4 ayda 3,5 milyard kubmetrə yaxın təbii qaz qəbul olunub -FOTO
20 may 2022 16:35 (UTC +04:00)

4 ayda 3,5 milyard kubmetrə yaxın təbii qaz qəbul olunub -FOTO

"Cari ilin dörd ayı ərzində 3 milyard 498 milyon kubmetr təbii qaz qəbul olunub. Bunun 2 milyard 103 milyon kubmetri əhali sektoru, 1 milyard 395 milyon kubmetri qeyri-əhali sektoru üzrə olub. O cümlədən, sənayə və kommersiya müəssisələri üzrə 1 milyard 123 milyon kubmetr, kommunal büdcə və təşkilatlar üzrə isə 272 milyon kubmetr təbii qaz qəbul edilib".

Lent.az xəbər verir ki, bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov "Açıq qapı" aksiyasında deyib. Media və QHT nümayəndələri ilə keçirilən görüşdə qurum rəsmisi istehlak edilmiş təbii qazın həcminin manat ifadəsində 576 milyon manat, satılan qazın ödənişinin isə 99,2% təşkil etdiyini qeyd edib. Birlik rəsmisi əhali sektoru üzrə yığımlarda problemin yaşanmadığını qeyd edib: "Abonentlərə təşəkkür edirik, onlar müqavilə şərtlərinə uyğun olaraq ödəniş həyata keçirirlər. Qurum üçün heç bir problem yaratmırlar” – deyə o, bildirib.

Media nümayəndəsi Bakıətrafı qəsəbələrdə sonradan inşa edilən fərdi yaşayış evlərinin, yəni, yeni yaşayış massivlərinin hansı yolla qazlaşdırılmasının mümkün olması ilə bağlı ünvanladığı sualını Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev cavablandırıb. Şöbə rəisi qazlaşma işlərinin əvvəllər dövlət tərəfindən ayrılan maliyyə vəsaiti hesabına icra olunduğunu, 2021-ci ildən isə bu işlərin SOCAR “Azəriqaz” İstehsalat Birliyinin daxili imkanları hesabına həyata keçirildiyini qeyd edib. Onun sözlərinə görə, bu məsələdə mərhələlilik prinsipi qorunmalıdır. “Layihələndirilmiş və nəzərdə tutulmuş xeyli sayda yeni yaşayış massivləri var. Bu səbəbdən də vətəndaşlar mərhələli şəkildə qazlaşdırılma işlərini gözləməlidir. Əgər vətəndaş hansısa bir səbəbdən bu prosesi gözləmək istəmirsə, o zaman fərdi qazlaşma üsulu ilə həmin ərazinin qazlaşdırılmasını həyata keçirə bilər” – deyə, şöbə rəisi əlavə edib.    

Mətbuat nümayəndəsi sahibkarların mövcud vəziyyətlə bağlı istehlak etdikləri təbii qaza görə yaranan debitor borcu ödəyə bilmədiklərini, belə olan halda isə təbii qaz təminatının dayandırılmasının onlar tərəfindən narazılıqla qarşılandığını qeyd edib. Birliyin Hüquq Departamentinin rəisi Vüqar Eyvazov məsələ ilə bağlı açıqlama verərək bildirib ki, sahibkarların "Azəriqaz" İB ilə görüşlərdə qaldırdıqları əsas problem debitor borcları ilə bağlıdır. Onun sözlərinə görə, bəzi sahibkarlar ödənişi vaxtında etməkdə çətinlik çəkirlər: "Biz çalışırıq ki, onlara kömək edək. Müəyyən vaxt ərzində ödəyəcəklərinə dair öhdəlik götürürlər. Təəssüf ki, bəzən öhdəliyi də vaxtında yerinə yetirə bilmirlər".

Departament rəisi hər bir halda dövlət müəssisəsinin marağını gözləmək şərti ilə belə vəziyyətlərdə çıxış yolunun tapılmasına səy göstərildiyini də əlavə edib.

# 1728
avatar

Oxşar yazılar