Bakıda taksi sürücüsünün amansızlıqla öldürülməsi ilə bağlı YENİ XƏBƏR
02 mart 2022 09:27 (UTC +04:00)

Bakıda taksi sürücüsünün amansızlıqla öldürülməsi ilə bağlı YENİ XƏBƏR

Bakıda 18 il əvvəl qətl törədən Bəxtiyar Dadaşovun cinayət işi üzrə ibtidai istintaq tədbirləri yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Eldar İsmayılovun icraatına verilib.

2003-cü il dekabrın 29-da Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində “QAZ-24” markalı avtomobildə Əmirov Ramiz İsa oğlunun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlanması ilə bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi müəyyənləşdirmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.

Sonradan cinayət işi Baş Prokurorluqda öyrənilib və iş üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilib. İstintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Bəxtiyar Dadaşov tanışı İlham Məmmədovla 2003-cü il dekabrın 29-da “Fəvvarələr meydanı” adlanan ərazidə gəzərkən pul qazanmaq məqsədilə taksi sürücüsünü oğurlamaq qərarına gəliblər.

Bunun üçün “QAZ 24” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan Ramiz Əmirova yaxınlaşıb Əmircan qəsəbəsinə aparmağa dair razılaşıblar. Ünvana çatdıqdan sonra gecə vaxtı olmasından istifadə edərək hər iki şəxs Ramiz Əmirova müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə pulunu ələ keçiriblər. Onlar bununla qane olmayıb həmin şəxsin arvadına zəng edib ərini oğurladıqlarını bildirib, sərbəst buraxılması müqabilində pul tələb ediblər. Lakin bir müddət sonra Bəxtiyar Dadaşov və İlham Məmmədov ifşa olunmaqdan ehtiyatlandıqları üçün Ramiz Əmirovu boğaraq qəsdən öldürüblər.

İstintaq zamanı hadisə yerindən götürülmüş maddi sübutlar və izlər istintaq hərəkətləri ilə bir daha yoxlanılıb. Həmin vaxt hadisə yerində aparılmış telefon danışıqları təhlil edilib. Hadisənin baş verdiyi yerin yaxınlığında yaşayan bütün şahidlər müəyyənləşdirilərək dindiriliblər.

Keçirilmiş zəruri istintaq hərəkətləri nəticəsində 2021-ci il dekabrın 15-də Bəxtiyar Dadaşova Cinayət Məcəlləsinin 120.2.1-ci, 120.2.6-cı, 120.2.9-cu və 120.2.11-ci maddələri ilə ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayətin digər iştirakçısı olan İlham Məmmədovun vəfat etməsi səbəbindən onun barəsində cinayət işi üzrə icraata xitam verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4902
avatar

Mehman Nəbiyev

Oxşar yazılar