Pişik Günel: “Rəsul Quliyev simpatiçnı kişidi” – MÜSAHİBƏ
04 mart 2009 16:30 (UTC +04:00)

Pişik Günel: “Rəsul Quliyev simpatiçnı kişidi” – MÜSAHİBƏ

Lent.az-ın “Ciddi-Ciddi” rubrikasına bu dəfə Pişik Günel ləqəbli müğənni Günel Ələkbərova danışır. Onun orijinal cavabları sayəsində müsahibənin maraqlı alındığını söyləmək olar. Əvvəlcədən bildirək ki, ona ünvanlanan bəzi suallar yoxlama xarakterli oldu.

- Siyasətlə nə dərəcədə maraqlanırsan?

- Sözün düzü, dərindən maraqlanmıram. Çünki əsas odur ki, hər şey normaldır. “Prosto” xəbərim var ki, bir az krizis (qlobal iqtisadi böhran nəzərdə tutulur – P.A.) var. Ümumiyyətlə, siyasətə qarışmaq mənim üçün tezdir.

- Belə çıxır ki, gələcəkdə siyasətə qarışmaq fikrin var?

- Nə bilim, bunu bilmək olmaz.

- Ümumiyyətlə, siyasətə qarışmağı necə görürsən – deputat olmaqla, yoxsa başqa formada?

- O barədə heç nə deyə bilmərəm axı... Hələ çox tezdi. Hələ ki, müğənniyəm də... Amma bildiyiniz kimi, bizim müğənni deputatlarımız da var. Hətta müğənnilərin arasında gələcəkdə Milli Məclisdə oturmaq istəyənlər var. Onlar indiyə qədər Azərbaycanı layiqincə təmsil ediblər, siyasətdən də anlayışları var. Haradasa 3-4 ilə, bəlkə də 5 ilə onları deputat görürəm.

- Həmin müğənnilərin deputat olmaq niyyətləri barədə fikrin müsbətdir?

- Onların siyasət haqqında fikirləri, sözün düzü, bilmirəm nədi, nə dərəcədədir. Amma onlar artıq Azərbaycanı bir çox yerlərdə təmsil ediblər, siyasəti yaxşı bilirlər – həm yaşlarına, həm dünyagörüşlərinə görə.

- Siyasət sənin üçün nə deməkdir?

- Bilirsiz necədi, siyasət hökumət işi ilə bağlıdı da... Bu haqda mən heç nə deyə bilmərəm. Yəni mənim həddimə düşməz də bu haqda danışmaq.

- Martın 18-də keçiriləcək referendumla bağlı nə deyə bilərsən?

- Martın 18-i referendumdu? Sözün düzü, xəbərim yoxdu.

- Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklər edilməsi təklif olunur...

- Konstitusiya ilə bağlı dəyişikliklər? Nə bilim vallah, xəbərim yoxdu, bilmirəm... (düşünür) Amma yox-yox, xəbərim var. Xəbərim var ki, prezidentimizi həmişəlik prezident seçmək istəyirlər, bu da bizim üçün fəxrdi yəni ki...

- Deməli xəbərin var...

- Hə, var.

- Bunu haradan eşitmisən?

- Nə bilim vallah, eşitmişəm də.

- Hər halda kimdən eşitdiyin maraqlıdı.

- Nə bilim, camaatdı da. İnsanlardır, öz aralarında danışanda eşitmişəm... Necə deyim e, sözün düzü, mən çox müsahibələr vermişəm. Ancaq siyasət haqqında məndən müsahibə götürməyiblər.

- Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı nələri bölüşə bilərsən?

- Mənə bu cür suallar vermə də... Qarabağ nəyi?

- Münaqişəsi.

- Siz elə danışırsız ki, elə bil siyasətçiyəm. Mən axı müğənniyəm.

- Axı müsahibənin siyasi mövzuda olduğunu demişdim.

- Yenə deyirəm, siyasətə qoşulmaq mənim həddimə düşməz. Mən öz işimlə məşğulam. Ancaq Qarabağla bağlı deyə bilərəm ki, yaxşı olardı ki, biz torpaqlarımızı geri götürək. Bizim yeganə problemimiz odu ki, torpaqlarımızın 20 faizi işğal altındadı. Bizim hamımızın, hər bir azərbaycanlının arzusu, istəyi odu ki, torpaqlarımız geri qayıtsın. Başqa heç nə deyə bilmərəm.

- Ermənilərin Azərbaycan torpaqlarından çıxması ilə bağlı BMT-nin qətnamələri var. Hətta İTV-nin xəbərlər buraxılışından əvvəl hər dəfə bu barədə məlumat verilir. Bu barədə eşitmisən?

- Vallah mənim kino çəkilişlərim var, hazırda kinoya çəkilirəm. Heç televizora baxmağa imkanım yoxdu. Ola bilər bu mənim üçün bir mənfi haldır. Amma doğrudan da eşitməmişəm.

- Torpaqların müharibə yolu ilə qaytarılması perspektivinə necə yanaşırsan? Azərbaycan müharibə etməlidirmi?

- Mən siyasətə baş qoşmaq istəmirəm. Ancaq torpaqları müharibə yolu ilə almaq olar.

- Onda sülh danışıqları dayandırılmalıdır?

- Yox... (düşünür, sonra da gülür) Mən hardan bilim sülh danışıqları dayandırılmalıdır, ya nəsə? Mən siyasətçi deyiləm. Ancaq 17 ildi ki, eşidirəm sülh danışığı gedir. Həmişə sülh danışığı gedir, ancaq ortalıqda heç nə yoxdu. Mənə elə gəlir ki, bu məsələni ancaq müharibə yolu ilə həll etmək olar. İnşallah, yaxşı olar. Belə də ki, müharibə yolu ilə də olsa, bizim elə oğullarımız var ki, onlar torpaqlarımızı geri almağa qadirdir.

- Söhbətin əvvəlində qlobal böhrandan xəbərdar olduğunu dedin. Beynəlxalq siyasət mövzusunda daha nələrdən xəbərin var?

- Məsələn, xəbərim var idi ki, Türkiyənin ekstremist düşmənlərimizlə – ermənilərlə nə isə bir sərhəd açılması, yoxsa başqa məsələ var idi. Ancaq Ərdoğan onu qəbul eləməmişdi. Yəni Ərdoğan bu barədə fərman imzalamamışdı.

- Kim demişdi ki, gəl sərhədləri açaq?

- Bilmirəm sərhəddi, ya nədisə, axırı nədisə Ərdoğan imzalamadı.

- Deyəsən, Türkiyə və Ermənistan bir-birilə əlaqə qurmaq istəyir...

- Vallah, əlaqə qurmaq istəyirdilər, ancaq Ərdoğan razılıq verməyib.

- Gürcüstan-Azərbaycan münasibətlərini necə qiymətləndirirsən?

- Əla!

- Nəyi əladı?

- Prosto onlara qaz veririk də.

- Bəs Gürcüstan bizə nə verir?

- Məncə, heç nə. (gülür) Limonad, “Borjom” verirlər.

- Azərbaycanın Gürcüstana qazı digər ölkələrlə müqayisədə ucuz satmasından xəbərin var?

- Ucuz satır? Bəlkə onların qazı baha almağa gücü çatmadığından güzəşt edirik. Ümumiyyətlə, Azərbaycan xalqı çox ürəkli xalqdır.

- Qazı xalq satır?

- Onu satan hökumət adamları da xalqın nümayəndələridi də.

- 2008-ci ildə Rusiyanın Gürcüstanda törətdiyi hadisələrdən xəbərin varmı?

- Hətta 90-cı ildə Azərbaycanda törətdiklərindən də xəbərim var.

- Mümkünsə, bu barədə bir az danış.

- Nə danışım e... Rusiyanın bir nümayəndəsi var idi, adı yadımdan çıxıb. Hə, o Bakıya gələn vaxt jurnalistlərdən bir ondan müsahibə aldı. Müsahibə Dağlıq Qarabağ və 20 yanvar hadisələrində rusların əlinin olub-olmaması mövzusunda idi. O jurnalistə tərs, kobud cavab verdi. Mənə elə gəlir ki, onu heç Azərbaycana buraxmaq lazım deyildi. Elə aeroportdan geri qaytarmaq lazım idi. Çünki jurnalist azərbaycanlıdır, o rus da Azərbaycandaydı. Rusiyada bizimkiləri sevmirlər, “qara millət” deyirlər. Bizimkilərin hüquqları yaxşı qorunmur. Rusiyada yalnız müəyyən azərbaycanlı iş adamlarının hüquqları qorunur. O da imkanlarına görə. Ancaq Azərbaycanda, Bakıda o qədər rus var, bizimkilər onlarla yaxşı rəftar edir.

- Deyilənə görə, Bakıda ermənilər də yaşayır...

- Niyə yoxdur, var. Sözün düzü, özüm də buna məəttəl qalıram. Əslində çox mənfi haldır. Bu, doğrudan da qlobal problemdir. Axı niyə bizim torpaqlarda düşmənlər yaşamalıdır? Adlarını, soyadlarını dəyişdirirlər.

- Bakıda yaşayan ermənilərdən tanıdığın var?

- Var, niyə yoxdu.

- Kimdi? Vəzifəlidi, yoxsa sıravi adamdır?

- Vəzifədə, siyasətdə demirəm, ancaq şou-biznesdə var.

- Kimdi?

- Niyə deyirəm?!

- Qorxursan?

- Qorxmuram, ancaq nəyimə lazımdı?

- Qonşu dövlətlərlə münasibətlər barədə sualları davam etdirirəm. Azərbaycan-İran münasibətlərini necə qiymətləndirirsən?

- Məncə, normaldır. Çünki onlar da İslam dövlətidir.

- Bəs orada yaşayan azərbaycanlılarla bağlı xəbərin var?

- Yox.

