Manaf Ağayev: “Eltonun alnına necə yumruq ilişdirdimsə, “Toylar kralı”nın dekorasiyası dağıldı”
03 mart 2009 12:00 (UTC +04:00)

Manaf Ağayev: “Eltonun alnına necə yumruq ilişdirdimsə, “Toylar kralı”nın dekorasiyası dağıldı”

“Toylar kralı” yarışmasının qalibi, müğənni Manaf Ağayev efiri və efirdə çox görünən müğənniləri bəyənmir. Müğənni Lent.az-a müsahibəsində özü və sənət aləmində qarşılaşdığı hadisələr barədə maraqlı açıqlamalar verdi.

- İndiyə qədər sizi xalq arasında tanıyırdılar. Deyilənlərə görə, efirdə görünməyi sevmirsiniz. Bəs necə oldu ki, həftələrlə “Toylar Kralı”nda iştirak etdiniz, yarışmanın qalibi oldunuz?

- Düzü, Kamran Həsənli ilə əvvəldən tanışıq, hara gedirəm, bütün toylarda Kamran var, Türkiyəyə gedirəm, İsrailə gedirəm Kamran ordadır. O bilirdi ki, camaat məni çox istəyir. Dedi, “sizinlə bağlı proyekt həyat keçirmək istəyirəm”, mən də razılaşdım...

- Yarışdan sonra nə dəyişdi?

- Açığı, heç nə. Onsuz da toylara gedirdim. Sadəcə, efirdə təsdiqləndi ki, mən həqiqətən də camaatın sevdiyi müğənniyəm, xalqın sevdiyi adamam.

- Xalqın sizi xalq artistlərindən çox sevdiyinə əminsiniz?

- Əlbəttə, çox sevir, bəs altı il əvvəl oxuduğum “Canı yanmış” niyə dillər əzbəridir? Etiraf edin ki, xalq bu mahnını sevir!

- Sizə yaxın olan müğənnilərdən biri mənə dedi ki, hamı Manaf Ağayevin “Canı yanmış”ından danışır, amma Ədalət Şükürovun “blatnoy” mahnılarını deyən yoxdur. Bu sizin fikriniz idi?

- Düz deyib. Təkcə mənim “Canı yanmış” mahnımı məsxərəyə qoydular. Veriliş həsr elədilər, yazdılar-pozdular. İndi oxuyacağam, qulaq asarsınız. Nə var, o mahnının mətnində? Uşaq üçün yazılıb. Biri var, xalq mahnısı, bir də var, xalqın mahnısı. Bəs qədimdən oxunan mahnı var ey, “qoynunda var, bir cüt bar, ay biri heyva, biri nar”, ondan niyə danışmırlar? Nə çox belə mahnı sayaram. Bəs mən nə oxumuşam? “Ulduzsan aysan, ay canı yanmış, nə bəxtəvərsən, ay canı yanmış”. Uşağa xitabdır də! Amma Aygün Kazımova meyxana oxuyur, onu demirlər...
Qaldı ki Ədalətin oxumağına, mahnıları pis mahnı deyil, Boka stilli mahnılardı.
Mənim səhvim onda olub ki, bu mahnını xərc töküb yaxşı aranjeman elətdirməmişəm. O qədər yaxşı aranjeman olunmuş zay mahnılar var ki, heç mahnıların mətninə fikir vermirlər.

- Tanınmış müğənnilərlə münasibətiniz necədir?

- Düzünü desəm çoxundan zəhləm gedir. Az qisim müğənni var ki, bəyənirəm.

- Bəlkə konkret bəyənmədiyiniz müğənninin adını çəkəsiniz?

- Əşi yox, sən Allah nə ehtiyac var? Kişi xeylağı qeybət qırar? Mən ad çəksəm, onlardan nə fərqim oldu? Özləri yaxşı bilir kimlərdir. Nadirdi, Eyyubdu, bunlar yaxşı oxuyur.

- Bəlkə səbəbi populyar müğənnilərin sizə yuxarıdan aşağı baxmasıdır?

- Yox ey, yox. Onlarla məclislərdə görüşürəm. Məclisdə də sənət göstərmək lazımdır, xalq artisti olmursan, kim olursan ol. Əksinə, çoxunun məclisdə gülünc vəziyyətdə düşməsinə şahid olmuşam. Bəzən toyda yaxınlaşıb deyirlər, “nə olar qurban olum, minusovkanı ver də”. Deyirəm “məndə yoxdu, verə bilmərəm”.

- Bilərəkdən vermirsiniz?

- Hə. Gəlsin, oxusun də, boş-boş danışmaqla deyil ki! Onlar efirdə danışa bilərlər e, məclisdə mənə yuxarıdan aşağı baxa bilməzlər. Mənim nəslim-köküm oxuyandır, on iki-on üç albom çıxarmışam, heç kimin xəbəri yoxdur. O “mənəm-mənəm” deyənlər mənə həsəd aparırlar. Niyə mən bütün günü Moskvada, orada-buradayam? Ayın 30 günü toydayam. O boyda türk dünyasının kralını mən gətirmişəm Azərbaycana.

- Bəs niyə hamı dedi ki, Nüşabə Ələsgərli gətirib?

