"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” icra olunur
"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, 19-26 dekabr tarixlərində növbəti yol qoyuluşu həyata keçiriləcək və Qobustan-Səngəçal mənzilində 6,5 km yol əsaslı təmir olunacaq.
“Dəmiryolservis” MMC-nin baş mühəndisi Əfsələddin Gəncəliyev bu gün səhər saatlarında işə başlanıldığını və köhnə yolun söküntüsünün davam etdiyini söyləyib.
Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi 160,2 km yol əsaslı təmir olunub.