Alimlər 2022-ci ildə Polşada tapılan məşhur "vampir qız"ın qalıqlarını tədqiq edərək onun həyatı ilə bağlı kədərli kəşf ediblər.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, qızın 17-ci əsrdə dəfn edildiyi güman edilir. Dəfn zamanı boğazı oraqla yerə sıxılıb və ayağının barmağından qıfıl asılıb. Alimlərin qeyd etdiyi kimi, o dövrdə yaşayan insanlar vampir hesab etdikləri insanları belə qəribə şəkildə basdırırdılar.
Onlar ümid edirdilər ki, bu ehtiyat tədbirləri pis ruhların qəbirdən qalxmasının qarşısını alacaq. Bundan əlavə, sonradan qızın boğazından sikkə də tapılıb.
Arxeoloqlar "vampirə" Zosya adını veriblər və məhkəmə tibbi texnologiyalardan istifadə edərək onun görünüşünü bərpa etmək qərarına gəliblər. Alimlər qızın 18 yaşında olduğunu müəyyən edə biliblər. Onun mavi gözləri və sarı saçları var idi. O, Polşa, İsveç və Rusiya arasında münaqişələr zamanı yaşayıb.
Tədqiqatda iştirak edən ABŞ-dan olan bir həkim, Zosyanın sümük inkişafındakı anormallıq səbəbindən sinəsinin deformasiyaya uğradığını aşkar edib. Bu patoloji onun ciddi ağrılarına səbəb olub və xaricdən nəzərə çarpa bilərdi. Qızın qeyri-adi görünüşü yəqin ki, müasirlərini onun vampir olduğuna inandırıb.
Bundan əlavə, elm adamları Zosyanın isveçli ola biləcəyini və buna görə də yerli sakinlər tərəfindən "arzuolunmaz qərib" hesab edildiyini irəli sürüblər. Çünki Polşa həmin dövr İsveçlə düşmənçilik edirdi. Bu, onun pis ruhlara aid olması ilə bağlı şayiələr üçün də əsas ola bilər.