Rusiyadakı milyarderlərin arasında 4 azərbaycanlı
14 fevral 2011 13:19 (UTC +04:00)

Rusiyadakı milyarderlərin arasında 4 azərbaycanlı

APA-ECONOMICS”in xəbərinə görə, “Finans” jurnalı tərəfindən tərtib olunan reytinq cədvəlində 114 milyarderin adı yer alıb.

Siyahıya ötən il olduğu kimi, reytinqə bu il də Novolipetsk Metallurgiya Kombinatının Direktorlar Şurasının sədri Vladimir Lisin başçılıq edir. Onun sərvəti son bir il ərzində 18,8 mlrd. dollardan 28,3 mlrd. dollara qalxıb.


İkinci yerin sahibi də dəyişməyib - “Oneksim Qrup”un rəhbəri Mixail Proxorov. O, varidatını 17,85 mlrd. dollardan 22,7 mlrd. dollara qədər artıra bilib.
“Finans” jurnalının 2004-cü ildən tərtib etdiyi reytinqdə “Çelsi” futbol klubunun sahibi Roman Abramoviç ilk dəfə olaraq ilk üçlükdə yer almayıb. Sərvəti ötən il olduğu kimi, 17,1 mlrd. dollar təşkil edən R.Abramoviç iki pillə geriləyərək 5-ci yerlə kifayətlənməli olub.


Üçüncü pillədə “Metalloinvest”in banisi Alişer Usmanov qərarlaşıb - 19,9 mlrd. dollar. Ötən il o, 12,4 mlrd. dollarla 7-ci olub.
R.Abramoviçi qabaqlayan digər şəxs isə siyahıda iki pillə irəliləyən “Bazovıy element”in baş direktoru Oleq Deripaskadır - 19 mlrd. dollar (13,8 mlrd. dollar).


Reytinqin ilk onluğunu “LUKoil” şirkətinin prezidenti, azərbaycanlı Vahid Ələkbərov tamamlayıb. O, ötən illə müqayisədə sərvətini 10,65 mlrd. dollardan 10,9 mlrd. dollara yüksəltsə də, iki pillə geriləyib.


V.Ələkbərovdan başqa, siyahıda daha üç azərbaycanlının adı yer alıb. Bunlar “Crocus Group”un sahibi Araz Ağalarov, “Nortqaz” şirkətinin sahibi Fərhad Əhmədov və AST Şirkətlər Qrupunun prezidenti Telman İsmayılovdur.

A.Ağalarov 28 pillə irəliləyərək sərvətini 700 mln. dollardan 1,5 mlrd. dollara qədər artırıb və 71-ci yerdə qərarlaşıb.

F.Əhmədov 27 pillə geriləyib. Buna səbəb varidatının 1,7 mlrd. dollardan 1,4 mlrd. dollara qədər azalmasıdır.

T.İsmayılov isə sərvətini 860 mln. dollardan 1,1 mlrd. dollara qədər artıra bilsə də, 10 pillə geriləyib və Rusiyanın 97-ci milyarderi olub.

Qeyd edək ki, Rusiyada milyarderlərin sayı 2008-ci ildə 101, 2009-cu ildə 49, 2010-cu ildə isə 77 nəfər olub.
# 596

Oxşar yazılar