CİNAYƏT İŞİ
Qısa arayış...
2023-cü il noyabrın 2-də Bakının Binəqədi rayonunda kişi arvadını qətlə yetirib. Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə gələn Qədir Qasımov qeyri-rəsmi arvadı Zülfiyyə Xamoyevanı öldürdüyünü bildirərək, növbətçiyə bıçağı təqdim edib.
Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanıblar. Məlum olub ki, cinayət hadisəsi “Motodrom” adlanan ərazidə yerləşən nömrəsiz fərdi evdə baş verib.
Pilləkənlərin üzərində 1986-cı il təvəllüdlü Zülfiyyə Xamoyevanın meyiti aşkar edilib. Hadisəni törədən Qədir Qasımov 1981-ci ildə Ağdaş rayonunda anadan olub, əvvəllər məhkum olunmayıb.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, Qədir Qasımov noyabrın 2-i saat 7 radələrində spirtli içki qəbul etdikdən sonra, əvvəllər onunla qeyri-rəsmi yaşamış Zülfiyyə Xamoyevanı öldürmək qərarına gəlib. Buna görə, Motodrom yaşayış massivində yerləşən birmərtəbəli tikilinin qapısına təpiklə zərbə vuraraq, içəri daxil olub. Səsə yuxudan oyanan azyaşlıların gözləri qarşısında, yalvarışlarına məhəl qoymadan Zülfiyyənini üzünə yumruqla zərbələr vurub. Ardınca bıçaqla qadının bədənin müxtəlif nahiyələrinə xəsarətlər yetirib. Zülfiyyə Xamoyeva xilas olmaqdan ötrü qaçıb çölə çıxanda pilləkənlərin üzərində müvazinətini itirib yerə yıxılıb. Qadının öldüyünü və öz məqsədinə çatdığını anlayan Qədir Qasımov hadisənin şahidlərinə “Zülfiyyə ölməli idi, yaxşı eləyib vurmuşam, indi də kişi kimi gedirəm polisə” deyərək, soyuqqanlı şəkildə ordan uzaqlaşıb.
İş üzrə dindirilmiş Qədir Qasımov bildirib ki, Zülfiyyə Xamoyeva ilə 16 il qeyri-rəsmi ər-arvad kimi yaşayıb:
“2010-cu ildə oğlumuz Hüseyn, 2013-cü ildə qızımız Şəbnəm dünyaya gəliblər. Bakının müxtəlif yerlərində kirayədə qalmışıq. Axırıncı dəfə Xocasən qəsəbəsində qaldığımız evi sahibi gözlənilmədən satmaq qərarına gəldiyindən ordan çıxmalı olduq. Kirayə ev axtarsam da tapa bilmədim. Məcburiyyət qarşısında arvadım və uşaqlarım qayınanamın evində qaldılar. Bir müddətdən sonra Xocasəndə, növbəti evi kirayələdim. Arvadım mənim şikəst və vərəm xəstəsi olduğumu bildirərək, birgə yaşamaqdan imtina etdi. Zülfiyyənin restoranda işlədiyini biləndən sonra, onu öldürmək qərarına gəldim. Noyabrın 2-də ayağımla qapıya zərbə vurub bir mərtəbəli tikiliyə girdim. Bir otaqda Zülfiyyə ilə qızım, digərimdə bacanağımla oğlu yatmışdı. Yuxudan oyanan arvadıma zərbələr endirdim və sonra polis bölməsinə gedərək, təslim oldum”.
