Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlıların iştirakı ilə kütləvi dava olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Frunzenski rayonu, Buxarestskaya küçəsi, 74 ünvanında yerləşən “Kontakt bar”da baş verib.
Burada dava və bıçaq xəsarəti olması barədə polisə məlumat daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları nə müəssisədə, nə də yaxınlıqda yaralı tapmayıblar.
"İlkin məlumata görə, barın rəqs meydançasında istirahət edən iki qrup insan arasında münaqişə baş verib. İştirakçılardan biri, Zaqafqaziya dövlətlərindən birinin 37 yaşlı vətəndaşı rəqiblərini bıçaqla hədələyib", - deyə Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
Yaşı 23-37 arasında olan 7 kişi dindirilmək üçün şöbəyə gətirilib. Ən kiçiyi Qırğızıstan, digər beşi isə Azərbaycan vətəndaşıdır. 37 yaşlı azərbaycanlı xuliqanlıqda şübhəli bilinərək saxlanılıb. Polisin məlumatına görə, bıçaqla insanları hədələyən o olub.