Rusiyanın paytaxtı Moskvada 53 yaşlı kişi tanımadığı şəxsdən pul istədiyi üçün ayağından üç güllə yarası alıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Biryulyovo-Vostoçnoye rayonunda baş verib. Atəş açan şəxs qaçmağa cəhd etsə də, polis əməkdaşları tərəfindən saxlanılıb.
Zərərçəkən bildirib ki, o, 22 sentyabr gündüz saatlarında həyat yoldaşı ilə birlikdə Donbasskaya küçəsindəki supermarketə gedib. Məqsədi ərzaq almaq olub, lakin pulları çatmayıb. Buna görə də o, yoldan keçəndən 10 rubl (təxminən 20 qəpik) istəyib. Qeyd olunur ki, həmin kişi əvvəllər oğurluq və qarətə görə məhkumluq həyatı yaşayıb və hazırda heç yerdə işləmir.
“Tanımadığım adam heç bir səbəb izah etmədən travmatik tapançadan atəş açdı. Sol ayağıma üç dəfə atəş etdi. Hətta yoldaşımı da nişan aldı, amma vura bilmədi”, – deyə yaralı hadisə yerinə gələn polis əməkdaşlarına danışıb.
Bundan sonra atəş açan şəxs Kasimovskaya küçəsi istiqamətində qaçıb, lakin polis tərəfindən saxlanılıb.
Zərərçəkənə tibbi yardım göstərilib, güllələr çıxarılıb, tikiş qoyulub. Bir qədər sonra o, polis şöbəsində təqsirkarla üz-üzə gətirilib. Hadisə ilə bağlı yoxlama aparılır.