Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi qaydaları təsdiqləndi
15 oktyabr 2012 09:49 (UTC +04:00)

Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi qaydaları təsdiqləndi

Nazirlər Kabineti “Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi qaydaları”nı təsdiq edib.

Lent.az-ın verdiyi məlumata görə, bu qaydalar Gömrük Məcəlləsinin malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müəyyən edir.

Təkrar idxal ixrac olunmuş malların ixrac edildiyi vaxtdan 3 (üç) il ərzində eyni vəziyyətdə, yəni, xarici ölkədə heç bir emala məruz qalmadan gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda, onların idxal gömrük rüsumlarından və vergilərdən tamamilə azad edilməklə və ticarət siyasəti tədbirləri tətbiq edilmədən, sərbəst dövriyyəyə buraxılışıdır. Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə onların ixracı zamanı geri qaytarılması ehtimalı barədə gömrük orqanlarına bildirilib-bildirilməməsindən asılı olmayaraq icazə verilir.

Təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi üçün mallar aşağıdakı şərtlərə cavab verməlidir:

- Azərbaycan Respublikasının ərazisindən ixrac olunan daxili mallar olmalıdır;

- mallar ixrac edildiyi andan 3 (üç) il müddətində gömrük ərazisinə qaytarılmalıdır;

- təbii aşınma nəticəsində dəyişikliklər, normal şəraitdə daşınma və saxlanc itkiləri, həmçinin bu qaydaların 2.7-ci bəndi ilə müəyyən edilən digər hallar istisna edilməklə, mallar aparıldığı vəziyyətdə olmalıdır.

- İxrac olunmuş malların gətirilmə tarixi gömrük rəsmiləşdirilməsi üçün tələb olunan sənədlərin qəbul olunduğu gündən hesablanmalıdır.

- Təbii aşınma nəticəsində dəyişikliklər, normal şəraitdə daşınma və saxlanc itkiləri standartlarla və həmin kateqoriya mallara aid normativ aktlarla müəyyən edilməlidir.

- Azərbaycan Respublikasının ərazisindən ixrac olunaraq aparılmış mallar təkrar idxal gömrük proseduru altında yerləşdirilərkən malların eyniləşdirilməsi, onların aparılma vaxtı və faktı, eləcə də həmin malların daxili mallar olması gömrük orqanının vəzifəli şəxsinə sübut edilməlidir. Göstərilən halların sübut edilməsi bəyannaməçiyə həvalə olunur.

Azərbaycan Respublikasının hüdudlarından kənarda mallardan istifadə edilməsi həmin malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə mane ola bilməz. Malların təkrar idxalı zamanı gömrük orqanları malların geriyə gətirilməsinin onları aparmış şəxs tərəfindən deyil, malların təkrar idxalına müvafiq səlahiyyətə malik olan və malların eyniləşdirilməsini sübut və dəlillərlə təmin edə bilən başqa şəxs tərəfindən həyata keçirilməsinə icazə verirlər. Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqda, malların saxlanmasını təmin etmək üçün kiçik təmir və sahmana salma işləri daxil olmaqla, digər əməliyyatlar da aparıla bilər. Belə əməliyyatlar nəticəsində həmin malların dəyəri aparılma anında müəyyən edilmiş dəyərindən artıq olmamalıdır.

Malların aparılması və gətirilməsi zamanı dəyər münasibətləri milli valyuta əsasında müəyyən edilir. Müqavilədə və ya digər sənədlərdə istənilən başqa valyutada göstərilən dəyərin hesablanması, Mərkəzi Bankı tərəfindən həmin günə müəyyən edilmiş rəsmi məzənnəyə uyğun milli valyuta ilə həyata keçirilir. Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə nəzarətin təmin edilməsi məqsədi ilə gömrük orqanlarının təkrar idxal olunan malların gömrük ərazisindən aparıldığı gömrük orqanına təqdim olunmasını tələb etmək hüququ vardır. Sərbəst dövriyyədə olmuş və ya daxildə emal edilmiş mallar da təkrar idxal gömrük proseduru altında yerləşdirilə bilər.

