“Kəhriz-2008”-də içməli su istehsalı dayandırıldı
18 sentyabr 2012 16:33 (UTC +04:00)

“Kəhriz-2008”-də içməli su istehsalı dayandırıldı

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3282-ci məhəllədə “Kəhriz-2008” MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı içməli suların müvafiq texnoloji təlimat olmadan istehsal edildiyi, suların saxlama müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunduğu, habelə müəssisədə istehsal edilən suların laborator müayinəsi aparılmadan satıldığı müəyyənləşdirilib.


İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisənin anbarında aşkar edilmiş satışa hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən suların tərkibində mezofil-aerob və fakultativ-anaerob mikroorqanizmlərinin sayının normadan çox olduğu, eləcə də bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliform) olduğu aşkar edilib. Bununla əlaqədar, su istehsalı və satışının dayandırılması, müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması, habelə insan istifadəsi üçün yararsız 722 litr suyun məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən “Kəhriz-2008” MMC-yə icrası məcburi göstəriş verilib. Göstərişin icrası ilə əlaqədar olaraq, istifadə üçün yararsız 722 litr sərinləşdirici içki Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericiliyə müvafiq qaydada məhv edilib.
# 1630

Oxşar yazılar