Tarif Şurası qiymətləri niyə qaldırdı? – TƏHLİL
01 fevral 2023 13:57 (UTC +04:00)

Tarif Şurası qiymətləri niyə qaldırdı? – TƏHLİL

Tarif Şurası nəqliyyatda qiymətləri artırdı. Şura daşıma şirkətlərinin müraciətindən sonra bu addımı atmağa məcbur oldu. Sual olunur, qiymət artımının səbəbi nə idi? İndi reallığa nəzər salaq.

Son 7 il ərzində Azərbaycana 1466 avtobus gətirilib ki, bu da avtobus parkının 61% yenilənməsi deməkdir.  Yalnız ötən il 170-i dövlət investisiyası, 85-i daşıyıcılar tərəfindən olmaqla ümumilikdə 255 ədəd avtobus gətirilib.

Hazırda 177 marşrut xətti üzrə xidmət göstərilir, onlardan 40%-i şəhərdaxili, 60%-i şəhərətrafı marşrut xətləridir. 2022-ci ildə Bakı şəhərində, Bakı ətrafı qəsəbə və kəndlərdə 8 yeni müntəzəm marşrut xətti yaradılıb, bu yeni xətlər ilə gündəlik orta hesabla 23 mindən artıq sərnişin daşınır.

Son 7 ildə 1215 dayanacaq məntəqəsi təşkil olunub. Yalnız 2022-ci il ərzində 4-ü smart tipli pavilyon olmaqla ümumilikdə 278 yeni avtobus dayanacaq məntəqəsi qurulub.

2022-ci ilin sonuna olan məlumata əsasən, Bakı şəhərində marşrut xətlərinin 50%-də, avtobusların isə 64%-də nağdsız ödəmə sistemi tətbiq olunub.

Yeni  avtobuslarla gündəlik 600 mindən çox sərnişin daşınır.

Sərnişindaşıma xidmətini həyata keçirən sürücülərin hazırlanması və ixtisasının artırılması məqsədilə 5000-dən artıq sürücüyə təlim keçirilib.

Dövlət tərəfindən nəqliyyatda sərnişindaşıma sahəsinə dizel yanacağının tarif artımına görə 4,3 milyon manat, pandemiyaya və davamlı fəaliyyətə görə isə 47,6 milyon manat maliyyə yardımı göstərilib

2021-2022-ci illərdə 2 yeni stansiya (“8 Noyabr” və “Xocasən”) açılıb. Xətlərin cəmi uzunluğu 40.7 km-ə, xətlərin sayı 3-ə, stansiyaların sayı 27-yə çatdırılıb. Dövlət Proqramına görə yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 77-yə çatacaq.

Son 5 ildə  innovasiyalar baxımından son nəslə mənsub müasir tipli 100 vaqon, 20 qatar alınıb.

Müasir infrastruktur və enerji təchizatının ən yeni standartlı 8 ədəd elektrik yarımstansiya qurulub

Yeni metro stansiyalarının tikintisinə investisiya qoyuluşundan başqa, son 4 ildə metroya ayrılan maliyyə yardımı 231 milyon manat təşkil edib

Xüsusi olaraq qeyd olunmalıdır ki, tariflərə məhz daşıyıcı şirkətlərin müraciətləri əsasında baxılıb. Yəni bu, dövlətin deyil, bu sahədə fəaliyyət göstərən şirkətlərin təklifidir

Həm metroda, həm avtobuslarda mövcud tariflər sərnişin daşınmasının maya dəyərindən aşağıdır. Avtobusların müxtəlif markada və qiymətdə olması tarif tənzimlənməsində vahid yanaşmaya imkan vermir - 1 sərnişinin daşınmasının maya dəyəri ilə tarif arasında fərq, bəzi hallarda 2 dəfəyə yaxın təşkil edir. Metroda 1 sərnişinin daşınmasının maya dəyərinin  2023-cü ildə 82 qəpik olacağı gözlənilir, şəhərdaxili avtobus marşrutlarında isə amortizasiya xərci ilə birlikdə 33,5 - 57,4 qəpik arasında dəyişir. Göründüyü kimi, orta qiymət 40 qəpikdən artıqdır.

Maya dəyərinə təsir edən daha bir məqam sərnişin sayının pandemiyadan əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə azalmasıdır. Məsələn, pandemiya dövründə metroda bir sərnişinin daşınmasının maya dəyəri 1 manat 53 qəpik (2020-ci il) və 1 manat 40 qəpik (2021) olub. Tarifin 30 qəpik olduğunu nəzərə alsaq, bu iki il ərzində metropolitenin nə qədər ziyanla işlədiyi aydın olur. İndinin özündə də sərnişindaşımada pandemiyadan əvvəlki dövrün göstəricilərinə dönmək mümkün olmayıb. Belə ki, 2022-ci il ərzində ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayı pandemiyadan əvvəlki dövrün cəmi 62%-ni təşkil edib.

Tarif artımından sonra metro üzrə 20 ilyon manat, avtobus nəqliyyatı ilə daşımalar üzrə isə 200 milyon manat əlavə vəsaitin yaranacağı gözlənilir.

Tarif (qiymət) Şurasının iclasında təklif olunan tarif dəyişikliyi modelləri arasında sosialyönümlülük nəzərə alınıb, dövlətin sosial siyasətinə uyğun olaraq ən optimal variant seçilib,  sərnişinlə xidmət göstərən şirkət arasında maraqlar balanslaşdırılıb.

Yeni tariflərlə gündəlik metrodan və ya şəhərdaxili marşrutlardan istifadə edən bir vətəndaşın payına düşən aylıq artım 4-6 manat təşkil edəcək.

 

 

 

 

 

# 2277
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar