1996-cı ildə tədavülə buraxılan və 2011-ci ildə istifadə müddəti bitərək tədavüldən çıxarılan dövlət özəlləşdirmə çeklərinin yenidən qiymətli kağız kimi tədavül vasitəsi olması, dövriyyəyə qaytarılması barədə heç bir yenilik yoxdur.
Lent.az xəbər verir ki, bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
“Həmin çeklərin yenidən pul predmetinə çevirilməsi ilə bağlı sosial şəbəkələrdə olan məlumatlar yanlışdır".
Qurum vətəndaşları dövlət özəlləşdirmə çeklərinin yenidən istifadə olunacağı ilə bağlı yayılan şayiələrə inanmamağa çağırır.
Qeyd edək ki, sosial şəbəkələrdə dövlət özəlləşdirmə çeklərinin əvəzində vətəndaşlara 20 min manat pul vəsaitinin veriləcəyini barədə məlumatları əks etdirən video çəkiliş yayılıb. Sözügedən videoda bir qrup insanın həmin vəsaiti almaq üçün Bakı İnzibati Məhkəməsinin ətrafına toplaşdığı öz əksini tapıb.