Bir neçə ictimai iaşə və ticarət obyektlərində standartların tələblərinin pozulduğu aşkar edilib. Bu barədə Lent.az-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib. Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən bir neçə ictimai iaşə və ticarət obyektlərində dövlət nəzarəti tədbirləri həyata keçirilib.
Abşeron rayonu, Novxanı kəndində yerləşən “Bakı-Praqa” MMC-də yoxlamalar zamanı burada istehsal olunan “Novxanı”, “Starapraqa”, ”Starapraqa Draft” və “Golden Malt” pivələrinin istehsalı və qablaşdırılması zamanı istifadə olunan xammal və butulkaların gigiyenik və uyğunluq sertifikatları yoxlamaya təqdim edilməmiş, məhsulların qablaşdırılması zamanı ciddi nöqsanlara yol verildiyi aşkar edilib.
Bakı-Sumqayıt şosesinin 13-cü kilometrliyində yerləşən, qənnadı məmulatlarının istehsalı və idxalı ilə məşğul olan “Bolluq LTD” MMC-də aparılan yoxlamalar zamanı idxal edilmiş “Slakon” nişanlı vaflili tortların üzərində Azərbaycan dilinə tərcümə olunmuş istifadə qaydaları haqqında məlumatların əks olunmadığı aşkarlanıb.
Aşkar edilmiş nöqsanlarla bağlı müəssisədə məhsulların saxlanma anbarına baxışın keçirilməsi haqqında protokol və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarın verilməsi üçün aralıq aktı tərtib edilib.
ANAR