Ailəsinin pullarını sevgilisinə xərcləyən kişi necə qatil oldu? – FİLM KİMİ CİNAYƏT
13 mart 2024 20:15 (UTC +04:00)

Ailəsinin pullarını sevgilisinə xərcləyən kişi necə qatil oldu? – FİLM KİMİ CİNAYƏT

İki il əvvəl, daha dəqiqi desək 2022-ci il noyabrın 14-də baş verən cinayət hadisəsi bütün ölkənin diqqətini çəkmişdi. Həmin gün DİN Nərimanov rayonunda qadını öldürən şəxsin tutulması ilə bağlı məlumat yaydı. Məlumata əsasən, həmin il noyabrın 12-də Elnur Məhərrəmov qeyri-rəsmi münasibətdə olduğu 47 yaşlı Kifayət İsayevanın başına təsərrüfat-məişət təyinatlı çilingər açarı ilə zərbə vuraraq, onu qətlə yetirib və hadisə yerindən qaçıb.

Lent.az hazırladı bu məqalədə sizə cinayətin təfərrüatını, indiyə kimi səsləndirilməyən pərdəarxası məqamları təqdim edəcək.

Xəbər mediada ilk olaraq belə yayıldı: “Polis əməkdaşları Nərimanov rayonundakı mənzillərin birində qonaq otağında üzərində zorakılıq əlamətləri ilə Kifayət İsayevanın (1975-ci il təv.) meyitini aşkar ediblər. Hadisə yerində olan mərhumun qızı və oğlu bildiriblər ki, qadını tanışı Elnur Məhərrəmov öldürüb. Onun mobil nömrəsinə dəfələrlə zəng etsələr də, telefonun söndürülmüş vəziyyətdə olub”.

Həmin hadisə ilə bağlı Nərimanov rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlandı. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Kifayət İsayeva ölümünə — kəllə sümüklərinin sınığı nəticəsində beyinə qansızma səbəb olub.

Elnur Məhərrəmovun tələsinə düşənlər – küllü miqdarda pul kimə xərclənib?

Şübhəli şəxs Elnur Məhərrəmov Masazır qəsəbəsində, qohumunun evində tutulub.

Anket məlumatlarına əsasən, o, 1981-ci ildə Qubadlı rayonunda anadan olub, əvvəllər məhkum olunmayıb. Lakin onu yaxaladıqdan sonra hüquq mühafizə orqanlarına bəlli olub ki, onlarla vətəndaş şübhəli şəxsdən şikayətçiymiş. Məhərrəmov insanların müxtəlif məbləğlərdə pullarını, dələduzluq yolu ilə ələ keçiribmiş.

İşlə bağlı aparılan istintaq zamanı müəyyən edilib ki, Elnur Məhərrəmov 2022-ci il iyulun 16-ı saat 21 radələrində qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Kifayət İsayeva ilə birlikdə avtomobillə Sumqayıt şəhərindən Bakıya gələrkən aralarında mübahisə yaranıb. Buna görə o maşını Saray qəsəbəsində, Yeni məhəllədə yerləşən kənd qəbiristanlığının qarşısında saxlayıb. Hər ikisi maşından çıxıb kənara. Bu zaman, Elnur avtomobilin saxlanc yerindən bıçağı götürüb və qadına xəsarətlər yetirib. Hər iki çiyin nahiyyəsindən yaralanan zərərçəkmişə Sumqayıt xəstəxanasında tibbi yardım göstərilib. Həmin faktla bağlı Abşeron RPİ İstintaq şöbəsində CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Bundan başqa, Elnurun başqa fırıldaqları da üzə çıxıb o, tanışı Fəxrəddin Quliyevə 3.300 manat pul atıb. Məsələ bununla bitmir Məhərrəmov avqustun 10-da o, tanışları İslam İsmayılovdan 8.500 manat, avqustun 18-də Kənan Qarayevdən 2000 manat, avqustun 22-də Tural Nəsibovdan 1000 manat, avqustun 23-də Tural Cəbrayılovdan 1000 manat, avqustun 25-də Elşad Mikayılovdan 700 manat, oktyabrın 9-da Əli Ələkbərovdan 2000 manat, oktyabrın 22-də İbrahim Şərifovdan 2000 manat, oktyabrın 27-də Cavid Rəhimovdan 3000 manat alıb. Bir qadını isə başqa cür aldadıb. Elnur Məhərrəmov tanışı Cəmilə Əliyevaya, onu Xətai rayonu ərazisində yerləşən binalardan birində, xadimə kimi işə düzəldəcəyini vəd edib. Sentyabrın 2-də qadın ona “MilliÖn” ödəniş terminalı vasitəsilə bank kartı hesabına 2000 manat köçürüb. Demək olar ki, bu qadın yaxşı qurtarıb. O, başqa bir xanıma daha böyük zərbə vurub. Elnur Məhərrəmov tanışı Nərminə Cavadovanın Bakıda ipoteka yolu ilə mənzil almaq istədiyini bilib, ona bu məsələdə köməklik göstərəcəyini bildirib. Sentyabrın 12-də, 15-də və 18-də aldadaraq, qadından ümumilikdə 22.150 manat alıb.

