Bakıda “Qalatasaray” mağazasının açılışında insident: hadisə yerinə polis gəldi
13 dekabr 2012 16:18 (UTC +04:00)

Bakıda “Qalatasaray” mağazasının açılışında insident: hadisə yerinə polis gəldi

Dekabrın 13-də Bakıda keçirilən Türkiyənin “Qalatasaray” futbol klubuna məxsus mağazanın  açılış mərasimində insident baş verib.
Lent.az-ın verdiyi məlumata görə, tədbirin keçirildiyi “Azadlıq” prospektindəki beşmərtəbəli binanın birinci mərtəbəsindəki mağaza önünə toplaşan azarkeşlər “Qalatasaray” lehinə müxtəlif şüarlar səsləndirib, sevgilərini təzahür etdirməyə çalışıblar.

Bu zaman bina sakinlərindən biri onlara yaxınlaşaraq sakitliyə riayət etmələrini istəyib. Həmin şəxs  deyib ki, “evdən zəng vuraraq məni işdən bura çağırıblar, evdə xəstə var, deyirlər ki, görün nə səs-küy var, mənə buranın müdiri lazımdır”.

Azarkeşlər isə sakitləşmək əvəzinə “Qısqananlar çatlasın!” deyərək qışqırmağa başlayıblar. Cəhdlərinin nəticə vermədiyini görən bina sakini “Neftçi” udanda heç belə qışqırmırsınız!” deyərək azarkeşlərə irad tutub və tədbirin keçirildiyi məkandan uzaqlaşıb.

Qeyd edək ki, bina sakinin gedişindən sonra da azarkeşlər yenə də səs-küylərini davam etdiriblər. Əraziyə polis post-patrul maşını ilə bir neçə polis gəlib, tədbirə nəzarət etməyə başlayıblar.  

Elşən Məmmədov

# 2057
avatar

Oxşar yazılar