“Atletiko” rəsmisi azərbaycanca danışdı, Manana oxudu
28 dekabr 2012 11:30 (UTC +04:00)

“Atletiko” rəsmisi azərbaycanca danışdı, Manana oxudu

 

“Bakı” klubunun bazasında qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İlə həsr olunmuş şənlik keçirilib. Lent.az-ın məlumatına görə, bazadakı qapalı meydanda tədbirə klubun gənc və yeniyetmə futbolçuları, məşqçilər, klub rəhbərliyinin nümayəndələri qatılıblar.

Fəxri qonaqlar qismində Milli Olimpiya Komitəsinin vitse-prezidenti, güləş üzrə dünya çempionu Xəzər İsayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, AFFA-nın vitse-prezidenti Rauf Əliyev də qatılıblar. Rəsmi hissədə “İdman ili”ndə ölkəmizin London Yay Olimpiya Oyunlarında qazandığı yüksək tarixi nailiyyətlər, 2015-ci ildə Bakıda Avropa Oyunlarının keçirilməsi, 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatının müvəffəqiyyətlə təşkili əhəmiyyətli hadisələr kimi dəyərləndirilib.


İlin hesabatı yekununda “Bakı”nın təlim-məşq bazasının inşasının ikinci mərhələsinin başa çatması, dünya çempionatının təşkilində özünəməxsus rolu, əsas məşq bazası kimi istifadə olunması, “Bakı”nın İspaniya “Atletiko”su və Fransa “Lans”ı ilə əməkdaşlığa başlaması ilin əlamətdar hadisələri sırasına əlavə edilib.

Tədbirə video-konfrans vasitəsi ilə qoşulan “Atletiko”nun İdarə Heyətinin sədri Migel Anxel Hil Marin “Bakı”ya ən xoş sözləri və arzularını çatdırmaqla bərabər, Yeni İl təbrikini azərbaycanca  səsləndirib: “Salam Bakı, yeni iliniz mübarək” deyən Marin, qarşılıqlı əməkdaşlığın Azərbaycan futbolunun inkişafında xüsusi rol oynayacağına əminliyini bildirib. 

2012-ci il ərzində görülən işlər və yadda qalan hadisələrə də nəzər yetirilib. Yarışlarda fərqlənən gənc və yeniyetmə futbolçulara hədiyyələrə təqdim olunub. Gənc futbolçular klubda yaradılan şərait üçün klub prezidenti Hafiz Məmmədova təşəkkür edərək, bundan sonra da daha əzmkarlıqla çalışaraq, klubu milli komandalarımızda ləyaqətlə təmsil edəcəklərinə söz veriblər.

Tədbir sirk nömrələri, Sevda Yəhyayeva, Səlim, “Şeron” qrupu, Manananın çıxışları ilə davam edib. 3 saatlıq əyləncəli proqramın sonunda Yeni İl tortu kəsilib. Klubun baş meneceri Zeynal Məmmədov üzərində Bakının rəmzləri olan tortu kəsərək, uşaqların ixtiyarına verib.    

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 866
avatar

Oxşar yazılar