Anoloji yolla, yəni ipoteka yolu ilə ev almaqda köməklik göstərəcəyi adı ilə sentyabrın 13-də, 18-də, 19-da və 24-də tanışı Cəmilə Əliyevadan 19.416 manat alıb, sentyabrın 28-də və oktyabrın 7-də Sahib Abduləvvəlovdan 10720 manat, noyabrın 12-də tanışı Pərviz Məmmədlidən 2500 manat alıb. Noyabrın 4-də Elnur Məhərrəmov elektrik kimi işə düzəldəcəyini söz verərək tanışı Kamran İsmayılovdan 1000 manat alaraq, həmin pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib.

Beləliklə, avqustun 1-dən noyabrın 13-nə kimi olan müddət ərzində Məhərrəmov 14 nəfərə maddi ziyan vurmaqla, təkrarən dələduzluq edib.

“Ailəmi dağıtmısan” deyən kişi sevgilisindən vəhşicəsinə intiqam alır

Ən böyük günahı da təbii ki, insan öldürməsidir. Yazımızın “qəhrəman”ı iki il əvvəl noyabrın 12-də ən böyük günahına imza atır. O, Kifayət İsayevanın kirayədə yaşadığı mənzilində olanda, qadınla mübahisə edib. Birlikdə evdən çıxmağa hazırlaşanda, qonaq otağında Kifayət ona deyib ki, Xətai rayonunda yerləşən evini satıb, özünə yeni maşın alacaq. Bunu eşidən sevgili əsəbiləşib. Elnur deyib ki, bəs evini satıb, ona borclarını qaytarmaqda köməklik edəcəyi vədini vermişdin? Qadın isə belə söz vermədiyini deyib.

Elnur Kifayəti ailəsinin dağılmasına və maddi vəziyyətinin pisləşməsində günahlandırıb. Deyib ki, bunların hamısının səbəbkarı odur. Bu zaman mübahisə daha da böyüyüb, söyüşlər söyülüb. Elnur qisas almaq məqsədi ilə dolabdan götürdüyü təsərrüfat-məişət təyinatlı çilingər açarı ilə qadının baş nahiyəsinə çoxsaylı zərbələr vuraraq, zərərçəkmişi öldürüb.

İş üzrə dindirilən Elnur Məhərrəmov bildirib ki, Gəncə prospektində yerləşən “Xətai park” Yaşayış Kompleksində sahə rəisi işləyib. Kifayət İsayevanı həmin binada yaşayan sakin kimi tanıyıb. Onun dediyinə görə, 2022-ci ilin mart ayından aralarında səmimi münasibətləri yaranıb:

“Kifayət «Xalqlar Dostluğu» metrosunun yanında, Ticarət Mərkəzində mağaza icarəyə götürüb, qadın geyimləri satırdı. Bir neçə dəfə Novxanıda yerləşən “Amor” restoranında yeyib-içmişik. Xırdalan şəhərində yerləşən hotellərdən birində birlikdə olublar. Kifayətin gündəlik xərclərini qarşılamaq üçün onun bank kartına hər gün 400-500 manat pul köçürürdüm”.

