Səhər tezdən “paxmel” başla özünü lüt görən gənc qız yanındakı kişini bıçaqlamışdı. Hazırda bu cinayət işinin məhkəməsi keçirilir.
Lent.az xəbər verir ki, sözügedən hadisənin prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir. 18 yaşlı Səbinə Vəliyeva barəsində açılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Prosesə hakim Səbuhi Hüseynov sədrlik edib. Bu gün keçirilən prosesə, şahid qismində cəlb edilənlərin bir çoxu gəlməmişdi. Prosesdə yalnız şahid A.K (ad şərtidir) ifadə verdi. O, ifadə verərək Səbinə Vəliyevanı hadisə yerində görmədiyini bildirib.
Şahidin sözlərinə görə, təqsirləndirilən şəxsi yalnız kafedən tanıyıb:
“Salamımız olub, dostluq münasibətimiz vardı. Hadisəni isə kafe müdiri mənə deyəndə eşitdim. Müdirimiz dedi ki, sənin dostun adam bıçaqlayıb”.
Qeyd edək ki, istintaq materiallarına əsasən, Səbinə Vəliyeva 2024-cü ilin yanvar ayında qeyri-rəsmi münasibətdə olduğu Fərid Hüseynzadəyə yatdığı yerdə bıçaqla çoxsaylı zərbələr endirib. Onlar birlikdə spirtli içki qəbul etdikdən sonra Səbinə səhər özünü çılpaq vəziyyətdə gördüyünü deyərək əsəbiləşib və bıçağa əl atıb. O, bu addımını özünü təhqir olunmuş hiss etməsi ilə izah edib.
Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin:
29-cu (Cinayət etməyə cəhd), 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adamöldürmə),120.2.9-cu (Təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adamöldürmə) maddələri ilə ağır ittihamlar irəli sürülüb. Səbinə Vəliyeva ittihama görə özünü qismən təqsirli bilib.
Məhkəmə prosesi 15 iyul 2025-ci il tarixinə təxirə salıb.
Fidan Fərmanlı