Rövnəq Abdullayev Metyu Brayzanı qəbul edib
10 mart 2011 18:39 (UTC +04:00)

Rövnəq Abdullayev Metyu Brayzanı qəbul edib

ARDNŞ-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, görüş zamanı «Azəri-Çıraq-Günəşli», «Şahdəniz» kimi mühüm layihələrin gedişində əldə olunan son nailiyyətlər barədə qonağa məlumat verən R.Abdullayev ötən ilin yekunlarına toxunarkən «Ümid» qaz-kondensat yatağının kəşf olunmasını xüsusi vurğulayıb.

Azərbaycanın «Cənub Enerji Dəhlizi» layihəsinə dəstək verdiyini nəzərə çatdıran ARDNŞ prezidenti istər «Şahdəniz» yatağının işlənməsinin ikinci mərhələsi, istərsə də «Abşeron» və «Ümid» layihələri çərçivəsində görülən işlərdən ətraflı söz açıb.

ABŞ şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdəki rolunu yüksək qiymətləndirən R.Abdullayev bu əməkdaşlığın davam etdirilməsi üçün imkanların böyük olduğunu söyləyib.

Öz növbəsində fəaliyyətinin son illər Azərbaycanla bağlı olduğunu deyən M.Brayza Azərbaycanda işləməyin onun üçün həmişə xoş olduğunu vurğulayaraq, səfir qismində də ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. O, regional və qlobal miqyaslı enerji layihələrinin həyata keçirilməsində Azərbaycanın rolunu yüksək qiymətləndirib.

M.Brayza Azərbaycanın neft sektorunda çalışan Amerika şirkətlərinin ARDNŞ haqda həmişə yüksək fikirdə olduğunu bildirib, bu sahədə əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu qeyd edib, bu əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini vurğulayıb. O, Azərbaycanın enerji sektorunda həyata keçirilən layihələrin bu əməkdaşlığın genişlənməsi və dərinləşməsi üçün böyük perspektivlər açdığını deyib.

Görüş zamanı R.Abdullayev M.Brayzaya «Əsrin Müqaviləsi-15» yubiley medalını təqdim edib.

Qeyd edək ki, görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
# 568

Oxşar yazılar