Elnur Məhərrəmovun sözlərinə görə, aprel ayının əvvəllərində telefonda danışan zaman sevgilisinin ağladığını hiss edib:

“Səbəbini soruşdum, Kifayət dedi ki, bir nəfərdən 5000 manat pul götürüb qardaşına verib, qardaşı pulu xərcləyib indi geri vermir. Borc verən də pulu ondan tələb edir. Buna görə səhəri gün öz evimdən gətirib ona 5000 manat pul verdim. Bundan 5 gün sonra Kifayət yenə də ağlayaraq 3000 manat vergi borcu olduğunu dedi. Elə həmin gün evinə gedib, ona istədiyi məbləği çatdırdım. Həftədə bir-iki dəfə evinə gedərək, gəcələri onunla keçirirdim. Aprelin axırlarında Kifayət Türkiyədən qızıl gətirib, sataraq yaxşı qazanc əldə etmək istədiyini, lakin bunun üçün maliyyə vəsaitinin olmadığını dedi. Ona şərikli bu iş görməyi təklif etdikdə, razılaşdı”.

Elnur da arvadı Elnarənin evdə yığdığı məbləğdən 32.000 manat pulu götürüb. Həyat yoldaşını aldadıb ki, Yasamal rayonunda inşa edilən yaşayış kompleksindən ilkin ödəniş etməklə, oğlu İlqara mənzil alacaq. O idarə etdiyi «Mercedes ML» markalı avtomobili tanışı Elşən Mikayılovun adına keçirib, iş görmək adı ilə ondan 9000 manat pul alıb. Dostu Ceyhun Qurbanovdan borca 1000 manat pul alıb. Ümumilikdə 50.000 manat düzəldərək “Əhmədli” metrostansiyasının çıxışında yerləşən kafelərin birində əlbəəl Kifayətə verib. Həmin ayın 29-da isə restoranda Kifayətə 30-40 nəfərlik tanışlarının iştirakı ilə ad günü keçirdib. Artıq demək olar ki, öz evinə getməyib, gecələr Kifayətin evində qalıb.

Elnur bildirib ki, arvadına yalandan rayonda əlavə iş götürdüyündən gedib gecələr, orda qaldığını deyib:

“Elnarə niyə evə pul gətirmədiyini soruşduqda, guya yeni aldığı mənzil üçün aylıq ödəniş etdiyimi söyləyirdim. İyun ayının ortalarında Kifayətə əlavə olaraq 25000 manat pul verdim. O, Türkiyəyə gedib və qadın geyim paltarları sifariş edərək, 3 gündən sonra geri qayıtdı. İyul ayında Sumqayıtda yerləşən restoranların birində oturub yemək yeyərkən, Kifayətə dedim ki, hər şey bir kənara qalsın təkcə iş görmək üçün ona 75000 manat pul verib. Bu söhbət açılanda, bu onun xoşuna gəlmədi. Kifayət dedi ki, “camaat sevgilisinə bahalı ev, avtomobil alıb verir və heç bu barədə danışmır”. Bizimlə birlikdə onun rəfiqəsi Tünzalə də gəlmişdi. Dedi ki, Kifayət “pulgir”dir. Bundan sonra anladım ki, o mənimlə pula görə münasibət saxlayır. Restorandan çıxıb, Kifayətin avtomobilinə əyləşdik. Maşını mən idarə edirdim, yolda Kifayət “səninlə hər şey qurtardı” deyəndə, ona “75000 manat pulumu qaytar, qurtaraq, sənə xərclədiyim pulları istəmirəm” dedim”.

Bu sözdən əsəbiləşən qadın arxa oturacaqdan, onu əl çantası ilə başından vurub. Elnur dərhal avtomobili Saray qəsəbəsindəki qəbiristanlığının qarşısında kənara çəkib saxlayıb. İkisi də avtomobildən düşüb, Kifayət qışqırıb üzərinə gələrək, “məni başqası ilə səhv salma” deyib. Kişi əsəbindən, təxminən 1 ay əvvəl Quba rayonunda olanda, mağazadan aldığı bıçağı salonun saxlanc yerindən götürüb. Kifayət onun üzünə sillə vurduqda, bu da bıçaqla çiyin nahiyyəsinə zərbələr endirib. Sonra isə qadına yalvararaq onu çox sevdiyini deyib, qucaqlayıb. Köynəyini çıxarıb, yaralarına sıxaraq, avtomobilə əyləşdirib və Sumqayıta, xəstəxanaya aparıb. Yolda Kifayətdən ondan şikayətçi olmamasını xahiş edib, bunun müqabilində ona 50.000 manat pul verəcəyini deyib. Xəstəxanada həkimlərə deyiblər ki, qadının borcları olduğu üçün özü-özünə bıçaqla xəsarət yetirib. Təxminən bir saatdan sonra ora gələn Sumqayıt ŞPİ-nin əməkdaşları onu sorğu-sual ediblər və hadisənin Saray qəsəbəsi ərazisində olduğunu öyrəndikdən sonra çıxıb, gediblər.

