MSŞT  Koalisiyası “Qızıl araşdırma” aparır
03 fevral 2011 18:13 (UTC +04:00)

MSŞT Koalisiyası “Qızıl araşdırma” aparır

Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyası icra etdiyi layihə çərçivəsində qızıl hasilatı sənayesində şəffaflığın səviyyəsini araşdırır.

MSŞT Koalisiyasının Şura üzvü Sevil Yüzbaşova Lent.az-a bildirib ki, indiyədək
“Qızıl hasilatı sənayesində şəffaflıq təşəbbüsünün tətbiqinin ilkin mərhələsinin monitorinqi və digər qeyri neft-qaz sənayesinin MHŞT-yə qoşulması məsələsinə dair vəkillik” istiqaməti üzrə bir sıra tədqiqat işləri aparılıb: “Biz əsasən Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünün icrası çərçivəsində hökumətin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmalar barədə açıqladığı sayca 12–ci hesabat üzrə tədqiqat aparmışıq. İlk dəfə olaraq bu hesabatlarda qızıl və gümüş hasilatı sahəsində fəaliyyət göstərən yeganə şirkətin - “Azerbaijan International Mining Company”nin də məlumatları öz əksini tapıb”.

Sevil Yüzbaşova bildirib ki, bu şirkət “Gədəbəy” yatağının işləndiyi 1 il ərzində 1,05 min kiloqram qızıl istehsal edib. Belə ki, 2010-cu ildə "Gədəbəy" qızıl yatağından 67267 unsiya qızıl istehsal olunub. Bu isə proqnozlaşdırıldığından 7267 unsiya çoxdur. Onun sözlərinə görə, layihə işi çərçivəsində dünyada ən böyük qızıl istehsal edən və qızıl ehtiyatlarının yarısına malik olan ölkələr haqqında məlumatlar toplanıb və xarici təcrübə əsasında müəyyən təhlillər aparılıb.

Qızıl sənayesi sahəsində yeni texnologiyalar barədə məlumatlar toplandığını deyən Sevil Yüzbaşova deyib ki, bütün köklü yataqlardan çıxarılan qızılın emal olunması texnologiyalarında iqtisadi və ekoloji cəhətdən çatışmazlıqlar mövcuddur: “Bu gün problemin həlli üçün mühüm olan əsas məsələ mərkəzdənqaçma konsentratlarla işləyən avadanlığın və texnologiyanın işlənib hazırlanmasıdır”.

MHŞT nümayəndəsi qızıl hasilatı sənayesindəki vəziyyətə dair xüsusi veriliş hazırlanacağını da bildirib.

Elxan SALAHOV
# 630

Oxşar yazılar