Bu həftə “Real”a baş məşqçi təyin olunacaq Rafael Benites artıq Madridə yola düşüb. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, iyunun 3-də ispaniyalı mütəxəssisin təqdimat mərasimi keçiriləcək.
Maraqlıdı ki, Benites Madridə “Napoli”dəki köməkçiləri ilə birlikdə yollanıb. Belə ki, Neapol klubunda ona yardımçı olmuş Xuan Fransisko Sançes, Xavi Valero, Pako de Migel və Antonio Qomes də hazırda İspaniyadadılar.
Rafael Benites İspaniyada “Real”ın “sükanı arxasına” keçməsi ilə bağlı ilk açıqlamasını da verib: “Çox həyəcanlı və xoşbəxtəm. Düzdü, hələ də müzakirə olunası məqamlar var. Amma xəyallarımın gerçək olmasına az vaxt qalıb”.
Qeyd edək ki, “Napoli” A seriyasının son turunda “Latsio”ya məğlub olaraq (2:4) Çempionlar Liqasına vəsiqə qazanmaq şansını əldən verib. Bu, Benitesin Neapol klubunda son oyunu idi.