Sevgili: “Arvadın sənə cadu edib”

Daha sonra Abşeron rayon Saray bölməsinin əməkdaşları xəstəxanaya gəlib, onu bölməyə aparıblar. Araşdırma zamanı Kifayət ondan şikayətçi olmadığını bildirdiyi üçün sərbəst buraxıblar. Elnur deyir ki, yaxınlarından 15 000 manat pul toplayıb, 2-3 gündən sonra xəstəxanada Kifayətə verib:

“4 gün xəstəxanada qaldıqdan sonra, qadını Bakı Sağlamlıq Mərkəzinə yerləşdirildi. Mərkəzdə yenidən əməliyyat olundu, 3 gün qaldıqdan sonra Kifayət evə buraxıldı. Hadisədən sonra məndən şikayət edəcəyi adı ilə müxtəlif məbləğlərdə pul tələb etməyə başladı. Məcbur qalıb 3-4 ay ərzində təxminən 80.000 manat pul tapıb, ona verdim.

Həmin məbləğləri isə əsasən işlədiyim yaşayış kompleksinin sakinlərini və tanışları aldadaraq əldə edirdim. Kompleksinin sakinləri isə artıq bilirdilər ki, həmin pulları Kifayətə verirəm. İşdən çıxdıqdan sonra borcları qaytara bilmədim. Sonra Nərimanov rayonunda bir ev kirayəyə götürdüm. Kifayət 2-3 gündən bir gəlib, mənimlə qalırdı. Həmin ünvanda onun qızı Tahirə və bacısı Kəmalə də olublar”.

Elnur Kifayətin yaşadığı mənzili satıb ona pul verəcəyinə ümid etdiyi üçün, son zamanlar onunla münasibətini korlamamağa çalışıb, nə desə yerinə yetirib. Hadisədən 3-4 gün əvvəl qadın axırıncı model telefon almaq istədiyini bildirəndə, cibində olan məbləğdən 2000 manat pulu binanın həyətində ona verib. 1 saatdan sonra Kifayət aldığı telefonun (İphone 13 Pro) şəkilini «Whatsapp» tətbiqi ilə ona atıb. Noyabrın 10-da arvadı Elnarə ona Qubadlı rayon Məhkəməsinin qətnaməsini göndərib, artıq boşandıqlarını bildirib. Həmin ərəfədə onu artıq polis əməkdaşları da axtarmağa başlayıb. Ümidini yalnız Kifayətə bağlayıb. Axırıncı dəfə qadın, mənzilinə noyabrın 11-i saat 21 radələrində gəlib. Ayın 12-i saat 10 radələrində yuxudan oyandıqdan sonra, binanın həyətində olan restorandan sifariş etdiyi yeməklə araq içib. Kifayət ona “instagram” sosial şəbəkində görüb, xoşuna gəldiyi paltarı gedib, mağazadan almaq istədiyini bildirib. O, Pənah adlı taksi sürücüsünə zəng edib, bir saatdan sonra, gəlib onu məhəllədən götürməsini deyib. Birlikdə evdən çıxmağa hazırlaşıblar. Divanda oturub Kifayətin hazırlaşmasını gözləyərkən, qadın evini satdıqdan sonra özünə “Toyota Land Cruiser” markalı avtomobil alacağını deyib.

