Bakıda metal istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb
09 avqust 2012 13:21 (UTC +04:00)

Bakıda metal istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Lent.az-ın məlumatına görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin müəssisədə apardığı yoxlamalar zamanı bəzi nöqsanlar aşkar edilib.

Dövlət Xidmətinin şöbə müdiri Mahir Yusifov jurnalistlərə açıqlamasında bildirib ki, müəssisədə məhsullar laborator müayinədən keçmir: “Xammaldan nümunə götürülməlidir. Burda isə bu proses baş vermir. Müəssisədə lazımi avadanlıq, laboratoriya yoxdur”.

M.Yusifovun sözlərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən metallar sertifikasiyaya getməlidir: “Müəssisənin şəraiti standartlara cavab vermədiyinə görə, istehsal olunan metalın kimyəvi tərkibi məlum deyil. Kim zəmanət verə bilər ki, bu məhsullardan inşaat sahəsində istifadə edilməyəcək?”

Dövlət Xidmətinin şöbə müdiri onu da vurğulayıb ki, qanuna müvafiq olaraq tədbirlər görüləcək: “Analizlər götürülüb. Onun nəticəsinə uyğun qərar qəbul olunacaq”.

Şirkət rəhbəri Mirəsəd Seyidov deyilən iradlarla qismən razı olduğunu bildirib: “Müəssisə dəmir zolaqların istehsalı ilə məşğuldur. Bunların laboratoriyadan keçməsi o qədər önəmli deyil. Armatur istehsal etsəydik, laboratoriyaya ehtiyac olardı. Bizim məhsullar tikintidə istifadə olunmur”. Müəssisə direktorunun sözlərinə görə, müəssisədə laboratoriya qurulacaq.

Anar Məcidzadə
# 785

Oxşar yazılar