Torpaq sahələrinin qiyməti düşür
05 mart 2011 17:17 (UTC +04:00)

Torpaq sahələrinin qiyməti düşür

«Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən «APA-ECONOMICS»ə verilən məlumata görə, köhnə yaşayış evlərinin sökülməsi tendensiyası zəif olaraq qalıb.

Boş torpaqlarda tikilən fərdi yaşayış evlərinin sərhədi şəhərin kənarına və şəhərətrafı ərazilərə doğru genişlənməkdə davam etsə də, tikintinin tempində mövsümlə bağlı durğunluq müşahidə olunub. Aparılan söküntü işləri zamanı dövlət tərəfindən sosial obyektlərin tikintisinə, yolların salınmasına və genişləndirilməsinə daha çox rast gəlinib. Regionların sosial-iqtisadi inkişaf proqramı ilə bağlı bu tendensiya daha da dərinləşməkdə, infrastruktur tikintisinin coğrafiyası daha çox mərkəzdən kənar ərazilərə doğru genişlənməkdə davam edib.

Ümumilikdə, fevralda bazara təklif olunan ümumi 781,6 ha torpaq sahəsinin 78,1%-ni boş sahələr, qalanını isə qeyri-yaşayış və köhnə yaşayış sahələri təşkil edib. Torpaq bazarına çıxarılan torpaq sahələrinin azalması və şəhərin mərkəzində torpaq sahələrinə tələbin artımı bazarda orta qiymət azalmasının qarşısını ala bilməyib (-0,8%). Torpaq bazarında qiymət indeksi iki aylıq stabillikdən sonra 243,6 həddindən azalaraq 241,6 bəndində qərarlaşıb.

Torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası fevralda tikinti tempinin kəskin azalması hesabına xeyli zəifləyib. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında əvvəlki ayla müqayisədə azalma qeydə alınıb və bazarın bu seqmenti üzrə aktivlik nisbi şəkildə mənfiyə doğru dəyişib.

Aparılan bazar araşdırmaları göstərir ki, şəhərin mərkəzində torpaq sahələrinin həddən artıq məhdudlaşması I zonada tələb və təklifin strukturunun dəyişməsi ilə yanaşı, qiymətlərin artmasına səbəb olub. Söküntü işlərinin azalmasına baxmayaraq, I zonada torpağın bazar qiyməti hələ də real dəyərindən baha olaraq qalmaqdadır.

Bazarda torpağın ekspozisiya müddəti əvvəlki ayla müqayisədə 1,2% artıb.

Fevral ayı ərzində Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə azalma qeydə alınıb. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 14 426 dollar səviyyəsindən 0,8% azalaraq 14 310 dollar təşkil edib. Qiymət azalmasının əsas səbəbi ay ərzində tələbin kəskin azalması ilə bağlı olub.

Qiymətlərin hələ də real dəyərdən yüksək olması torpağın gəlirliyinə ciddi təsir göstərməsə də, bazarın bu seqmentində likvidlik dərəcəsinin düşməsinin qarşısını alıb. Torpaq sahələrinin ekspozisiya müddəti isə əvvəlki ayla müqayisədə artıb. Bütün bunlarla yanaşı, torpaq sahələrinin ipoteka prosesində girov predmeti kimi qəbul olunmaması daşınmaz əmlak subyekti kimi mülkiyyətin bu növünə olan marağın hələ də aşağı olması ilə nəticələnir. Son aylar bazarda baş verən proseslər bazarın bu seqmenti ilə aparılan əməliyyatlarda risk dərəcəsini nisbi azaldıb. Fevralda rayonlar üzrə ən çox qiymət artımı əsasən Qaradağ rayonunda (1,2%) baş verib. Ən çox qiymət azalması isə Sabunçu rayonunda (-1,2%) qeydə alınıb. Bütün bunlarla yanaşı, hazırda torpaq bazarında nisbətən aktiv rayonlar sırasına Binəqədi və Xətai rayonları başçılıq edir. Ən passiv rayon isə Nərimanov rayonudur.

Fevralda torpaq bazarına təklif olunan ən bahalı torpaq sahəsi 230 min dollar/sot Nəsimi (Nəsimi bazarı yaxınlığı) rayonunda, ən ucuz torpaq sahəsi isə 350 dollar/sot Abşeron (Pirəkəşkül qəsəbəsi) rayonunda qeydə alınıb.
# 1309

Oxşar yazılar