Elnur həmin an çox əsəbiləşib: “Evi satdıqdan sonra mənim borclarımı bağlamağa köməklik edəcəyini demişdi. Bu müddət ərzində etdiklərimi sadaladım, aramızda mübahisə yarandı. Kifayət dedi  ki, Elnarənin guya mənə cadu edib və bunun üçün işlərim pis gedir. Keçmiş arvadımı müdafiə etməyə başladım. Kifayətin danışmasından, aqressiv cavablarından başa düşdüm ki, mənə pul verməyəcək. Həmin vaxt silah yataq otağındakı şkafda idi. Silahla qorxudub, ona pul verməsini tələb etməyi düşündüm, amma bunu etmədim. Ona görə hörmətimi və ailəmi itirdiyimi bildirdim. O isə mənə aciz dedi. Televizorun yanında olan qırmızı rəngli qaz açarını götürüb, Kifayətin baş nahiyəsinə zərbə endirdim. Vurduqdan sonra onu tutub, arxası üstə divana uzatdım. Həmin vaxt üst-başım qana bulaşdığı üçün hamam otağına keçdim. Otağa qayıdanda gördüm ki, qadının hərəkətsiz vəziyyətdədir. Taksi sürücüsü zəng etdi, dedim ki, yuxarı qalxma. 15 dəqiqə sonra açarla qapını bağlayıb, aşağı düşdüm. Taksiyə minidim və dedim ki, Sumqayıta sür. Yolda Kifayətin qızı və oğlu ayrı-ayrılıqda mənə zəng edib, analarını soruşdular. Onlara dedim ki, Kifayətlə geyim mağazasından paltar aldıq, daha sonra ondan ayrıldım və hara getməsindən xəbərim yoxdur”.

Qanlı paltarlar zibil qutusuna atılır

Sonra isə Elnur Telefonla xatırlamadığı bir nəfərlə danışıb və deyib guya ipoteka ilə ev düzəldəcəyi müqabilində ona 2500 manat pul göndərməlidir. Həmin şəxsə taksi sürücüsünün bank kartının şəkilini göndərib. Sumqayıtda, 9-cu mikrorayonda fəaliyyət göstərən supermarketin qarşısındakı terminaldan Pənah pulu çıxardıb və gətirib, maşında ona verib. Sonra üzərində qan ləkələri olan köynəyini və şalvarı zibil qutusuna atıb. Pənaha onu 10-cu mikrorayonda düşürməsini deyib. Kafeyə dayısıqızının yoldaşı Şirini çağıraraq, onunla yeyib-içib. Söhbət zamanı, yaxın münasibətdə olduğu qadını pul borcuna görə öldürdüyünü deyəndə, qohumu içkili olmasını zənn edib və sözlərinə əhəmiyyət verməyib. Daha sonra sağollaşaraq ondan ayrılıb. Sumqayıtdan Masazır qəsəbəsində yaşayan xalasıoğlu Vüsalın evinə gedib. Vüsala Kifayəti qətlə yetirdiyini bildirəndə, o polisə təslim olmasını məsləhət görüb. Bir müddətdən sonra Vüsalın mobil nömrəsinə zəng edən polis əməkdaşı, onun harada olamasını soruşduqda, qohumu yalandan bu barədə heç bir məlumatı olmadığını söyləyib. Həmin gün orada gecələyib. Növbəti gün Vüsalın yaşadığı evdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Mərhumun qızı başqa şeylər danışdı

İstintaq zamanı mərhumun qızı da ifadə verib. Qız deyib ki, Elnurun söylədikləri böhtandır. Əslində onun Kifayət İsayevaya külli miqdarda borcu olub:

“Onun maddi vəziyyəti pisləşdi, ailəsi dağıldı və bunun üçün anama qarşı nifrət hissi yarandı. Elə buna görə də onu öldürdü. İlk vaxtlar anam ilə Elnurun münasibətləri çox yaxşı idi. Atam anamla rəsmi qaydada boşandığı üçün, onun şəxsi həyatına qarışmırdı. Münasibətləri yaranandan 3-4 ay sonra Elnur anamdan borc istədi və 11000 manat pul aldı. O, həmin məbləğdən hissə-hissə təxminən 5000 manat qaytardı. Borc məsələsinə görə münasibətləri pisləşdi. Buna görə Elnur yayda anamı bıçaqladı. Hadisədən 2 ay əvvəl anamın telefonuna baxanda gördüm ki, Elnurla danışır yenə. Onların münasibətləri yenə yaxşılaşdı. Anam həftədə bir dəfə Elnurun yanına gedirdi, gecəni onunla keçirirdi. Noyabrın əvvəllərində Elnurun Nərimanov rayonunda kirayədə yaşadığı evə getdim.