Zərərçəkmiş şəxsin hüquqi varisi Qələm Əzizova ifadəsində göstərib ki, qızı Zülfiyyə yoldaşı Qədirlə yola getmədiyindən son 1 il ərzində onun yanında qalıb, qızına və nəvələrinə də o baxıb:
“Qədir dəfələrlə bıçaqla evimə gəlsə də, Zülfiyyə bunu mənə deməyib. Polisə şikayət etməyi məsləhət görsəm də, qızım övladı olduğunu bildirərək, Qədirlə barışmağa ümid edirdi. Hadisədən 15 gün əvvəl Zülfiyyə bacısıgildə qalacağını söyləyərək, ora getdi. Səhərə yaxın Qədir evə gələrək, uşaqların gözləri qarşısında Zülfiyyəni öldürüb. Nəvəm Şəbnəm yalvararaq ağlayıb, digər nəvəm İslam Qədirin qolundan tutmağa çalışanda, qızım fürsətdən istifadə edib bacısının yanına qaçıb. Bir neçə dəqiqədən sonra aldığı xəsarətlərdən Zülfiyyə dünyasını dəyişib”.
Qələm Əziziva əlavə edib ki, Zülfiyyə Nərimanov rayonunda yerləşən restoranda qabyuyan işləyirdi, Qədir isə bunu istəmirdi. Tez-tez aralarında mübahisələr yaranırdı. Qədir hər gün spirtli içki qəbul edirdi, hadisə günü də o içkili olub. Hadisədən bir gün əvvəl Qədirin oğlu Hüseyn evinə gələrək deyib ki, anası özünü gözləsin, çünki atası onu öldürməyə hazırlaşır.
Şahid Sitarə Həmidova ifadəsində göstərib ki, ailəsi ilə Xocəsən qəsəbəsində qalarkən, Qədir mütəmadi spirtli içki qəbul edib:
“Zülfiyənin işləməsinə etiraz edirdi, işləyən qadınların abırsız olduqlarını deyirdi. Hadisə günü qışqırıq səsinə yuxudan oyandım. Bacımgil yatan otağa tərəf qaçanda Qədirin əlində bıçaqla dayandığını gördüm. Zülfiyyə məndən kömək istədi və demək olar ki, qapının qarşısında əlləri üstündə yıxıldı. Bacımın boynundan təzyiqlə qan axırdı”.
Şahid İslam Həmidov ifadəsində göstərib ki, noyabrın 2-nə keçən gecə otaqda xalası Zülfiyyə və onun qızı Şəbnəmlə yatıb:
“Səhərə yaxın qapı möhkəm zərbə ilə açılan kimi, içəri xalamın əri Qədirin girdiyini gördüm. Qədir Zülfiyyəyə bıçaqla təxminən 7-8 dəfə zərbə vurdu. Araya girib onu kənara itələyəndə, xalam pilləkənlərə tərəf qaçdı və orda yıxılıb öldü. Qədir əsasən, zərbələri sağ və sol çiyinlərinə, axırıncı zərbəni isə belindən vurdu. Mən və xalam qızı Şəbnəm Qədirin Zülfiyəyə zərbələr endirdiyini gördük”.
Şahid Hüseyn Xamoyev bildirib ki, noyabrın 2-də atası bıçağı götürüb evdən çıxıb:
“Hara getdiyini soruşanda atam “ananı öldürməyə gedirəm” deyərək, gülüb. Atam əvvəllər də bir neçə dəfə zarafatla bu cür sözlər söylədiyi üçün, onun yenə zarafat etdiyini düşündüm. Saat 7:30-da atam evə qayıdıb, məni yuxudan oyatdı. Mənə “ananı öldürmüşəm, get bax, mən də polisə gedirəm” dedi. Mən dərhal yerimdən qalxıb xalamın yaşadığı evə getdim. Ora çatanda, həyətdə anamın meyitini gördüm. Bir qədər sonra hadisə yerinə polislər və təcili yardım işçləri gəldilər. Anam restoranda işlədiyindən, həm də atamla yaşamaq istəmədiyi üçün atam anamın başqa şəxslərlə münasibəti olduğunu düşünürdü”.
Məhkəmə prosesində Qədir Qasımov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib.
Məhkəmə nəticəyə gəlib ki, ibtidai istintaq orqanı tərəfindən Qədir Qasımovun əməlləri Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə düzgün tövsif olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Qədir Qasımov 18 il müddətinə azadlıqdan məhrum olunub.