Premyer Liqada ən güvənilən  futbolçular
06 may 2022 23:15 (UTC +04:00)

Premyer Liqada ən güvənilən futbolçular

Azərbaycan Premyer Liqasının 2021/22 mövsümünün başa çatmasına 13 oyun qalıb.

Lent.az-ın Apasport.az saytına isrtinadla məlumatına görə, çempionat 3 tur və 1 təxirə salınmış matçdan sonra yekunlaşacaq.

Artıq çempionu bəlli olan yarışın qızıl medallarını “Qarabağ” qazanıb. Son turlar gümüş və bürünc mükafatın sahibini müəyyənləşdirməlidir. Həmçinin avrokuboklarda oynayacaq daha iki komanda bilinməlidir. “Qarabağ”ın Çempionlar Liqasında, “Neftçi”nin Konfrans Liqasında çıxış edəcəyi isə artıq dəqiqləşib.

Çempionatın arxada qalan hissəsinə baxsaq, heç bir komandada əvəzolunmaz oyunçu yoxdur. Düzdür, bir neçə tur əvvələ qədər üç belə oyunçu var idi. Lakin Mehdi Cənnətov (“Zirə”) və Camaləddin Xocaniyazovun (“Sumqayıt”) seriyası qırıldıqdan sonra Nicat Mehbalıyev tək qalmışdı. Amma “Qəbələ”nin qapıçısı da XXIV turda kənarda qaldı.

Bütün matçlarda əvəzolunmadan iştirak edən futbolçu olmasa da, komandasının bütün qarşılaşmalarında iştirak edənlər var. Belə oyunçuların sayı altıdır. Premyer Liqanın güvənilənlərinin beşi 25 turun hamısında meydanda olub. Xocaniyazovda isə bu rəqəm 24-dür. Çünki “Sumqayıt”ın təxirə salınan matçı var. Həmin görüş mayın 12-də “Qarabağ”a qarşı olacaq.

Bu “altılıq” hansısa oyunda ya sonradan meydana çıxdığı və ya əvəzləndiyi üçün əvəzolunmaz deyil. Bu siyahıda 4 klub təmsil olunub. Yalnız “Zirə” və “Sumqayıt”ın bütün oyunlarında iki futbolçuya şans verib. “Zirə”də bunlar da legionerlərdir. Söhbət Davit Volkovla Mohammed Hamdauidən gedir. “Sumqayıt”da isə Camaləddin Xocaniyazovla Tellur Mütəllimovdur.

Ümumiyyətlə, bu 6 futbolçudan üçü yerli, üçü legioner statusu daşıyır. Ülvi İsgəndərov və Tellur Mütəllimov “Qəbələ”nin yetirmələridirsə, Emin Mahmudov Rusiya futbolunda yetişib və vətəndaşlığını sonradan dəyişib.

Komandasının bütün oyunlarında iştirak edənlər: 
Emin Mahmudov (Neftçi) - 25
Ülvi İsgəndərov (Qəbələ) - 25
Davit Volkov (Zirə) - 25
Mohamed Hamdaui (Zirə) – 25
Camaladdin Xocaniyazov (Sumqayıt) - 24
Tellur Mütəllimov (Sumqayıt) - 24

12 futbolçu komandasının yalnız bir görüşündə kənarda qalıb. Onlardan onu 25 matç keçirən klubda 24, ikisi isə 24 oyuna çıxan komandasında 23 dəfə meydanda olub. Onların yalnız bir dəfə kənarda qalması cəza və ya zədə ilə bağlıdır.

Belə oyunçuların az qala yarısı – 5-i “Qəbələ”nin üzvüdür. Bu da başadüşüləndir. Kiçik heyətə malik bölgə təmsilçisinin oturuşmuş “11-liy”inin əksər üzvləri daim ilk dəqiqələrdən şans qazanır. “Sabah”da iki belə oyunçu var. 

“Zirə”nin də iki üzvü yalnız bir matçda qəsəbə klubuna kömək etməyib. Amma hazırda bu komandada çıxış edən Coşqun Diniyev də 25 turda 24 oyun keçirib. Lakin yarımmüdafiəçi iki klubun – “Sabah”la “Zirə”də forma geyinib. “Qarabağ”, “Neftçi” və “Sumqayıt”da bir oyunu buraxan bir futbolçu var.

Yalnız bir oyun buraxanlar:
Yusuf Laval (Neftçi) - 24
İsnik Alimi (Qəbələ) - 24
Məqsəd İsayev (Qəbələ) - 24
Murad Musayev (Qəbələ) - 24
Nicat Mehbalıyev (Qəbələ) - 24
Rövlan Muradov (Qəbələ) - 24
Aleksey İsayev (Sabah) - 24
Amin Seydiyev (Sabah) - 24
Mehdi Cənnətov (Zirə) - 24
Qismət Alıyev (Zirə) – 24
Abdullah Zubir (Qarabağ) - 23
Rüfət Abdullazadə (Sumqayıt) - 23
Coşqun Diniyev (Sabah/Zirə) – 24

Meydanda ən çox dəqiqə keçirənlərin siyahısına baxsaq, rekordçular 24 turda əvəz olunmadan iştirak edənlər ön sıradadır. Cəmi bir qarşılaşmanı buraxan belə oyunçuların sayı 5-dir. 2160 dəqiqə oynayan “beşlik”dən dördü “Qəbələ”nin üzvüdür. Yalnız “Sabah”ın milliləşən legioneri Aleksey İsayev bura daxil olmağı bacarıb.

25 oyun keçirənlər arasında ən çox dəqiqə Emin Mahmudovdadır. “Neftçi” kapitansız 92 dəqiqə qalıb.

Ümumilikdə 14 futbolçu 2000 və ya daha çox dəqiqə şans qazanıb. Onlardan altısı “Qəbələ”nin üzvüdür. “Sabah”da üç, “Zirə” və “Sumqayıt”ın hərəsində iki futbolçu “2000”i keçib. “Neftçi”də isə yalnız Emin bura düşüb.

Ən azı 2000 dəqiqə oynayanlar:
İsnik Alimi (Qəbələ) - 2160
Məqsəd İsayev (Qəbələ) - 2160
Murad Musayev (Qəbələ) - 2160
Nicat Mehbalıyev (Qəbələ) - 2160
Aleksey İsayev (Sabah) - 2160
Emin Mahmudov (Neftçi) - 2158
Tellur Mütəllimov (Sumqayıt) - 2119
Mehdi Cənnətov (Zirə) - 2115
Amin Seydiyev (Sabah) - 2102
Mohamed Hamdaui (Zirə) - 2072
Ruan Renato (Qəbələ) - 2069
Rafael Utziq (Qəbələ) - 2057
Elvin Camalov (Sabah) - 2044
Camaladdin Xocaniyazov (Sumqayıt) - 2021

Yalnız bir klubun futbolçuları qeyd olunan siyahıların heç birində yoxdur. Bu da mövsümün gedişində “Keşlə”ni “Şamaxı”ya dəyişən və hər iki halda məkanın adı ilə təmsil olunan klubdur. İndiki “Şamaxı”da Merab Qiqauri, Stanislav Namaşko və Turan Vəlizadə daha çox – hərəyə 22 matç keçirib. Dəqiqə baxımından Namaşko (1960) digərlərini qabaqlayır.

# 2793
avatar

Oxşar yazılar