- Cənubi Azərbaycanda 30 milyondan çox azərbaycanlının yaşadığını bilmirsən?

- Başqa dövlətlərdə soydaşlarımızın yaşaması bizim fəxrimizdi.

- 30 milyondan çox azərbaycanlının yaşadığı yerlər elə tarixən Azərbaycan torpaqladır.

- Mən istəyərdim ki, bütün torpaqlarımız geri qayıtsın. Birində 20 faiz, o birisində 30 faiz. Belə şey olar?

- 30 faiz yox e, 30 milyon soydaşımız yaşayır... Təbriz şəhəri haqqında eşitmisən?

- Hə.

- Nə eşitmisən?

- Təbrizin əvvəlki adı haqda... Yadımdan çıxıb. Təbrizin əvvəlki adı nə olub?... Bilmirəm. Sən canın düz demədiyim informasiyanı yazma. Söz verirəm, bundan sonra çoxlu qəzet oxuyacam, internetdə ancaq siyasətlə maraqlanacam. Gələn müsahibədə elə cavab verəcəm ki, elə biləcəksən deputatam.

- Azərbaycan-Türkmənistan münasibətlərini necə şərh edərdin?

- Məlumatım yoxdur.

- Türkmənbaşı barədə eşitmisən?

- Şeydi də... Nazarbayev.

- İndi də?

- Ola bilər, xəbərim yoxdu. Ancaq Nazarbayevi tanıyırdım.

- Gürcüstan-Rusiya müharibəsində günahkar tərəf hansı dövlət idi?

- Nə bilim, yəqin ki, ruslar.

- Türkiyə-Yunanıstan münasibətlərindən necə, xəbərin varmı?

- Artıq onlarda sülhdü. Sərhədlər də açılıb, rahat gedib-gələ bilirlər.

- Xarici siyasətlə bağlı yadına başqa hansı hadisələr düşür?

- Məsələn, Amerikanın prezidentinin dəyişməyi. Qara millətdən olan kimsə hakimiyyətə gəldi.

- Səncə bu, müsbət, yoxsa mənfi haldır?

- Hələ təzədir də. İndidən bilmərik. İnsanın əgər ağlı, şüuru varsa dövlətin, hakimiyyətin öhdəsindən gəlirsə, ona baxarıq da. Ancaq insanın rəngi fərq eləmir. Əsas ağlıdı.

- Barak Obamanı ağıllı sayırsan?

- Təzədi də, hələ heç nə bilmirəm.

- Azərbaycanla bağlı daha bir neçə sual. Artur Rasizadəni tanıyırsan?

- Artur Rəsulzadəni? Əlbəttə, tanıyıram.

- Bəs Rəsul Quliyevi?

- Tanıyıram. Milli Məclisin keçmiş baş sədriydi.

- Artur Rasizadənin və Rəsul Quliyevin indiki vəzifələrini açıqlaya bilərsən?

- Rəsul Quliyev spiker idi, o Milli Məclisdə otururdu. Amma Artur Rəsulzadə... Deyəsən o da Milli Məclisdə otururdu. Deyəsən o da spiker idi.

- Bəs indi harada oturur?

- Baş nazirdi də deyəsən.

- Səncə onun vəzifəsini artırıblar, yoxsa azaldıblar?

- Eee, elə suallar verirsən ki. Birdən səhv cavab verərəm.

- Bəs Rəsul Quliyev indi hansı vəzifəni tutur?

- İndi heç Azərbaycana yaşamır, Amerikadadır.

- ABŞ-a nə üçün getdiyini bilirsən?

- Yox.

- Onun partiyası barədə məlumatın var?

- Məncə onun partiyası yoxdu, dağılıb. Əgər Azərbaycanda yoxdusa necə partiyası ola bilər?

- Rəsul Quliyev Azərbaycanda olanda partiyası var idi?

- Mən bilmirəm, o vaxt uşaq idim. Ancaq onu bilirəm ki, ağbaş, simpatiçnı bir kişidi.

- İsa Qəmbəri tanıyırsan?

- Bəli, tanıyıram.

- Kimdi?

- Eynəkli bir kişidi, bığları da var.

- Formasını demirəm, yəni nə işlə məşğuldur?

- O da deyəsən hansısa partiyanın üzvüdü.

- Bəs Əli Kərimli?

- Onu da tanıyıram. Əli Kərimli “oranjevıy” rəngdə köynək geyirdi.

- Niyə o rəngi seçmişdi?

- Çünki onun partiyası şey idi də... Axır hansısa partiyanın üzvüydü də. Bir dəfə Milli Məclisdə onunla bir nəfər ağbaş kişinin davası düşmüşdü. Onlar Milli Məclisdə söyüşdülər, bir-birlərini təhqir elədi.

- Bu münaqişədə günah kimdə oldu?

- Nə bilim... Deyəsən indi Əli Kərimli buralarda yoxdu.

- Hardadı?

- Bilmirəm. Təkcə onu bilirəm ki, daha Milli Məclisdə oturmur...

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3153

Oxşar yazılar