Zərdabda baş verən qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.
Zərdab rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, martın 1-də saat 10 radələrində 53 yaşlı İsrəfilova Rəhilə Şahvələd qızına məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 56 yaşlı Məhərrəm Aslanovun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Rəhilə İsrəfilovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Zərdab rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib. Məhərrəm Aslanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
***
Saat: 14:10
Zərdabda baş verən qətl hadisəsi ilə əlaqədar bir sıra detallar məlum olub.
Lent.az-ın məlumatına görə, dünən gecə saatlarında rayonun Zərdab rayonunun Təzəkənd kəndində Aslanov Məhərrəm həyat yoldaşı Aslanova Rəhiləni boğaraq öldürüb. Əldə etdiyimiz məlumata görə, ailə daxilində əvvəllər hər hansı problem yaşanmayıb. Ailənin 3 övladı var, böyük qızı evlidir. Digər oğlu və qızı isə subaydır. Kənd sakinləri hadisənin qısqanclıq zəminində olmasını güman etmirlər. Onların sözlərinə görə, Rəhilə Aslanova mədəni və hörmətli ailədən imiş. Qardaşı Birinci Qarabağ Müharibəsində şəhid olub. Deyilənə görə, Məhərrəm hadisəni törədərkən sərxoş olub.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı APA agentliyi verib.