Sevgilisi ona Ebru Gündeşlə xəyanət etdi, ailəsini itirdi -  Unudulan məşhurlar
06 yanvar 2023 18:06 (UTC +04:00)

Sevgilisi ona Ebru Gündeşlə xəyanət etdi, ailəsini itirdi - Unudulan məşhurlar

Lent.az “Unudulan məşhurlar” rubrikasında bu dəfə Türkiyədə qadın sənətçi olaraq ən yaxşı elektro gitara ifa edən, təsirli səsi, hüznlü baxışları və ən zil səslə oxuyan müğənni olan – Şebnem Ferah haqqında məlumatları təqdim edir:

Şebnem Ferah 1972-ci il aprelin 2-də Türkiyənin Yalova bölgəsində doğulub. Ailəsi Şimali Makedoniyadan Yalovaya köçən Şebnemin özündən yaşca böyük bir bacısı da var. Onun musiqiyə marağı 5-6 yaşlarından büruzə verib. Ailəsi isə buna qarşı çıxmayıb.

Şebnem ailədə musiqi ilə yaxından tanış olduğu üçün bu sahəyə atılanda artıq savadlı gənc idi. Qızcığaz məktəbdə musiqi təhsili alır və məktəb orkestrində solist olur. Müsahibələrinin birində deyir ki, o, velosipedini bir qohumunun gitarası ilə dəyişir. Liseyi Bursada oxuyur və özünü inkişaf etdirib həyata atılır. Lisey illərində “Pegasus” adlı qrupla çalışır. 15 yaşında ikən ilk dəfə festivalda səhnəyə çıxır. Əsl istəyi isə qız qrupu yaratmaq olur. Şebnem Ferah 1980-ci illərin ortasında Bursada açılan studio sayəsində Sedat Yıldırım Sarıca ilə tanış olur və arzusunu gerçəkləşdirərək, 1988-ci ildə “Volvox” adlı qrupu yaradır.

1994-cü ildə “Volvox” qrupu dağılandan sonra Şebnem öz üzərində xeyli çalışır. Onno Tunç və Sezen Aksu ilə tanış olması nəticəsində şans onun üzünə gülür. Sezen Aksu Şebnemin "TRT" televiziyasında yayımlanan "Kokteyl" proqramında gitarada ifa etməsini görüb "Bu qızı tapın, gətirin mənə", - deyir. Şebnemi o qədər bəyənir ki, onu vokalist olaraq yanına götürür. Beləliklə, gənc qızın qarşısında yeni bir səhifə açılır.

Dövlətin dəstəyi ilə narkotiklə mübarizə uğrunda başladılan kampaniya üçün Gülşen, Harun Kolçak, Pınar Aylin, Emrah, Ebru Gündeş, Yılmaz Morgül, Emel Sayın, Levent Yükselin və daha 23 sənətçinin, 4 musiqi qrupunun,  “Beşiktaş”, “Galatasaray”, “Fənərbaxça”, “İstanbulspor” və “Zeytinburnuspor” futbol klublarının futbolçularının, Yücel Elmas Uşaq Xorunun da yer aldığı “İnsanca yaşamak” mahnısında yer alır. O, klipdə Serdar Ortaçla birlikdə kamera qarşısına keçir.

Musiqiyə sevgisi o qədər güclü olur ki, Şebnem ikinci kursda ikən universiteti atır. Sonralar İstanbula gələndə İstanbul Universitetinin ingilis dili və ədəbiyyatı ixtisasını bitirir. 

Şebnem Ferahın üç oktavalıq səsi var. O, özünü rokdan başqa janrda görə bilmir və bu, onda uğurlu alınır. Şebnem Ferah ağır rok, metal və pop rok kimi janrlarda ifalar edir. Şebnemin 1996-cı ildə təqdim etdiyi ilk albomu “Kadın” adlanır. Bu albomda yer alan “Deli kızım uyan” mahnısını uzun müddət komada yatan bacısı üçün yazıb. Həmin il səhnələrə çıxan gənc müğənni bacısının ölüm xəbərini alır. Dərindən sarsıldığı üçün səsi batır və musiqidən 1 il uzaq qalır. Depressiyada ikən ilk konsertini 1997-ci ildə Ege Universitetində gerçəkləşdirir. Sonra yayımladığı “Vazgeçtim Dünyadan”, “Yağmurlar”, “Bu Aşk Fazla Sana” və “Fırtına” mahnıları ona şöhrət gətirir.

