Rusiyanın Yekaterinburq şəhərində əsas kriminal avtoritet, cinayətkar aləmdə ən yüksək mövqeyi tutmaqda ittiham olunan Marsel Həsənovun cinayət işində, yüngül həyat tərzi keçirən bir qadının ifadələri yer alır.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Həsənovun özü bildirib.
“Cinayət işimdə əgər onlar məni ‘nəzarətçi’ adlandırırlarsa, ortada cinayətlər, hansısa kriminal qruplaşmalar olmalıdır. Amma mənim işimdə bir il əvvəl narazı qalmış yüngül həyat tərzi keçirən bir qadın var — vəssalam. Hansısa qəbzlər, 400 minlik köçürmə. Mən vəkilə deyirəm: müstəntiqə sual ver, bu pullar haradandır? Əgər soruşsanız, aydın olacaq ki, mənim bu pullarla heç bir əlaqəm yoxdur. Üç həftədir ki, vəkillər istintaq təcridxanasına yanıma gəlmirlər,” — deyə Həsənov açıqlayıb.
Qeyd olunur ki, Həsənov bir neçə ay əvvəl həbs edilib. Hüquq-mühafizə orqanlarının fikrincə, o, 2024-cü ilin sonunda Sverdlovsk vilayətinə nəzarət edən “nəzarətçi” postunu tutub. İstintaq təcridxanasında Həsənov müəssisə əməkdaşını təhqir edib və ona hədə-qorxu gəlib. Buna görə də onun barəsində əlavə iki cinayət işi açılıb. Kriminal avtoritet özünü təqsirli saymır və cinayət təqibini əsassız hesab edir.