Neftin qiyməti 250 dollar ola bilər
09 mart 2011 16:55 (UTC +04:00)

Neftin qiyməti 250 dollar ola bilər

«Frans-Press» agentliyinin «The Times» qəzetinə istinadən yaydığı məlumata görə, bunu Britaniyanın beynəlxalq inkişaf işləri üzrə naziri Alan Dunkan bildirib. «APA-ECONOMICS»in məlumatına görə, 30 il ərzində Fars körfəzində, o cümlədən «Royal Dutch Shell» neft şirkətində çalışmış A.Dunkan neftin qiymətinin 200 dollara çata biləcəyini bildirir: «Əgər ekstremistlər qeyri-sabit vəziyyətdən neft tankerlərinə, boru kəmərlərinə və ya Səudiyyə Ərəbistanının neft ehtiyatlarına zərbə vurmaq üçün istifadə etsələr, neft 250 dollara qədər də bahalaşa bilər».


Qeyd edək ki, neftin qiymətinin artmasına səbəb ərəb ölkələrində baş verən kütləvi etiraz aksiyaları, eləcə də Liviyadakı vətəndaş müharibəsidir. Doğrudur, Səudiyyə Ərəbistanı Liviyadakı hadisələrin neftin qiymətinə təsirini azaltmaq üçün neft hasilatını artırıb. Bununla yanaşı, mütəxəssislər bildirir ki, Liviya neftindən fərqli olaraq, Səudiyyə Ərəbistanı neftinin tərkibində kükürdün miqdarı daha çox olduğuna görə, onun emal xərcləri daha yüksəkdir. Bu isə neftin qiymətinin artmasına səbəb ola bilər. Neftin qiymətinin artması ən çox ABŞ-ı narahat edir. Neftin bahalaşdığı hər 1 dollar ABŞ-da avtomobil benzininin qiymətini 2,5 sent artırır. Bu isə istehlakçıların əlavə 2,5 mlrd. dollar ziyana düşməsi deməkdir.


Neftin bahalaşması inkişaf etməkdə olan ölkələri də narahat etməkdədir. «Royal Bank of Scotland»ın Asiya üzrə regional strategiyasının rəhbəri Emil Volter bildirib ki, neftin 120 dollaradək bahalaşıb, bu həddə möhkəmlənməsi Asiyanın məcmu ÜDM-ni 1,5% azaldacaq. Hindistanın maliyyə naziri Pranab Mukerci isə bildirib ki, Yaxın Şərqdəki hadisələr nəticəsində neftin bahalaşması Hindistanın siyasəti üçün «ciddi nəticələrə səbəb ola bilər».


Ərəb ölkələrində baş verənlər dünyanın ən böyük neft idxalçılarından olan Çini də ehtiyat tədbirlər görməyə vadar edib. Rəsmi Pekin ölkənin Şimal-Şərq limanlarında neft dolu tankerlərdən ibarət strateji ehtiyatlar yaratmağa hazırlaşır. «China Daily» qəzetinin məlumatına görə, bu işlər 2015-ci ilədək başa çatdırılmalıdır. Tankerlərin neftlə doldurulmasına isə qiymətlərin məqbul həddə düşməsindən sonra başlanacaq. Ümumilikdə, Çinin 169 mln. barellik neft ehtiyatı yaradacağı gözlənilir.
# 650

Oxşar yazılar