Dövlət Statistika Komitəsi ümumi daxili məhsul istehsalı haqqında məlumat yayıb. Qurumdan Lent.az-a verilən məlumata görə, yanvar-aprel aylarında ölkədə 17,2 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz çox ümumi daxili məhsul istehsal edilib.
Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 1861,9 manat (2372,8 ABŞ dolları) təşkil edib və 2,5 faiz artıb.
Qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz artıb, onun ÜDM-də xüsusi çəkisi 51,5 faiz təşkil edib. Tikintidə əlavə dəyər 1,4 dəfə, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 21,3 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində əlavə 9,4 faiz, informasiya və rabitə xidmətlərində 8,9 faiz, nəqliyyat və anbar təsərrüfatında 5,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 4,8 faiz artıb.
ÜDM-in 51,3 faizi sənayedə, 2,5 faizi kənd təsərrüfatı, mzeşə təsərrüfatı və balıqçılıqda, 9,0 faizi tikintidə, 7,8 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6,2 faizi nəqliyyat və anbar təsərrüfatında, 2,0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 1,8 faizi informasiya və rabitə xidmətləri sektorunda, 12,7 faizi sosial və digər xidmət sahələrində istehsal edilib.
Məhsula və idxala xalis vergilər ÜDM-in 6,7 faizini təşkil edib.