Noyabrın 11-də axşam mən anamla ora getmək istəyirdim. Sadəcə anam dedi ki, ev bir otaqlıdır, sən harada yatacaqsan?. Noyabrın 12-də səhər yuxudan oyanıb, telefonuma baxanda gördüm ki, anam zəng edib. Geri zəng edib, danışdıq. Amma saat 13 radələrində anama zəng edəndə, o cavab vermədi. Yarım saatdan sonra qardaşım Fərzalı zəng etdi, anam telefon zənglərinə cavab vermir. Heç vaxt belə hal olmamışdı. Şübhələndim və buna görə Elnura zəng etdim. Məhərrəmov anamın mağazada olduğunu dedi”.

Şübhəli qalan qız qardaşı ilə Elnurun kirayədə qaldığı evə yollanıb. Qapını ustanın köməkliyi ilə açandan sonra əvvəl qardaşı içəri girib, həmin vaxt o, 102 zəng mərkəzinin operatoru ilə danışıb. Qardaşının qışqırdığını eşidib, dərhal içəri qaçıb və qonaq otağındakı divanda, anasını hərəkətsiz, uzanıqlı vəziyyətdə görüb. Əsəbi halda olan qardaşı özündən asılı olmadan otaqdakı əşyaları yumruqla vuraraq, dağıdıb. Daha sonra hadisə yerinə polis əməkdaşları gəliblər.

Qatilin keçmiş arvadı: “Kifayət dedi ki, axır-əvvəl ərini tutduracam”

Elnurun keçmiş arvadı Elnarə Məhərrəmova da ifadə verib. Deyib ki, Elnurla 2002-ci ildə rəsmi nikaha daxil olub və 2022-ci ildə məhkəmənin qətnaməsi ilə ondan boşanıb. Nikahlarından 3 övladları dünyaya gəlib. Qadın bildirib ki, əri son 5 ildə Gəncə prospektində yerləşən yaşayış kompleksində komendant işləyib:

“Aprel ayından etibarən Elnur artıq evə gec gəlməyə başladı, bəzən isə ümumiyyətlə gəlmirdi. İyulun 7-də baldızım Aygün Elnurun bir nəfəri bıçaqladığını dedi. Sonra öyrəndik ki, yoldaşım Kifayət adlı qadını bıçaqla vurub. Səbəbini soruşduqda, Elnur həmin qadının onu aldadaraq 26.000 manat pulunu ələ keçirdiyini dedi. Bu hadisədən sonra Elnur yenidən hər gün evə gec gəlməyə başladı. Öyrəndim ki, Elnur Kifayətlə kirayə ev tutaraq, ər-arvad kimi yaşayırlar. Elnurun sözlərinə görə, Kifayətə ümumilikdə təxminən 70.000-80.000 manat məbləğində pullar verib. Sentyabrın 2-də o, qayınanamla birlikdə həmin qadının yaşadığı mənzilə getdik. Kifayət qapını açıb bizi içəri buraxdı. Evdə onun oğlu və qızı da var idi. Niyə görə evli kişi ilə gəzdiyini soruşanda, o aqressiv halda Elnurun onu bıçaqladığını və onunla maraqlanmadığını bildirdi. Gec-tez Elnuru tutduracağını dedi”.

Axırıncı dəfə yoldaşı oktyabrın 23-də evdə gecələyib. Ayın 24-də evdən çıxıb. Buna görə də, Elnarə boşanmaq üçün məhkəməyə ərizə verib. Noyabrın 12-də zəng edib, özünü Nəsimi RPİ-nin əməkdaşı kimi təqdim edən şəxs, daxil olan şikayətlə bağlı Elnuru axtardığını deyib. Cavab olaraq ərindən boşandığını və onun harada olması haqda məlumatı olmadığını bildirib. Bundan sonra Elnurun telefonuna ismarıc göndərib ki, onu polis axtarır. Gecə saat 2 radələrində Nərimanov RPİ-nin əməkdaşları yaşadığı evə gəlib, Elnuru axtarıblar. Polisdən keçmiş ərinin Kifayəti öldürməsini öyrənib.

Məhkəmə iclasında Elnur Məhərrəmov ittiham üzrə özünü qismən təqsirli bilib.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib.

Məhkəmə nəticəyə gəlib ki, Elnur Məhərrəmova CM-nin 120.1-ci (qəsdən adam öldürmə), 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Beləliklə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli CÇM-də çəkməklə Elnur Məhərrəmov 15 il müddətinə azadlıqdan məhrum olunub.

# 16878
avatar

Cavidan HUN

Oxşar yazılar