“Bizi ağır oyunlar gözləyir” - MÜSAHİBƏ
30 dekabr 2012 12:55 (UTC +04:00)

“Bizi ağır oyunlar gözləyir” - MÜSAHİBƏ

Ramiz Məmmədov: “Hansı futbolçularla yolları ayıracağımız klubun prezidenti Tale Heydərovla görüşdən sonra dəqiqləşəcək”

 

 

“Qəbələ” futbol komandasının baş məşqçisi Ramiz Məmmədov klubun qəzetinə müsahibə verib. Lent.az-ın məlumatına görə, Məmmədov “Qəbələ FK”ya müsahibəsində qarşıdakı planlardan danışıb:

 

- “Qəbələ” qış fasiləsinə 28 xalla 5-ci pillədə yollandı. Çempionatın fasiləyə qədər olan dövrünü necə qiymətləndirirsiniz?

 

- Fikrimcə, nəticə qənaətbəxşdir. Təbii ki, daha yuxarı pillələrdə qərarlaşa bilərdik. Hətta deyərdim ki, ilk üçlükdə yer almaq imkanımız var idi. Ancaq müəyyən səbəblərdən buna nail ola bilmədik. Bildiyiniz kimi, “Qəbələ” artıq hücum futbolu nümayiş etdirir. Bu səbəbdən, rəqiblərimiz bizə qarşı əks-hücum taktikası seçir. Şübhəsiz ki, belə məqamlarda uğur qazanmaq bir qədər də çətinləşir. Buna baxmayaraq, mövsümün qalan hissəsində daha yaxşı nəticə qazanacağımıza inanıram.

 

- Maraqlı bir məqama da toxunmaq istərdik. Səfər matçlarını əks etdirən statistikada “Qəbələ” bütün rəqiblərini qabaqlayaraq, birinci pilləni tutur. Komandanın “evdə” zəif, səfərdə isə güclü təsir bağışlamasının səbəbi nədir?

 

- Mən “Qəbələ”yə baş məşqçi təyin olunduqdan sonra evdə 3 oyunu uduzmuşuq. “Turan” və “Simurq”a məğlubiyyətləri hava şəraitinin əlverişsizliyi ilə əlaqələndirərdim. “Bakı” ilə matçda isə sadəcə, bəxtimiz gətirmədi. Rəqib qapısı önündə 9-10 qol vəziyyətimiz oldu. Əlimizə düşən imkanların, heç olmasa, yarısından istifadə etsəydik, hətta böyükhesablı qələbə qazanardıq.

 

- Komandanı tərk edəcək futbolçuların adlarına aydınlıq gəlibmi?

 

- Hələlik yox. Bu haqda “Qəbələ” Futbol Klubunun prezidenti Tale Heydərovla görüşümdən sonra geniş məlumat verə biləcəyəm. Hansı futbolçularla yolları ayıracağımız yalnız klub prezidenti ilə görüşdən sonra dəqiqləşəcək.

 

- Elə isə hansı mövqeləri gücləndirmək istəyirsiniz?

 

- Komandaya pleymeyker və hücumçu lazımdır. Qış “transfer pəncərəsi”ndə bu mövqelərə oyunçu alınmasına çalışacağıq.

 

- Qış fasiləsindən sonra təsnifat mərhələsində 4 güclü rəqibə - “Qarabağ”, “İnter”, “Xəzər Lənkəran” və AZAL-a qarşı çıxış edəcəksiniz. Necə düşünürsünüz, “Qəbələ” bu oyunlarda qənaətbəxş nəticə göstərib, ilk “altılıq”da yerini qoruya biləcəkmi?

 

- Zamanı qabaqlamaq istəmirəm. Ancaq bu başdan deməliyəm ki, bizim məqsədimiz mübarizəni 6 ən güclü klub arasında davam etdirməkdir. Qış fasiləsindən sonra bizi ağır oyunlar gözləyir. İstənilən halda, mövqeyimizi qorumağa və yaxşılaşdırmağa çalışacağıq. Çünki hədəfimiz mükafatçılar sırasına düşüb, avrokuboklara vəsiqə əldə etməkdir.

 

 

- Çempionat oyunlarının stresini, 2012-ci ilin yorğunluğunu özünüz necə çıxaracaqsınız? Yeni ili harada qarşılamağı planlaşdırırsınız?

 

- İnşallah, Yeni il bayramını Bakıda ailəmlə, övladlarımla birgə qeyd edəcəyəm.

 

- Sonda “Qəbələ” azarkeşlərinə ürək sözlərinizi, təbriklərinizi eşitmək istərdik. 2013-cü ildə onlar nəyə ümid edə bilərlər?

 

- “Qəbələ” fanatlarına dəstəyə görə minnətdarlığımı bildirirəm. Onların hər birinə cansağlığı, üzümüzə gələn ildə çoxlu xoş anlar yaşamağı arzulayıram. Çalışacağıq ki, avrokuboklarda iştirak hüququna yiyələnərək, onlara unudulmaz sevinc bəxş edək. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə hamınızı təbrik edirəm, uğurlar diləyirəm!

 

# 686
avatar

Oxşar yazılar