İctimai yerlərdə dilin qorunması ilə bağlı müzakirələr aparılıb
14 dekabr 2012 18:22 (UTC +04:00)

İctimai yerlərdə dilin qorunması ilə bağlı müzakirələr aparılıb

AMEA Nəsimi adına Dilçilik İnstitutu və Humanitar və İctimai Elmlər Bölməsinin (HİEB) birgə təşkilatçılığı ilə “Ölkədə dil situasiyası” mövzusunda elmi konfrans keçirilib. Bu barədə Lent.az-a AMEA-dan məlumat verilib. Konfransda ali və orta məktəblərdə Azərbaycan dilinin daha dərindən öyrənilməsi, ailə, idarə və digər ictimai yerlərdə dilin qorunması məsələləri müzakirə edilib.

Tədbirdə AMEA-nın müxbir üzvü Kamal Abdullayev prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncamının əhəmiyyətindən və bu mühüm sənədin icrasını həyata keçirmək məqsədi ilə yaradılmış AMEA-nın işçi qrupunun fəaliyyətindən söz açıb.

K.Abdullayev dövlət başçısının Azərbaycan dilinin və dilçiliyinin inkişafı ilə bağlı sərəncamının əhəmiyyətini vurğulayaraq burada, həmçinin tərcümə fəaliyyətinin, terminologiyanın inkişafına da diqqət yetirildiyini qeyd etdi. İşçi qrupu tərəfindən müəyyən işlərin görüldüyü, müxtəlif görüşlərin keçirildiyi, irəli sürülən təkliflərin nəzərə alındığı bildirilib.

Tədbirdə həmçinin “İkidillilik və arqolar”, “Dil situasiyasının tipologiyası”, “Azərbaycan dili qloballaşma şəraitində”, “Mətbuatın ədəbi dilin inkişafında rolu”, “Çağdaş dövrdə Azərbaycan dili” və digər mövzularda, ümumilikdə, 10 məruzə də dinlənilərək müzakirə edilib və bir sıra təkliflər irəli sürülüb.
 

# 585
avatar

Oxşar yazılar