddi yanaşır, mütəmadi olaraq həkimlərə baş çəkir və onların müalicə tövsiyələrinə əməl edir. Dəyişməyən yeganə şey onun içkilərə olan aludəliyidir".