Təkrar idxal olunan malların gömrük rəsmiləşdirilməsi idxalçının və yaxud onun struktur bölməsinin fəaliyyət zonasında yerləşən gömrük orqanlarında həyata keçirilir. Mallar təkrar idxal gömrük proseduru altında yerləşdirildikdə, bəyannaməçi gömrük orqanlarına aşağıdakı sənədləri təqdim etməlidir:

- bu qaydaların əlavəsi ilə müəyyən olunmuş formada müraciət ərizəsi və gömrük bəyannaməsi;

- təkrar idxal olunan mallara tələb olunduqda qanunvericilikdə nəzərdə tutulmuş dövlət orqanlarının icazəsi;

- təkrar idxal olunan malların ixrac zamanı rəsmiləşdirildiyi gömrük bəyannaməsinin nüsxəsi.

Təsdiqedici məlumatlar və ya sənədlər olmadığı təqdirdə, malların təkrar idxal proseduru altında yerləşdirilməsinə icazə verilmir.

Nazirlər Kabineti digər qərarı ilə “Ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük orqanının icazəsinin verilməsi qaydaları”nı da təsdiq edib. Gömrük orqanları tərəfindən icazə şəxslər tərəfindən aşağıdakı şərtlərə əməl edildikdə verilir:

- icazənin verilməsi üçün əsaslandırılmış müraciət təqdim olunduqda;

- gömrük nəzarətinin həyata keçirilməsi üçün zəruri imkanlar yaradıldıqda;

- həmin icazənin verilməsi üçün müəyyən edilmiş bütün tələblər yerinə yetirildikdə.

Gömrük orqanı tərəfindən icazə şifahi, kağız üzərində yazılı və ya elektron formalarda verilir. Malların Gömrük Məcəlləsi ilə müəyyən edilmiş gömrük proseduru altında yerləşdirilməsi üçün icazənin verilməsi tələb olunduqda, həmin icazənin verilməsi bu prosedura dair qaydalar əsasında tənzimlənir. Ayrı-ayrı gömrük əməliyyatının və gömrük prosedurunun aparılması ilə bağlı icazənin alınması üçün şəxs tərəfindən şifahi, kağız üzərində yazılı və ya elektron formada gömrük orqanına müraciət edilir. İcazənin alınması üçün mallara dair səlahiyyəti olan şəxs və ya bəyannaməçi müraciət edə bilər.

Gömrük Məcəlləsinə əsasən ayrı-ayrı gömrük əməliyyatı və gömrük prosedurunun aparılması ilə bağlı gömrük orqanının icazəsi tələb olunduğu hallarda şəxs tərəfindən əvvəlcədən gömrük orqanına müraciət edilir. İcazə onun alınması üçün müəyyən edilmiş şərtlərin yerinə yetirilməsindən dərhal sonra verilməlidir. Yazılı icazənin alınması üçün müraciət edildikdə, gömrük orqanı tərəfindən müraciətə daxil olduğu tarixdən 3 (üç) iş günü müddətində baxılır və şəxsə kağız üzərində yazılı və ya elektron formalarda icazə verilir. Yazılı icazənin alınması üçün təqdim edilən sənədlərdə gömrük məqsədləri üçün kifayət qədər məlumat olduqda, gömrük orqanı tərəfindən əməliyyatın xüsusiyyətindən asılı olaraq həmin əməliyyatın həyata keçirilməsi üçün müvafiq qeydiyyat aparılaraq icazə verilir. Gömrük Məcəlləsinin tələblərinin yerinə yetirilməməsi barədə əsas olduqda, icazənin verilməsindən imtina edilir və bu barədə şəxsə əsaslandırılmış səbəb göstərilməklə kağız üzərində yazılı və ya elektron formalarda məlumat verilir. İcazənin müddəti əməliyyatın faktiki başa çatması müddəti ilə tamamlanır. Gömrük icazəsini ayrı-ayrı hallarda gömrük bəyannaməsi və ya digər mal müşayiət sənədləri də əvəz edə bilər.
# 910

Oxşar yazılar