Daha sonra 1999-cu ildə “Artık Kısa Cümleler Kuruyorum” adlı albomunu çıxarır. Yenə də albomundakı “Bugün” mahnısını mərhum bacısına ithaf edir. “Dərd dərdi gətirər” deyimi Şebnem üçün heç də xoş olmayan şəkildə həyatına yansıyır. O, 1999-cu il avqustun 17-də baş verən zəlzələdə atasını itirir. Buna görə musiqiyə ara verir. İki ildən sonra ifaçı “Perdeler” albomu ilə musiqiyə geri qayıdır. Onun bu albomda ən sevilən mahnısı "Sil baştan" hesab edilir. Şebnem Ferah Ozan Tügen, Ceren Tügen, Aykan İlkan, Buket Doran və Metin Türkcan ilə öz qrupunu yaradır. 

“Perdeler” albomunu təqdim etdiyi illərdə “Universal Müzik” şirkətinin direktoru Süha Yavuz ilə eşq yaşayır. Lakin sevgilisi ona müğənni Ebru Gündeşlə xəyanət edir və xəyanət etməsi xəbərini televiziyadan öyrənir. Dərin depressiyaya düçar olan Şebnem yenə musiqidən bir müddətlik uzaqlaşır. 

Təxminən, iki il boyunca heç bir açıqlama vermək istəməyən müğənni ürək sözlərini 2003-cü ildə “Kelimeler Yetse” albomu ilə ifadə edir. Hətta “Senin adın ne” adlı mahnısını Ebru Gündeşə yazdığı deyilir. Bir maraqlı fakt da odur ki, albomdakı “Ben şarkımı söylerken” mahnısında içindəki öfkəni dilə gətirərkən, “uşaq olanda sahib olduğum qırmızı, parıltılı ayaqqabılar” və “gözlərimin ətrafındakı cizgilər” deməsi həyatı boyunca yaşadığı çətinliklərin və xəyanətin necə bir hiss olduğunu ifadə edir. 

Albomlar və duetlər bir yana, film səsləndirməsində də özünü sınayan müğənni “Can kırıkları” albomundan sonra musiqiyə dörd il ara verir. Bundan başqa, qadına şiddətə qarşı çıxan Şebnem Ferah “Ya hep ya hiç” mahnısını oxuyub. O, bu illər ərzində “Ən yaxşı qadın sənətçi”, “Ən yaxşı qadın rok sənətçisi “Ən yaxşı konsert”və s. kimi bir çox nominasiyalarına sahib olur. Onlarla şəhərdə konsertlər verir, dinləyici kütləsi yığır və özünəməxsus tərzi ilə fərqlənməyi bacarır. Hətta “TRT” tərəfindən “Eurovision”  2009 və 2010 üçün təkiflər gəlsə də, o, bu təklifləri rədd edir.

Şebnemin adı bir ara həmkarı Teomanla hallanıb, onların eşq yaşaması iddia olunurdu. Lakin o, yayılan xəbərlərə “Hesab edirəm ki, haradasa bərabər böyümüşük. Aramızdakı dostluq zamanla fərqli cür yozula bilər. Biz də bir-birimizə fərqli duyğular hiss etmiş ola bilərik. İndi isə dostuq”, - cavabını verib. 

Heyranları melanxolik, sıxıntılı və dramatik həyat yaşamış sənətçini o qədər sevirlər ki, ona "Şebo" deyirlər. Pandemiyanı bir çox sənət nümayəndələri kimi evində vaxt keçirən Şebnem Ferah bir qədər kökəlmiş, dəyişmiş formada kameralara tuş gəlib. Hazırda 50 yaşlı rok sənətçisi yalnız və sakit yaşamağa üstünlük verir. 

# 5067
avatar

Nigar Namiq

Oxşar yazılar