Milli final konserti başa çatdı
11 fevral 2011 23:48 (UTC +04:00)

Milli final konserti başa çatdı


Fevralın 11-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycan təmsilçisini müəyyənləşdirmək üçün milli final konserti keçirilib. Lent.az-ın məlumatına görə, final konsertində açılışı “Nero” rəqs qrupu edib.

Konsertin aparıcısı Leyla Əliyeva konsert izləyicilərini 4 müxtəlif dildə salamlayıb. Ötən il Azərbaycanı “Eurovision-2010” Mahnı müsabiqəsində təmsil edən ifaçı Səfurə Əlizadə ilk olaraq səhnəyə çıxıb, “Drip-drop” mahnısını ifa edib.

Daha sonra təmsilçilik uğrunda mübarizə aparacaq beş ifaçının ifaları başlayıb.

İştirakçılar arasında səhnəyə birinci Nigar Camal çıxıb. Daha sonra Aynişan Quliyeva, İlqarə İbrahimova, Eldar Qasımov, İlhamə Qasımova ardıcıl olaraq səhnə alıblar.

Finalçılardan sonra Gürcüstanın “Eurovision-2010”dakı təmsilçisi Sofo Nijaradze mahnısını oxuyub, tamaşaçıları salamlayıb: “Mənim üçün hansı iştirakçının seçıiləcəyi önəmli deyil, mən Azərbaycana səs verəcəm, çünki sevimli ölkəmdir!”

Gürcü ifaçı sonra “Eurovision-2010”da səsləndirdiyi “Shine” adlı mahnını Bakı səhnəsində ifa edib.

Qeyd edək ki, bu gün həm də Maltanın “Eurovision-2011” final təmsilçisi seçilir. Konsert zamanı Maltanın münsiflər kürsüsündə əyləşən İTV-nin əməkdaşı Hüsniyyə Məhərrəmova ilə canlı bağlantı qurulub. Maltalılar ifaçılarımıza uğurlar arzulayıblar.

Bu ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin ifa edəcəyi mahnı üzrə müsabiqəyə 60 mahnı təqdim olunub.

Qeyd edək ki, gənc müğənnilər şou günü səhnədə xüsusi geyimlərdə olublar. Eldar Qasımovu səhnədə rəqqaslar və bək-vokalçılar Kazım və Miya müşayiət edib. Tamaşaçılar E.Qasımovun ifasında üç xarici, bir Azərbaycan mahnısını dinləmək imkanı qazanıb.

İlqarə İbrahimovanın bu gün üçün eksklüziv geyimlərini Arzu Məlikzadə hazırlayıb.

Aynişan Quliyevanın səhnə geyimini isə əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova hazırlayıb.

Nigar Camalı final konsertində stilist Anar Ağakişiyev geyindirib. Finalçını səhnədə rəqsləri ilə “Nero” rəqs qrupu müşayiət edib.

Final gecəsinin irəliləyən dəqiqələrində İsveçrənin “Eurovision” təmsilçisi Anna Rossinelli səhnədə öz ifası ilə tamaşaçı qarşısına çıxıb.

Ümumilikdə ifaçilarin hər biri 4 mahnıdan ibarət xüsusi repertuarla çıxış ediblər.

San Marinonun “Eurovision-2011”dəki təmsilçisi də gecənin qonaqları sırasında olub.

Qeyd edək ki, konsert üç saat davam edib. Hazırda münsiflər heyəti səs vermək üçün qapalı görüş keçirir.

Milli Final konserti İctimai Televiziya ilə yanaşı, Eurovision TV, TRT və Gürcüstanın İctimai Televiziyası ilə canlı yayımlanır. Bir azdan Azərbaycanı Düsseldorf səhnəsində keçiriləcək 56-cı “Eurovision” müsabiqəsində təmsil edəcək ifaçının adı məlum olacaq. Azərbaycan müsabiqənin mayın 10-da keçiriləcək I yarımfinalında mübarizə aparacaq. .
Lalə Yusifqızı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1109

Oxşar yazılar