- Nüşabə ya mən, nə fərqi var. Mən Nüşabə Ələsgərlinin kirvəsiyəm. Bir qohum, dost, qardaş kimi arxa olaraq, Tatlısəsi gətirdim. Pul barəsində yox a, sadəcə mən Tatlısəslə danışıb kiçik toya gətirdim. Mənim yerimə kim olsaydı, kanalları yığıb gətirərdi ki, baxın, mən İbrahimlə gəzirəm. Bütün günü şəhərdə bir yerdə gəzdik, çay içdik, çörək yedik. Heç kimi başıma yığmadım. Neçə gün bir yerdə olduq, bir dəfə istifadə edib demədim ki, müğənniyəm, kasetim var, məni verilişinə çağır.

- Niyə demədiniz?

- Çünki mən o şou adamları kimi onunla-bununla fəxr eləmirəm, biz kişiyik. Amma ağzıgöyçəklər mənim haqqımda bilirsiniz nə dedilər? Dedilər, Manaf İbrahimə sürücülük edib. Əvvəla, İbrahim mənimlə yanaşı maşında şəhəri gəzib. Sonra dedi, “Manaf düş, maşını mən sürüm”. Ona qalsa, İbrahim mənə şoferlik edib. İkincisi də İbrahimə şoferlik də eləsəm, özümə şərəf bilərəm.

- Bir sual verim, səmimi cavab verin, “Toylar kralı”na nə qədər pul qoymuşdunuz?

- Vallah, billah, mənim əhatəmdə olan dostlar, qardaşlarım pul qoyub. Amma bütün bu SMS-lər tək onların gücü deyil. Çoxu toyunda, məclisində iştirak etdiyim, məni istəyənlərdir. Bir şeyi başa düşün ki, ya yaxşı oxuyan olmalısan, ya da yaxşı oğlan. Onların ikisi də məndə var. Düzdü, bunu deməyi şəxsiyyətimə sığışdırmıram. Amma indi məcburam. Mən Füzulidənəm, məcburi köçkünəm. Dörd qardaş, dörd bacım var, gedin yoxlayın, hamısı “energetikanın” yataqxanasında qalır. Əksinə, mən onlara dayağam. Uşaqlarını oxuduram, birinə maşın alıram, birinə ev almaqda kömək edirəm. Mən o pulu SMS-ə niyə xərcləyirəm, başqa problemim yoxdur?

- Yaxşı bu qədər əlaqələriniz genişdirsə, hörmətiniz-izzətiniz böyükdürsə, niyə efirə çıxmırsınız, professional musiqiyə addım atmırsınız?

- İstəmirəm, Vallah, istəmirəm. Mən indiki halımdan çox razıyam. Düz iyirmi beş ildir, toylara gedirəm. Nəyimə gərəkdi efir? Bütün günü toyda oxuyuram. El arasında hörmət qazanmışam. Kimin üçün efirə çıxım? Bir də mən ədalətsizliyə dözmürəm, yalanı sevmirəm. “Toylar kralı”nda bir oğlan oxuyurdu, Allaha and olsun, kimliyini bilmirdim. Akif İslamzadə həmin gənci tənqid elədi, ki, vətən haqqında belə oxumazlar, o mahnıya alqış edilməz. Mən də etiraz elədim. Elton (müğənni Elton Hüseynəliyev) da o tərəfdən başladı Akif İslamzadəyə şirinlik eləməyə. “Sən Akif İslamzadənin sözünə etiraz edirsən?” Dözə bilməyib dedim, “ağzını yum”. Başladı üstümə kəkələnməyə. Artıq özümü saxlaya bilməyib alnına necə vurdumsa, verilişin dekorasiyası dağıldı. Təbii ki, onlar efirə getməmişdi. Allaha qurban olum, Akif İslamzadə ona “sən kimsən, məni müdafiə edirsən? Mənim dilim-ağzım yoxdur?” – dedi. Yəni onu demək istəyirəm ki, elə mühit mənlik deyil.

- Qalmaqaldan uzaq müğənni efirdə çoxdur...

- Yenə deyirəm. Mən efirə çıxsam, ac qalacağam. Pulu tökəcəyəm, bütün günü efirdə görünəcəyəm. Yazdırdığım bəstəkar mahnılarına heç kəs qulaq asmayacaq. Niyə camaat məni bütün günü Rusiyaya, ora-bura çağırır? Onların eşitmək istədikləri mahnını oxuyuram, ona görə. Qoy bunu deyim, birdəfəlik bilin, kütləm böyükdür.
Bir dənə simfonik orkestrin müşayiəti ilə mahnı yazdırmışam. Onu qəsdən yazdırmışam. Kim sənətdən danışsa, qulaq asdıracağam, qoy eşitsin.

- Belə çıxır ki, “Toy müğənnisi” adı ilə barışıqsınız...

- Bir dəfə bir toyda iştirak edirdim. Toy da bəzilərinin dediyi kimi “elit” toy idi. Hamı da “Canı yanmışa” oynayırdı. Oxuduğum yerdə mahnını yarımçıq kəsib dedim, “bəs deyirdiniz bu mahnı bozbaşdı? Niyə oynayırsınız, Oynamayın”. Camaat gülməkdən uğundu. “Elit” müğənni nəyə deyirsiniz? Mən elə toylara gedirəm ki, stolun qiymətindən bilinir ki, məclisdə oturanlar kimlərdir. Onda mən “elit” oldum? Müğənni var, gedir imkanlı birinin toyunda, məclisində oxuyur, sonra kaseti ora-bura yayır ki, “vesi” görünsün. Əşi, elə adamlar var ki, toyda mənim mahnılarımı onlara döyə-döyə oxudublar...
Leyla
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7415

Oxşar yazılar