Lent.az yeni layihəyə başlayır. Qarabağ savaşının ən uğurlu və uğursuz əməliyyatları, qəhrəmanların başına gələnlər, indiyə qədər heç harada yazılmayan və eşidilməyən müharibə insanlarının acılı-şirinli savaş hekayətləri Azərbaycanın tanınmış jurnalisti, müharibə veteranı, kəşfiyyatçı Rey Kərimoğlunun qələmindən oxucularımıza silsilə şəklində təqdim olunacaq. “Kəşfiyyatçının xatirələri” adlı bu layihədə Azərbaycanda ilk dəfə Qarabağ savaşının bilinməyən, yazılmayan, deyilməyən olayları gün işığına çıxarılacaq. Bu, bir əsgər gündəliyi deyil, gerçək bir müharibə dramıdır...
Birinci yazı
“...15 may 1992-ci il... Əynində döyüşün ağır keçdiyini nişan verən, didik-didik əsgər mundiri olan on doqquz yaşlı bir gənc. Başı döyüşçü dostunun dizləri üstə sakitcə uzanıb. Mundirinin yaxası deşik-deşik, sinəsi aramla qalxıb-enir. Bir neçə pulemyot gülləsi onun sinə qabırğalarını qırıb dağıtdığından ürəyi, ürəyinin çırpındığı aydınca görünür. Tozla qan qarışıq “palçığa” bulaşmış ürəyi hələ də döyünür... Parçalanmış ürəyindən axan qıpqırmızı qan toza qarışıb rəngini dəyişir. Lakin Sənan nə ağlayır, nə də danışır. Eləcə baxır, düz gözlərimin içinə. Nəsə demək istəyir, amma nə? Kim bilir onun parçalanmış ürəyindən nələr keçir? Özümü elə aparıram ki, guya nə demək istədiyini anlayıram. Cəmi bir gün əvvəl sevdiyi qızın adını mənə deyəcəyinə söz vermişdi. Bəlkə onu demək istəyir, nə bilmək olar? Gecdi, çox gec. Gərək dünən təkid edəydim. Amma nə mənası var...”
Sənanın ölüm səhnəsi burda yarımçıq qalır. Beynimdə başqa səhnələr bir-birini əvəz edir. Hər dəfə Qarabağ müharibəsini xatırlayanda olduğu kimi yenə də kələfin ucunu itirirəm. Ölüm səhnələri, qan, fəryad, kin, hiddət, beynimin bir küncündə bir film kimi qalmış döyüş xatirələri. Hərdən mənə elə gəlir ki, bütün bunlar özümün yaşadığım günlər deyil, izlədiyim bir qorxu filmidir. Amma bu “filmi” əvvəldən sonacan hamının izləməsini istəyirəm. Ona görə də özümü toplayıb hər şeyi ardıcıllıqla xatırlamağa çalışıram. Yaddaşımda get-gedə uzaqlaşan xatirələri bir yerə toplamağın vaxtı çoxdan çatıb.
Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni. Mən yazıçı deyiləm, amma o günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa yazılsın... Elə məqamlar var ki, onlar heç vaxt unudulmur.
Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə qəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində sağ qalan insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk illərində yaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməni işğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranması prosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən 1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam. Yazının lap əvvəlində verdiyim kiçik bir parça isə növbəti hissələrin birində oxuyacağınız şəhid kəşfiyyatçımız Sənan Rüstəmovun ömrünün son anlarının təsvirindəndir... O illərin od-alovlu savaş hekayətlərinə keçməzdən əvvəl ona qədər olan hadisələrə mütləq qısa nəzər salmalıyıq...
***
...Tale elə gətirdi ki, mən 1988-ci ildən başlayaraq Qarabağ hadisələrinin içərisində oldum, bilavasitə onun iştirakçısına çevrildim. SSRİ-də yenidənqurma başlayan illərdə bu birliyə “qoşulmuş” müxtəlif respublikalarda da müstəqillik mübarizəsi də başladı. 1918-ci ildə qurulmuş və cəmi 23 ay ömür sürmüş Azərbaycan Demokratik Respublikası haqqında da biz ilk olaraq o zaman eşitdik. Sonralar öyrənəcəkdim ki, Azərbaycanın dəyərli ziyalıları uzun illər SSRİ kimi nəhəng və əzazil bir siyasi rejimin dövründə də heç nədən qorxmayaraq azadlıq mübarizəsi aparıb. Bu yolda qətlə yetirilənlərimiz, sürgün edilənlərimiz, həbsə atılanlarımız olub...
Amma bunları həmin SSRİ adlı nəhəng dövlətin yenicə hərbi xidmətdən qayıtmış və ürəyində beynəlmiləlçilik ideyaları hələ də ölməmiş vətəndaşı olaraq bir qədər sonralar biləcəkdim. Hələlik isə mən Qarabağdayam, daha doğrusu, hadisələrin ilk təsiri özünü qığılcım kimi göstərən Ağdamda...
***
1988-ci il fevralın əvvəllərində Ağdamda ermənilərin mitinq etməsi xəbəri yayıldı. Bu xəbər mitinqləri, kütləvi aksiyaları yalnız mərkəzi televiziyadan, diktorların ABŞ, İngiltərə, Avropa imperializmini, kapitalizmini ağzı köpüklənə-köpüklənə yıxıb sürüyən mətnlərinin müşayiəti ilə izləyən bizlər üçün qeyri-adi gəldi. Necə yəni mitinq edirlər? Niyə?
Suallarımızın cavabı da elə gələn xəbərlərin içərisindəydi - ermənilər Azərbaycandan ayrılıb Ermənistana birləşmək istəyirlər. Yenə bizə aydın olmurdu. Axı niyə, nə üçün, uzun illər bir yerdə yaşadığımız, hətta qız alıb qohum olduğumuz, kirvələşdiyimiz ermənilər qəflətən belə bir qərar gəlib? Axı həmişə bütün sahələrdə ermənilərə azərbaycanlılara nisbətdə güzəşt edilib, onlara daha yaxşı şərait yaradılıb. Ağzımızın tikəsini də onlardan əsirgəməmişik. Əməyin ödənilməsi sahəsində olan fərq üçün bir misal gətirim: əgər azərbaycanlı üzüm sahəsində işləyib 35-40 rubl alırdısa, erməni eyni ərazidə, eyni işə görə 150 rubl alırdı (!?)...
Dağlıq Qarabağda yaşayan azərbaycanlıların həyatı üçün real təhlükə yaranmışdı. Oradan Ağdama həyəcanlı xəbərlər gəlirdi... Beləliklə, ermənilərin iddialarına etiraz əlaməti olaraq azərbaycanlılar da ilk dəfə mitinq etdi... 1988-ci ilin fevralın 21-də keçirilən mitinqdə elan edildi ki, sabah hamımız Əsgərana yürüş edəcəyik. Və 1988-ci ilin fevralın 22-də Əsgərana yürüş oldu. Bu gün hər kəsə məlum olan yürüşdə xalqımız ilk şəhidlərini verdi: Əli və Bəxtiyar həlak oldu...
İlk şəhid dəfni, ilk şəhid anası gördük, ilk şəhid anası fəryadı eşitdik...
Məşum başlanğıc: ilk mitinq şoku, Əsgərana yürüş, ana fəryadı... - XATİRƏ
8157