Rusiyada bəzi ictimai təşkilatlar və siyasətçilər türk seriallarının ölkədə yayımının qadağan edilməsini təklif ediblər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, onların fikrincə, bu seriallar rus qadınlarının xarizmatik türk aktyorlarına olan marağını artırır, nəticədə onlar yerli kişilərə qarşı maraqlarını itirirlər ki, bu da ölkənin demoqrafik vəziyyətinə mənfi təsir göstərə bilər. Dövlət Dumasının deputatı Vitali Milonov da bu fikri dəstəkləyərək, türk seriallarının mədəni dəyər daşımadığını və rus tamaşaçılarına zərər verdiyini bildirib.
Müğənni və aktrisa Lolita Milyavskaya isə bu təklifə qarşı çıxıb. O, sosial şəbəkələrdə paylaşdığı emosional videoda türk seriallarının qadağan edilməməsini istəyib. Onun sözlərinə görə, bu seriallar əksinə, doğum səviyyəsinin artmasına kömək edir, çünki qadınlar həyatlarına romantika əlavə etmək üçün bu filmlərdən istifadə edirlər. Lolita zarafatla qeyd edib ki, əgər türk serialları qadağan edilərsə, o, Çin və ya Monqol filmlərinə keçəcək.
Onun bu çıxışı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər onun fikrini dəstəkləyib, digərləri isə qeyri-münasib hesab ediblər.
Qeyd edək ki, bu, Rusiyada xarici serialların təsiri ilə bağlı ilk müzakirə deyil.
Daha əvvəl də müxtəlif ölkələrin istehsalı olan serialların yerli mədəniyyətə təsiri barədə debatlar aparılıb.