Prezident İlham Əliyev Azərbaycan Polad İstehsalı Kompleksinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncamla “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyətinə 5 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi nəzərdə tutulmuş məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Sərəncamda o da qeyd olunur ki, ölkədə metallurgiya sənayesinin yaradılması, bu sahənin inkişafı və yeni texnologiyaların tətbiqi istiqamətində görülən işlərin bir hissəsi olaraq “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Kompleksin fəaliyyətinin səmərəli təşkilinin təmin edilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması əsas vəzifələrdəndir.