Azərbaycanda yeni totalizator
14 dekabr 2012 15:11 (UTC +04:00)

Azərbaycanda yeni totalizator

Azərbaycanda at yarışlarında cıdır-şans totalizator oyunlarının təşkilinə başlanılıb. Lent.az-ın məlumatına görə, bu oyunların Nazirlər Kabinetinin 2011-ci il 12 avqust tarixli 134 saylı qərarı ilə təsdiqlənmiş “Cıdır-şans (totalizator) oyunlarının təşkili və keçirilməsi qaydaları”na uyğun keçirilməsi nəzərdə tutulub.

Bununla əlaqədar müvafiq qaydada akreditə edilmiş “Azintot” MMC at yarışları üzrə idman-mərc oyunlarının yüksək tələblərə cavab verən səviyyədə keçirilməsi məqsədilə İngiltərənin “Race and Tote Services İnternational LTD” şirkəti ilə geniş əməkdaşlıq edir və şirkət burada texniki dəstək, servis işləri aparır.

Oyunlar  Azərbaycanda və ölkə xaricində keçirilən at yarışlarının nəticələrinin əvvəlcədən proqnoz edilməsinə əsaslanmaqla iştirakçılar arasında nəticəni düzgün təxmin edənlərə pul mükafatı (uduş) qazandırır. Oyunların keçirilməsi üçün “Mərkəzi mərc sistemi”ni və həmin sistemlə əlaqəli olan xüsusi terminallarda təmin olunmuş agentliklər şəbəkəsi yaradılır. “Mərkəzi mərc sistemi” bütün agentlərdən daxil olan məlumatların ümumiləşdirildiyi, yüksək məlumat işləmə imkanına malik server, computer, proqram təminatı və kommunikasiya avadanlıqlarından ibarət, həftədə 7 gün, gündə 24 saat fəaliyyət göstərən bir sistemdir. Sistem daxilində agentlərə mərc oyunlarında telefon vasitəsilə yaranmış bütün suallara, o cümlədən, texniki məsələlərlə bağlı, cavab almaq üçün 24 saat ərzində Azərbaycan, türk, ingilis və rus dilində çalışan “call center” fəaliyyət göstərir.

Binədə yerləşən Azərbaycan Atçılıq Mərkəzində və ölkəmizin digər ippodromlarında at yarışları zamanı oyunların təşkili, eyni zamanda, xaricdə - ABŞ, Avstraliya, İngiltərə, İrlandiya, Kanada, BƏƏ, CAR və digər ölkələrdə at yarışlarının keçirilməsindən öncə kuponların qəbulu və oyuna iştirak hüququ verən biletlərin terminallar vasitəsilə çap edilərək oyunçulara verilməsi nəzərdə tutulur. Yarışlar televiziya vasitəsilə canlı yayımlanacaq. Türkiyədəki turnirlərdə isə bu, fevraldan tətbiq olunacaq.

Azərbaycan və xaricdə at yarışları barədə oyun iştirakçılarının ətraflı məlumatlandırılması məqsədilə “cidir.az” saytı yaradılıb və burada onlayn rejimində Azərbaycan və xarici vətəndaşlara iştirak imkanı verilir. Əldə olunan vəsaitin ölkəmizdə atçılıq və at idmanı sahəsinin inkişafına yönəldilməsi nəzərdə tutulub.

Elşən MƏMMƏDOV

 

# 942
avatar

Oxşar yazılar